Həkimlər insanların sağlamlığı keşiyində dayanan, ən çətin, məsuliyyətli, gecəsi-gündüzü olmayan peşə sahibləridir. Biz ağlamlığımızı, bütövlükdə taleyimizi etibar edirik onlara.
Həqiqətən, çətin bir peşədir həkimlik. Çünki insanların sağlamlığıdır onların işinin mahiyyəti. Canlı varlıqlarla təmasdadır onlar. Bir kiçik səhv ilə həyatı tamamlanan, bir məsuliyyətli yanaşma ilə ölümdən xilas edilənlərlədir onların işi.
İnsan amili... İnsan sağlamlığı bütün ağ xalat geyinənlərin fəaliyyətinin prioritetidir. Tək fəaliyyətininmi? Xeyr, insan amili həm də onların hər birinin insanlığa dəyəri, qiymətidir. Çünki bu dəyər olmasa, məsuliyyət olmaz, məsuliyyət olmasa, insanlar sağlamlığını-həyatlarını itirər.
2 oktyabr Beynəlxalq Həkimlər Günüdür. Hər birimizin ümid yeri, şəfa diləyimiz olan həkimlərin günüdür. Gecə-gündüz müraciət etdikdə, hətta evlərinin qapılarını belə üzümüzə açan, nazımızı çəkən, bizə min bir nəvazişlə yanaşan, yeri gələndə əlləri qanımıza bulaşan, yaralarımıza toxunan, lakin bundan heç də narahat olmayan həkimlərin. Həqiqətən də onlar arasında öz peşəsinin əsl sahibi olanlar saysızdır. Belə həkimlərin haqqı hər birimizin üstündə çoxdur.
Onların fədakar əməyi dövlətimiz tərəfindən daim qiymətləndirilir. Həkim və tibb işçiləri yüksək adlara, mükafatlara layiq görülür. Onların daha effektiv işləməsi üçün tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, səhiyyə ocaqlarına yeni tibbi texnologiyalar tətbiq olunur. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin edilib.
Həkimlərin fəaliyyətinin daha da səmərəliliyi üçün onlar xarici ölkələrdə təcrübə, peşə kurslarına göndərilir. Müstəqilliyimizin bərpasından sonra onların əmək haqqı dəfələrlə artırılıb. Elə iki-üç il öncə həkimlərin əmək haqlarına xüsusi artımların əlavə edilməsi müharibədən yeni çıxmış bir ölkənin bu sahəyə göstərdiyi böyük dəyər kimi qiymətləndirildi.
Bir həkim yüzlərlə sağlam insandır. Nə qədər yerində söylənmiş bir fikirdir. Bəzən yüz nəfər bir yerə yığışıb bir işin öhdəsindən gələ bilmədiyi təqdirdə, bir həkim yüzlərlə insana öz qəlbindən, əllərindən şəfa bəxş edir. Belə isə onları qorumaq da, onlara böyük dəyər vermək, hörmətlə yanaşmaq da hər birimizin borcudur.
Nə yaxşı varsınız, həkimlər! Sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzulayır, həmişə sizə ümid edən, şəfa diləyən insanlara sağlamlıq bəxş etməyinizi, bununla qürur duymağınızı arzulayırıq.
Mətanət Məmmədova