Xəbərlər

  • 1 090

"Omikron" ştammı nə qədər təhlükəlidir? - MÜSAHİBƏ

image

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini deputat Rəşad Mahmudovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik.

- Covid-19-un "Omikron" ştammı bir çox ölkələrə yayılıb. Bu mutasiyanın digərləri ilə müqayisədə fərqi nədir? Onun hansı əlamətləri var?

- Ümumiyyətlə “Omikron” ştammının xüsusiyyətləri ilə bağlı kifayət qədər məlumatlar var. "Omikron"da simptomların olmasından daha çox yoluxuculuq xüsusiyyəti və daha ağır şəkildə keçirilmə təklükəsi gedişata təsir edən əsas faktorlardandır. “Omikron” ştammı ilk yarandığı vaxtlardan insanları təşvişə salmışdır. Bunun da səbəbi digər ştammlardan təhlükəli olub-olmaması idi. Lakin aparılan araşdırmalar zamanı məlum oldu ki, "omikron" ştammı digər ştammlardan daha təhlükəsizdir. Yəni “omikron”a yoluxan şəxslər digər viruslara görə xəstəliyi nisbətən daha yüngül keçirdir. Bu da hər kəsdə ümid yaradır. Dünya Səhiyyə təşkilatı və ekspertlər qeyd edirlər ki, bu ştamm pandemiyanın yumşalmasına səbəb olacaqdır. Yumşalma xəstəliyin olmadığı anlamına gəlmir. Sadəcə insan üçün həyati təhlükənin digərlərinə nisbətən daha az olması mənasına gəlir.

- Daha əvvəl covid-19-un Britaniya variantı, Delta variantı kimi növləri qeydə alındı. Sizcə, bu variantın Cənubi Afrikada qeydə alınmasının səbəbi nədir? Regiondakı vaksinasiya göstəricisinin buna təsiri varmı?

- Əlbəttəki çox fərqli səbəblər ola bilər, lakin bu haqda konkret fikir demək çətindir. Amma digər qitələrlə müqayisədə Afrika qitəsində vaksinasiya prosesinin tətbiqi ilə əlaqədar çətinliklər hər kəsə məlumdur və o ehtimal var ki, bu ştammın əmələ gəlməsində onun da təsiri ola bilərdi. Amma tarixə nəzər salsaq görərik ki, pandemiyalar zamanı xüsusən də RNT virusları tez-tez mutasiyaya uğrayaraq zaman içərisində yumşalıb yox olmuşdur. Bəli təbii ki, peyvəndlərin tətbiq edilməməsi təhlükələrin daha da artmasına zəmin yaradır. Amma epidemioloji vəziyyətə baxdığımız zaman “omikron” ştammı covid pandemiyasının dünyada yaratmış olduğu bu qorxu sonrasında illər keçdikdən sonra bəlkə də artıq əzbərlədiyimiz ştammlar içərisində qəhrəmana dönəcək. Düşünürəm ki, covid-19 epidemiyasının “omikron” ştammından sonra insanlıq üçün təhlükə yaradacaq yeni bir ştammın əmələ gəlmə ehtimalı yoxdur. Bunun 2 səbəbi var. Bu sadəcə ştammlarının zəifləməsi ilə əlaqəli deyil. Həm də dünya istər xəstələnərək, istərsə də peyvənd olunaraq bədənində bu virusa qarşı immun bir reaksiya yaratmış vəziyyətdədir.

- Yeni mutasiyanı PCR testi ilə aşkar etmək mümkündürmü?

- PCR analizləri covid-19-un istənilən formasını aşkar edə bilər. Bu ştammların adı fərqli olsa da hamısı covid-19 virusunun fərqli növləridir. Eləcə də laboratoriyada ştammlar arasında olan fərqi də genetik analizlərdən ortaya qoymaq mümkündür. Ehtiyac olduğu zaman ölkəmizdə var olan xüsusi laboratoriyar nəzdində də həyata keçirilir.

- Sizcə, bu variantda üçüncü doza vaksinin vacibliyi nə qədərdir? Bəzi mənbələrdə "omikron"un peyvənd effektivliyini 25 faiz azaltdığı qeyd olunur.

- Əlbəttə ki, dünyada fəqli-fərqli institutlardan və fərqli-fərqli təcrübələrdən çıxan çoxlu məlumatlar var, amma birmənalı olaraq istər "Omikron"da, istərsə də digər variantlarda 3-cü doza vaksin qəbul edən şəxslərin gücü virusa qarşı 2-ci dozanı qəbul edən şəxlərdən daha güclü olur. Hətta 4-cü dozanı qəbul edən şəxslərin gücü bu xəstəliklə mübarizədə daha çox olur. Bunu xalqımız səhv başa düşməsin.

Söhbət dünyada daha çox vaksinləşmə olmasından və ya vaksinləşmə sayının artmasından getmir. Burada söhbət qarşılaşa biləcəyimiz covid-19 virusunun üst tənəffüs yollarından bədənimizə daxil olan milyonlarca miqdarı qarşısında bədən yarana biləcək reaksiyanın formasından asılı olmadan bəzən ağır vəziyyətə düşə bilirik, xəstəxanalara düşə bilirik, hətta ölümlə qarşılaşa bilirik. Ona görə 6-8 ay əvvəl peyvənd olunan insanla heç peyvənd olunmayan insanın immunitetində böyük bir fərq yoxdur. Bunun üçün 3-cü dozanın olunması əhəmiyyətlidir. 2-ci bir məqamı dilə gətirmək istəyirəm ki, yaxın gələcəkdə bu xəstəlik digər xəstəliklər kimi pandemiyadan uzaqlaşaraq endemik vəziyyətə qripal xəstəliyə dönəcəkdir. İnsanlar fikirləşməsinlər ki, endemik vəziyyətə və ya qripal vəziyyətə döndüyü zaman hər şey birmiş olacaq. Xeyr. Bu xəstəlik hələ də insanlar üçün təhlükə yaratdığına görə, xüsusən də risk qruplarında olan insanlar üçün uzun illər aktual olacaq.

- Payızda alimlər virusun yaz fəslində sonlanacağını proqroznaşdırırdılar. Lakin yeni variantlar aşkarlandı. Sizcə, yeni ştamm pandemiyanın gedişatına necə təsir göstərəcək?

- Bir qədər əvvəl vurğuladığım kimi yeni ştammın hal-hazırda ehtimal olunan gedişata müsbət təsir edə biləcəyi göz qabağındadır. “Omikron” virusunun yoluxdurma sürəti çox yüksək olduğuna görə insanlarda aktiv müqavimət yaratma ehtimalı var. Çünki qısa müddət ərzində bu yoluxma ailənin bütün üzvlərinə keçir. Ekspetlərin də vurğuladığı kimi bu virus qısa müddətlidir və simptomlar 3-4 gün içərisində sönməyə başlayır. Həmçinin xəstəxanaya getmə ehtiyacı da yaranmır. Yəni zaman içərisində bu yumşalmanı biz görəcəyik. Əlbəttə yeni bir mutasiyanın yaranma ehtimalı istisna deyil. Heç bir ekspert bu haqda konkret proqnoz verə bilməz. Bundan sonra covid-19 pandemiyasının çox böyük bir fəlakətə yol açacağını ehtimal etmirəm.

Digər xəbərlər