Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur.
Xankəndidə Konqres Mərkəzi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib. Müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.
Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı və müasirliyi ilə diqqət çəkən Konqres Mərkəzi işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edən mühüm layihələrdən biridir.
Bu Mərkəzin yaradılması bir daha sübut edir ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir.
Zəfər parkında görülən tikinti işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub. Təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.
Xankəndi-Şuşa kanat yolu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.
Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.
XANKƏNDİ DƏMİR YOLU VƏ AVTOVAĞZAL KOMPLEKSİNİN TƏMƏLİ QOYULDU
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.
Artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.
AZƏRBAYCANIN İQTİSADİ QÜDRƏTİNİN GÖSTƏRİCİSİ
Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Son illərin reallıqları bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar, həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir".
Təbii ki, avtomobil yolları da hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir. Layihəyə əsasən, yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.
ZƏFƏR YOLUMUZ
Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.
İşğaldan azad olunan ərazilərimiz özünün yeni inkişaf mərhələsini yaşayır. Qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi bu ərazilərin dirçəlməsinə və inkişafına xidmət göstərir.
Nəzakət ƏLƏDDİNQIZI