Elçin Bayramlı
Bu gün dünyada, o cümlədən ölkəmizdə yaranmış internet problemi demək olar ki bütün saytlara girişi bloklaşdırdı və informasiya məkanı boş qaldı. Bu fakt bir daha sübut etdi ki, elektron resurslar etibarlı deyil, çünki onlar maddi substansiya deyil, bir növ havadır və varlığı yalnız virtual şəkildə bir çox faktorlara bağlıdır- elektrikə, yayım stansiyaları və ötürücü kabellərə, internet serverlərə, domen sistemlərinə, elektron qadjetlərə və s. Bunlardan tək birinin olmaması bu virtual medianın 1 saniyə içində yoxa çıxması deməkdir. Üstəlik internet sisteminə nəzarət bizim əlimizdə deyil və heç bir müdaxilə imkanımız yoxdur.
Lakin bizim öz əlimizdə olan ənənəvi və alternativ variant var- çap mediası, yəni qəzetlər və jurnallar. Bunlar maddi substansiyadır və real olaraq mövcuddurlar. Onları heç nə yoxa çıxara bilməz, hətta 100 il sonra belə. Çünki qəzet-jurnal sənəddir, arxivdir və əllə tutulması mümkün olan konkret vasitələrdir.
Elektron media sürətlə informasiya məkanında üstünlüyü ələ aldı. Lakin bu heç də klassik medianin dəyərini azaltmır. Bu gün qlobal informasiya məkanı daha çox elektron medianın üzərində inkişaf etsə də, klassik media öz vacibliyini itirməyib. Çünki bunlar tamam fərqli şeylərdir və tam mənada bir birinin əvəzedicisi ola bilməz.
Problem təkcə texniki problemlərdə də deyil, elektron media jurnalistika sahəsində klassik ənənələri də məhv edir. İnternetin inkişafı media sistemini, formatını, jurnalistlərin iş qaydalarını, hətta deyərdim ki, peşə prinsiplərini tamam dəyişdi. Əlbəttə, bütün ölkələrdə belə deyil. Almaniya, Çin, Fransa, Rusiya, Britaniya kimi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə klassik media hələ də öz dəyərini qoruyub saxlayır.
Azərbaycanda isə qəzet və jurnal alanların sayı kəskin azalıb. Hazırda yazılı mətbuat əsasən dövlət dəstəyi ilə ayaqda qalır. Dövlət əlini çəksəydi, bu sahədə ciddi problem yaranardı. Buna görə dövlətə ən azı təşəkkür düşür. Çünki çap mətbuatının yaşaması vacibdir. Qəzet-jurnallar sadəcə mətbuat deyil, bu, həm də yazılı, sənədli tarixdir. İstənilən vaxt istənilən qəzetin istənilən nömrəsini arxivdən götürüb oradan bəhrələnmək olar. Lakin internet saytlar haqda bunu demək olmaz. Onların bazaları tez-tez itir, silinir məhv olub gedir. Şəxsən mənim internetdə indiyədək minlərlə yazım olduğu halda, axtarış verəndə 100-nü tapmaq olmur. Amma son 30 ildə qəzet və jurnal səhifələrində dərc olunmuş bütün yazılarım öz arxivimdə və dövlət arxivlərində qalır.
Çap mediasının reklam bazarı, abunədən və satışdan gəlirləri çox cüzidir. Ona görə də, indiki şəraitdə dövlətin çap mətbuatına maliyyə dəstəyi verməsi vacibdir. Çünki onların öz gücü ilə fəaliyyət göstərməsi mümkün deyil. Xüsusən də, bizim kimi qəzet-jurnal oxumağı bir zərərli vərdiş kimi tərgidən cəmiyyətdə. Və pulsuz elektron informasiya mənbələrinin çox olduğu bir vaxtda. Çap mətbuatı isə yeganə media növüdür ki, ona pul ödəmək lazımdır. Razılaşın ki, hər gün 50-60 qəpik verib qəzet almağa çoxunun imkanı yoxdur, olan da almır ki, saytlarda pulsuz oxuyuram. Belə bir rəqabətli mühitdə çap mediasının fəaliyyəti üçün böyük maddi texniki baza və maliyyə imkanları olmalıdır. Üstəlik, peşəkar kadrlar lazımdır ki, onlar da aşağı qonorara işləmirlər. Reklam bazarı, normal gəlirləri yoxdur deyə qəzetlər savadlı mütəxəssisləri, peşəkar jurnalistləri cəlb edə bilmirlər. Bununla belə, ən yaxşı jurnalistlər hələ də qəzetlərdədir. Qəzetlər saytlar kimi yalnız xəbər yaymaqla məşğul olmur, jurnalistikanın və publisistikanın bütün janrlarını yaşadırlar, həm də maarifçilik fəaliyyəti göstərirlər. Yalnız operativlikdə elektron mediaya uduzurlar, qalan bütün sahələrdə öndədirlər. Bir sözlə, klassik mətbuatın müsbət və çatışmayan tərəfləri var. Lakin tərəziyə qoysaq, müsbət tərəflər daha ağır gələr.
Elektron mediaya gəldikdə burada hər cür imkanlar var. Sadəcə, bu sahədə anarxik mühit olduğundan vəziyyət birmənalı deyil. Bu medianın müsbət tərəflər aydındır- hər bir faktı, hadisəni əhaliyə daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video əlavə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.
Mənfi tərəflər odur ki, hər cür provakativ reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Hətta ümummilli və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da törətmək mümkündür. Dəfələrlə bunun şahidi olmuşuq. Üstəlik, onlar dövlət və cəmiyyət maraqları üçün yox, oxusu sayı və gəlir əldə etmək prinsipi ilə fəaliyyət göstərirlər.
Bir sözlə, internet media müsbət tərəflərindən daha çox mənfi tərəfləri ilə ortadadır. Əksəri diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə sayt açılıb və xəbər yayırlar. Çoxu 1-2 nəfərdən ibarətdir- o da sayt adminləri. Peşəkarlıq çox aşağı səviyyədə, maddi texniki baza zəif, əhatə dairəsi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına təsir gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma, peşə məsuliyyəti yox. Əlbəttə, istisnalar var.
Bir neçə iri informasiya agentliyi və xəbər portalı var ki, onlarda da vəziyyət qənaətbəxş deyil. Yaydıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimisə danışdırdığı, tədbirlərdən göndərdiyi “o dedi, bu dedi” qəbilindən “eksklüziv” xəbərlərdır. Yaradıcılıq, xəbər axtarışı, problem tapıb ortaya qoymaq, analiz etmək və araşdırmaq payı çox azdır. Jurnalistikanın müxtəlif janrları barədə isə söhbət belə gedə bilməz, sayt mediasında onlar çoxdan ölmüşdür.
Problem fundamental və kompleksdir. Dövlət ciddi mətbuata rahat fəaliyyət üçün hər cür imkan yaratmalı, cəmiyyət isə şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları izləməlidir. İş adamları, şirkətlər çap mediasına reklam verməlidir. Televiziyalar qəzetləri təşviq etməlidir.
Doğrudur, qəzetlərin nəşrini azaltmaq və maddi vəsaitə qənaət etmək olar. Lakin hər bir halda qəzet dərc olunmalıdır- az tirajla, az səhifə ilə, az dövriliklə olsa belə. Paralel olaraq qəzetlər onlayn qəzet formasında da işləyir və işləməlidir. Bu halda qəzetlər bir media məbədi və məktəbi olaraq yaşayar və sıradan çıxmaz.
150 illik tarixi olan çap mediasının yaşaması üçün həm dövlət, həm cəmiyyət öz rolunu oynamalıdır. Əgər hər kəs öz rolunu düzgün aparsa, klassik mediamız yaşayacaq. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.