Elçin Bayramlı
Dünyada getdikcə iqlim dəyişikliklərinin yaratdığı problemlər kəskinləşir. Bir çox bölgələrdə quraqlıq, səhrəlaşma, su qıtlığı yaranır. Çaylar, göllər, bulaqlar quruyur, torpaqlar şoranlaşır. Nəticədə həm əhali, həm də iqtisadiyyat zərər çəkir. Bunun qarşısını almaq üçün ölkələr müxtəlif tədbirlər həyata keçirir. Azərbaycan da əraziyə və əhaliyə nisbətdə çox aşağı su ehtiyatlarına malikdir və bununla bağlı ciddi tədbirlər görülməsinə ehtiyac böyükdür.
Azərbaycanda su ilə bağlı problem artıq 20-25 ildir kəskinləşsə də, bu sahədə əsaslı islahatlar həyata keçirilməyib. Halbuki su təsərrüfatı dövlət büdcəsindən və xarici kreditlər hesabına ən çox maliyyə alan sahələrdən biridir. Buna baxmayaraq, hər il həm içməli su təchizatı, həm də suvarma ilə bağlı çətinliklər artır. Nəticədə iki istiqamətdə mənfi təsir yaranır: bir tərəfdən əhalinin içməli su təminatı həm həcm, həm də keyfiyyət baxımından zəifləyir, digər tərəfdən, kənd təsərrüfatında suvarma çatışmazlığı məhsuldarlığın azalmasına, əkinlərin yanmasına və iqtisadi itkilərə səbəb olur.
Azərbaycan su ehtiyatlarına görə, səhra ölkələrini çıxmaqla dünyada aşağı göstəricilərdən birinə malikdir və BMT-nin “su stresi altında olan ölkələr” siyahısına daxildir. Qafqaz regionunda da ən az su ehtiyatı ölkəmizdədir – Gürcüstandan təxminən 6, Ermənistandan isə 2 dəfə azdır. Su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan və başqa yollarla formalaşır, yalnız 30 faizi daxili mənbələr hesabınadır. Buna görə də hər hansı qlobal problem- quraqlıq və su böhranı baş verərsə, xarici mənbələrdən asılılıq vəziyyəti daha da ağırlaşdıracaq.
Problemin həlli üçün ölkənin su ehtiyatları elmi əsaslarla yenidən qiymətləndirilməlidir. Son belə qiymətləndirmə Sovet dövründə, 1980-ci illərdə aparılıb və 27 milyard kubmetr su ehtiyatı müəyyən edilib. Lakin son dövrlərdə bu rəqəm şübhə doğurur və müstəqil ekspertlər 1-25 milyard kubmetr aeasında müxtəlif rəqəmlər səsləndirir. Bu göstəricilər yenidən qiymətləndirilməli və dəqiqləşdirilməlidir.
İkinci məsələ su resurslarının səmərəli idarə olunması və itkilərin azaldılmasıdır. Hazırda Azərbaycanda su itkiləri 35-40 faiz təşkil edir, bu da dünya üzrə qəbul edilən 4-5 faiz göstəricisindən dəfələrlə çoxdur. Bu vəziyyət köhnə infrastruktur, vaxtında beton və ya boru xətinə çevrilməyən torpaq kanallar və az sayda su anbarlarının mövcudluğu ilə bağlıdır. Yeraltı su ehtiyatlarının istismarı üçün artezian quyularının sayı artırılmalı, kiçik çaylar üzərində yeni su anbarları tikilməlidir. Suvarmada qənaətcil texnologiyalar, xüsusilə damcılı və çiləmə sistemləri tətbiq edilməlidir. Dövlət fermerlərin bu texnologiyaları qurması üçün güzəştli kredit mexanizmləri yaratmalıdır.
Eyni zamanda, içməli suyun sənayedə texniki məqsədlərlə istifadəsinə son qoyulmalı, bu məqsədlər üçün alternativ texniki su mənbələri ayrılmalıdır. Torpaq kanallarda su itkisini azaltmaq üçün su xətləri beton və ya boru sistemlərinə keçirilməlidir. Bundan əlavə, sensor kranlar kimi qənaətcil avadanlıqların istifadəsi, yağış sularının toplanması və təkrar emal olunmuş suların sənaye sahələrində istifadəsi genişləndirilməlidir.
Qlobal proqnozlara görə, qarşıdakı onillikdə quraqlıq və su qıtlığı daha da artacaq. Prezident İlham Əliyev də bir neçə il əvvəl keçirilən müşavirədə bu problemi xüsusi vurğulayıb, 35-40 faizlik su itkisini “yolverilməz” adlandırıb. Dövlət bu sahəyə böyük vəsait ayırsa da, məsul orqanların səmərəsiz fəaliyyəti və nəzarətsizlik nəticəsində gözlənilən nəticə əldə olunmayıb. Su itkiləri 30 faizdən aşağı düşmür.
Suyun əsas hissəsini sənaye müəssisələri və aqrar sektor istifadə edir, əhali isə ümumi sərfiyyatda çox az paya malikdir. Buna görə də əsas diqqət istehsal və suvarma sahələrində itkilərin azaldılmasına yönəldilməlidir. Bundan əlavə yeni su mənbələri tapılmalı, artezian qurğularının, su anbarlarının yaradılması genişləndirilməli, torpaq kanallar beton və boru xəttinə çevrilməli, qənaətli istifadə texnologiyaları tətbiq olunmalıdır.
Su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətcil texnologiyaların tətbiqi Azərbaycanın gələcək su təhlükəsizliyinin əsas şərtidir. Əks halda, ölkə həm iqtisadi, həm də sosial baxımdan ciddi problemlərlə üzləşəcək.