Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 16 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışı böyük tarixi əhəmiyyət daşıyır. Çıxışda qeyd olunmuşdur ki, “Bu Zəfərlə Qafqazda qaynayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətda bütün dünya qazanacaq”.

Türkiyə Prezidenti bildirmişdir ki, Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və eləcə də dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub.

Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bu bölgənin yeni inkişaf dövrü başlayıb. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi rahatlığın və zənginliyin miqyasını təsəvvür etmək belə mümkün deyil. Yaranmış yeni reallıqlar Azərbaycan ilə birlikdə eyni zamanda Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Rusiyaya və bütün dünyaya çıxa biləcəklər. Beləliklə ermənilər özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışında ən mühim məqamlardan biri ölkələrin inkişafına əlavə imkanlar yaradacaq altı ölkənin iştirakını nəzərdə tutan yeni beynəlxalq əməkdaşlıq platformasının yaradlıması ilə bağlı təklifidir. Təklif olunur ki, altı ölkə-Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan bu yeni əməkdaşlıq platformada birləşsin. Bununla da artıq bu regionda sabitlik bərqərar olacaq və düşmənçilklər aradan qalxacaqdır. Davamlı sülhə gedən yol regiondakı bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Belə bir mühitin yaranması üçün ən gözəl əsaslar Azərbaycanın zəngin tarixi, mədəniyyəti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış dövlət siyasətidir.

Rauf Əliyev, Milli Məclisin deputatı