Xəbərlər

  • 1 318

Bakının keçmiş Baş memarı: “Lazım olsa, rəy alıb, Qız Qalasını da sökmək olar” Rasim Quliyevin məhkəməsi

image

Sentyabrın 20-də Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Feyzi Rzayev bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətində çalışıb, hazırda təqaüddədir. Onun sözlərinə görə, Dilarə Əliyeva küçəsi 141 ünvanından yerləşən ərazidə tarixi bina vardı və həmin ərazinin yaxınlığında yeni bina tikilirdi.

“Bu səbəbdən orada olan tarixi binada çatlar əmələ gəlmişdi. Əraziyə baxış keçirdik. Həmin vaxt binanın zirzəmisi tikilirdi. Məsələ ilə bağlı müvafiq qurumlara məlumat verdik. Ümumiyyətlə, qeyd edim ki, tarixi binalar, abidələr biz mütəxəssislər tərəfindən qeydiyyata alınır və Nazirlər Kabinetinə müvafiq şöbəsinə göndərilir”, deyə o bildirib.

Sonra vəkillər şahidə suallar ünvanlayıblar. O, suallara cavab olaraq bildirib ki, Dilarə Əliyeva 145 ünvanda yerləşən mədəni irsə aid binanın sökülməsini sonradan eşidib və söküntü zamanı orada olmayıb. "Binanın Mədəniyyət Nazirliyinin tarixi abidələrin siyahısından çıxarılması ilə bağlı məsələdən xəbərim yoxdur”, deyən Feyzi Rzayev onu da bildirib ki, həmin binanın tarixi abidə olması ilə bağlı sakinlərin bəzilərində müqavilələr olub: “Onların şikayəti əsasında əraziyə yoxlamalar aparmışıq. Baxış keçirdik, şəkillər çəkdik, arayış aldıq”.

Hakim F.Qəniyev isə D.Əliyeva küçəsi 141 ünvanda yerləşən binanın 2017-ci il oktyabırında artıq uçduğunu bildirib və bununla bağlı nə bildiyini soruşub. Şahid isə tarixi xatırlamadığını deyib.

Prosesdə ifadə verən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini və Baş memarı olmuş Akif Abdullayev isə bildirib ki, tarixi binaların sökülməsi ilə məşğul olmayıb: "Mən yalnız təzə tikilən binalara baxmışam. Bakı şəhər İcra Hakimiyyəti sərəncam verəndən sonra mən həmin sərəncamı icra edirdim. 1976-cı ildən Memarlıq və Şəhərsalma Baş İdarəsində işləmişəm. Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü Hacıbala Abutalıbovda olurdu. Rasim Quliyevi tanıyıram. Dilarə Əliyeva küçəsi 141 ünvanının sökülməsi Ayrıc aktina əsasən həyata keçirilməli idi. Ümumiyyətlə 318-ci məhəlləyə ayrılmış əraziyə aid bir neçə dəfə sərəncam verilib. Səbəb isə həmin ərazidə metro stansiyası tikməsi planı ilə bağlı idi".

Prokurorun suallarını cavablandıran Akif Abdullayev deyib ki, Rasim Quliyevi BŞİH-nin Aparat rəhbəri kimi tanıyıb: "Mən bilmirdim ki, Rasim Quliyev icra başçısının müavini səlahiyyətlərini icra edir. Mən o məsələlərlə maraqlanmırdım. Rauf Pənahov həm Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu, xəbərim olmurdu və maraqlanmırdım".

Rasim Quliyev isə bildirib ki, Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra möhür Akif Abdullayevə verilib: "Mənə heç bir möhür verilməyib. Məndə olan Aparat rəhbərinin möhürü idi vəzifədən azad olunanda aktlaşdırıb təhvil vermişəm".

Akif Abdullayev bildirib ki, hansısa bina tikintisinə icazə verilərkən daxil olan sənədə icazə veriləndə sənədləri araşdırmağa ixtiyarı olmayıb: "Memarlıq və Şəhərsalma Baş İdarənin səlahiyyətləri tikinti üzrə sənədləri araşdırmaqla bağlı idi. Hacıbala Abutalıbov sənədləri araşdırıb qərara gələndən sonra rəylər bizə daxil olurdu, biz də razılıq verirdik".

Prosesdə diqqətçəkici məqamlardan biri də o oldu ki, Akif Abdullayev prokurorun suallarını cavablandırmaqdan yayınıb. Hakim isə bildirib ki, sualları düzgün cavablandırmaq lazımdır: "Tikinti ilə bağlı müraciət olunarkən araşdırma aparılanda hansısa bir qurum mənfi rəy verdisə, onu kim araşdırırdı?"

Akif Abdullayev cavab olaraq deyib ki, Bakı şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərə mənfi rəy verilməyib: "Yerli icra hakimiyyəti rəy bildirirdi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verirdi".

Prokurorun "Kimsə müraciət etsə ki, Qız Qalasını sökün, sökəcəkdiniz?" suallına Akif Abdullayev “Lazım olsa, rəy alıb, onu da sökmək olar” cavabını verib.

Akif Abdullayev bildirib ki, Rasim Quliyevin hansı binanın sökülməsinə sərəncam verdiyini xatırlamır.

Dövlət ittihamçısı isə bildirib ki, Akif Abdullayevin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var.

Akif Abdullayev isə deyib ki, tikinti işlərinə, təzə salınan məhəllələrə, tikilən yollara, kommunikasiya xətlərinə nəzarət edib.

Rasim Quliyevin vəkilinin suallarını cavablandıran Akif Abdullayev bildirib ki, Dilarə Əliyeva küçəsi 141 və 145 ünvanlarındakı söküntülərdən xəbəri olmayıb.

Hakim irad bildirərək qeyd edib ki, Akif Abdullayev 45 il Bakı şəhər İcra Hakimiyyətində işləyib, amma sualları cavablandıra bilmir: "Siz iş üzrə əsas şahidlərdənsiniz. Bu prosesdə sizin iradəniz mühüm rol oynayır. Siz isə suallara cavab verə bilmirsiniz. Yaddaşınızı təzələyin, növbəti prosesdə aydınlıq gətirin".

Növbəti məhkəmə prosesi sentyabrın 27-i saat 14:30-a təyin olunub.

Xatırladaq ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər