Elçin Bayramlı
2024-cü ildə Azərbaycanda ilk dəfə narkomaniyaya mübtəla olanların sayı 4967 nəfər olub. Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub. Ümumilikdə 2024-cü ildə Azərbaycanda 40 min 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub. 2023-cü ildə bu rəqəm 36 min 659 nəfər təşkil edirdi.
Narkomaniya ilə yanaşı 2024-cü ildə tibb müəssisələrində 2492 nəfər toksikomaniya, 7738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyata düşüb. Alkoqolizm və alkoqol psixozu ilə xəstəxanaya müraciət edənlərin sayı 2024-cü ildə 9578 nəfər təşkil edib.
Son illərin rəsmi statistikasında qeydiyyatda olan narkomanların sayının ildən-ilə 10-15 faiz artması narkomaniya bəlasının getdikcə kütləviləşməsi deməkdir. Üstəlik, onu da unutmayaq ki, real rəqəm rəsmi statistikada olandan qat-qat yüksəkdir. Narkotik istifadəçilərinin çoxu heç də rəsmi qeydiyyata düşmür. Ya özləri, ya da ailələri bunda maraqlı olmurlar. Rəsmi rəqəm 40 mindir, amma bəzi ekspertlər real sayın 300-400 min civarında olduğunu söyləyirlər. Təsəvvür edin ki, necə ağır, faciəvi bir vəziyyətdir.
Nəticələr həyəcan siqnalı verir. Bəs səbəblər nədən ibarətdir? Gəlin nəzərdən keçirək.
Narkotikə qurşanmada müxtəlif faktorların təsiri var.
1-ci səbəb sosial-iqtisadi vəziyyətdir. Yəni işsizlik, yoxsulluq, evsizlik səbəbindən gənclərin ailə qura bilməməsi, asudə vaxtını səmərəli keçirə bilməməsi, öz bacarıq və istedadlarını reallşaşdırmaq imkanlarına malik olmaması, normal yaşamaq imkanlarından məhrum qalması kimi ağır problemlər onları depressiv, əsəbi vəziyyətə salır. Nəticədə bəziləri vəziyyəti narkotik maddələrlə ötüşdürməyə çalışır, çıxış yolunu belə görür. Bu, alkoqolizmə də aiddir. Bir çoxları həmin problemləri alkoqol vasitəsilə unutmaq istəyir.
2-ci səbəb mənəvi deqradasiyadır. Maddi, sosial imkanları normal, hətta yüksək vəziyyətdə olanlar mənəvi deqradasiyaya uğraya bilərlər. Sadəcə daha çox həzz almaq, daha rəngarəng əyləncələrdə iştirak etmək, onların düşüncəsinə görə, daha müasir görünmək üçün bahalı narkotik vasitələrə üstünlük verirlər. Son vaxtlar kimyəvi narkotiklərdən istifadə çoxalır. Kimyəvi narkotiklər isə narkotik vasitə sayılan bitkilərdən yüz dəfələrlə daha qorxulu, təhlükəli, daha dəhşətlidir. Onlara qurşananların bəlkə heç 1 faizinin də geri dönüşü yoxdur. Bu maddələr insanı dəhşətli dərəcədə zombiləşdirir, vəhşiləşdirir, insanlıqdan çıxarır. Təəssüflər olsun ki, kimyəvi narkotiklərin qara bazardakı qiymətləri də son dərəcə ucuzlaşıb, daha əlçatan olub.
Bu 2 ciddi səbəb– mənəvi deqradasiya və sosial problemlər gənclərimizdə narkomaniyaya meyli çoxaldır. Daxili İşlər Nazirliyi son illər narkomaniyaya qarşı böyük kampaniyalar aparıb. Narkotik maddələrin satışı ilə məşğul olan yüzlərlə şəxs tutulub, tonlarla narkotik maddə ələ keçirilərək məhv edilib. Amma yenə də narkotikdən istifadə azalmır. Çox maraqlıdır, əvvəllər deyirdik narkotiklər xarici ölkələrdən gətirilir. İndi quru sərhədlər bağlıdır, təyyarə ilə də bunu gətirmək mümkün deyil. Belə çıxır ki, çox iri həcmdə narkotik vasitələr ölkənin daxilində hazırlanıb dövriyyəyə buraxılır. Yaxşı olar ki, müvafiq orqanlar bu sahədə mübarizəni daha da gücləndirsinlər, genişləndirsinlər. İri miqyasda kampaniyalar həyata keçirilməlidir.
Narkomaniya insanı məhvə aparan, gələcəyi tar-mar edən qorxunc bir düşməndir. Hətta bir nömrəli düşməndir. Gənclərimizin sağlamlığını, psixologiyasını, gələcəyini, şüurunu sıradan çıxarır. Bununla mübarizə təkcə Daxili İşlər Nazirliyinin işi olmamalıdır. Bütün aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatları, vətəndaş institutları, kütləvi informasiya vasitələri- hamı bu məsələdə səfərbər olmalıdır. Son vaxtlar görürük, bəziləri o qədər harınlaşıb ki, açıq-aşkar narkotik satışı ilə məşğul olur. Uşaqları tora salırlar, bəzən yeniyetmələrə qəsdən əvvəlcə pulsuz təklif edirlər ki, onlarda aludəçilik yaradıb, sonra pulla sata bilsinlər. Əlçatanlıq yüksək, qiymətlər aşağı. Sosial şəbəkələrdə də yetərincə təbliğat da gedir.
Problem 2 istiqamətdə həll olunmalıdır:
1. Gənclərin məşğuliyyəti, asudə vaxtlarının təşkili sistemə salınmalıdır. Sovet dövründə belə idi: yeniyetmələr, gənclər üçün saysız-hesabsız idman, yaradıcılıq kursları, məktəblər, ixtiraçılıq klubları, şahmat, futbol məktəbləri, müxtəlif dərnəklər və başqa sistemlər var idi. İndi onların çoxu məhv olub gedib. Qalanları isə ödənişlidir. Əksər insanların uşaqlarını ora yönəltməyə imkanı çatmır. Nəticədə uşaqlar nəzarətsiz, boş qalırlar. Bununla da müxtəlif mənfi təsirlərə düşürlər. Dövlət yeniyetmələri, gəncləri asudə vaxtlarını sağlam keçirə bilmələri üçün çoxlu sayda ödənişsiz idman, yaradıcılıq, əl işləri mərkəzləri, klubları, dərnəkləri ilə təmin etməli, müxtəlif yarışlar keçirməlidir. Gənclərin təhsil (peşə, orta ixtisas və ali) və işsizlik problemi həll edilməlidir.
2. Müasirlik adı altında zərərli əyləncələrin təbliğatının qarşısı alınmalıdır. Gənclərə davamlı şəkildə “kef elə”, “əylən”, “yalnız özün üçün yaşa”, “fasiləsiz zövq al” kimi subliminal mesajlar ötürülür, belə bir düşüncə təbliğatla şüur altına yeridilir. Bunların qarşısı alınmalıdır, nəzarət güclənməlidir. Narkotik dövriyyəsinə ictimai nəzarət olmalıdır. Məsələn, anonim məlumat vermə sistemi qurulmalıdır. Məlumat alınan kimi təcili tədbir görülməlidir. Dövlət və cəmiyyət olaraq əl-ələ verib bu problemi həll etməsək bizim sağlam cəmiyyətdən, sağlam gələcəkdən danışmağa haqqımız çatmaz.