Xəbərlər

  • 1 981

İşğaldan azad olunan torpaqlarda yüksək rifah üçün lazımi şərait yaradılır - ŞƏRH

image

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma, abadlıq-tikinti işləri geniş vüsət alıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin ərazilərə səfərləri yeni müəssisələrin təməlqoyma, bəzilərinin isə açılış mərasimləri ilə yadda qalır. Dövlət başçımızın bu günlərdə reallaşan Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı da bunun şahidi olduq.

2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran əsas məsələ Qarabağın yenidən qurulması və bərpası idi. Çünki 30 il ərzində Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Həmin ərazidə bir vaxtlar mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmışdır. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Bununla yanaşı, həmin ərazilərdə altmış min hektara yaxın meşə ərazisi məhv edilmiş və Azərbaycana qarşı ekoloji terror həyata keçirilmişdir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi, ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. 2021-ci ildə qısa müddət ərzində Qarabağda yeni infrastruktur layihələrinin yaradılmasının və icra olunmasının şahidi olduq. Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılmışdır.

Yeri gəlmişkən, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılıb. Bununla yanaşı, möhtərəm Prezidentimizin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən bir fonddur. Azərbaycanda, ilk dəfə olaraq, “ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası tətbiq olunur. “Ağıllı kənd” layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində artıq uğurla icra olunur. Qeyd etmək lazımdır ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası özündə Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafını ehtiva edir. Qarabağda yenidənqurma və bərpa işləri sırasında ən mühüm yeri ərazilərin elektrik enerjisi ilə təmin olunması, bərpa olunan və yeni enerji mənbələrinin yaradılması tutur. Bu sahədə artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində enerji təchizatı və enerji ixracı ilə bağlı təcrübəyə malikdir. Müstəqillik illərinin ilk vaxtlarından başalayaraq, Azərbaycan yerləşdiyi coğrafi məkanda enerji resurslarının yaradılması, karbo­hidrogen ehtiyatlarının ölkə xaricinə boru kəmərləri vasitəsilə nəql olunması işində bir çox beynəlxalq əhəmiyyətli layihələri uğurla icra etmişdir.

Ofelya Rəhimova,

YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər