“Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyası təşkil edilib

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü il dönümü ilə əlaqədar alpinist ekspedisiyası təşkil olunub.

“Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyasının üzvləri Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində (hündürlüyü 4301m) yerləşən "Zəfər" zirvəsinə yola düşüblər. Hərbçilərin iştirak etdiyi alpinist ekspedisiyası hava şəraiti nəzərə alınaraq iyunun 19-dan 28-dək keçiriləcək.

Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev fəth ediləcək zirvəyə yola düşməzdən əvvəl digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.