Siyasət

  • 1 503

Bizi haqq yolundan hec kim döndərə bilməz

image

Həmişə özümə bu sualı vermişəm; qonşumuz, əhalisinin az qala yarısı etnik Azərbaycan türklərindən, əsrlər boyu maddi-mənəvi dəyərlərimizin bir-birinə qarışdığı İran, dostumuzdur yoxsa düşmənimiz?

Bu suala cavab vermək üçün qısa da olsa, tarixə nəzər salmaq lazımdır. Adını nə qoyursansa qoy, ilk növbədə onu dərk etməliyik ki, İran imperiyadır, uzun müddət də imperiya olmuşdur. Yəni, müxtəlif xalqları və əraziləri özündə birləşdirən, daxili və xarici siyasətində gücə istinad edən və yerləşdiyi regionda mühüm rol oynayan vahid siyasi mərkəzli dövlətdir. Doğrudur, artıq monarxiya deyil, ancaq konkret siyasi ideologiyanın daşıyıcısı olan və bu ideologiyanın təmsilçilərinin siyasi monopoliyası ilə idarə olunan dövlətdir. Bu mənada, məsələn Çindən böyük fərqi yoxdur. Fərq ancaq ondadır ki, Çin kommunist ideologiyası ilə, İran isə teokratik ideologiya ilə idarə edilir. Zaman-zaman “seçkilər” keçirilsə də, bu seçkilərdə fərqli ideologiyaların daşıyıcılarının iştirak azadlığı olmadığı üçün, avtoritar dövlət sayılır. Əslində imperiyanın başqa cür idarə edilməsi də mümkün deyil. Sovet İttifaqının təcrübəsi göstərdi ki, kompakt ərazilərdə yaşayan fərqli millətləri birləşdirən imperiyalar, bir əldə cəmləşmiş idarə mexanizmi azca boşalan kimi əqəliyyətlərin mərkəzdənqaçma prosesi güclənir. Bu proseslərə milli və ya dini diskriminasiya, şovinizm, irqi ayrıseçkilik, ksenofobiya, titul millət səfsəfəsi, əxlaqi deqradasiya, traybalizm, ədalətsizlik, assimilyasiya və s. səbəb kimi göstərilir.
Qədim yunanların fars körfəzi yaxınlığında yaşayan fars (pers, parsuaş) adlı xalqın adı ilə “Persiya” (farslar ölkəsi) adlandırdığı, eramızdan əvvəl VI əsrin ortalarından etibarən isə sülalələrin adı ilə “Əhəmənilər”, “Sasanilər” və s. adlandırılan bu ölkə, Əhməd şah Qacarı devirərək, Pəhləvi xanədanının əsasını qoymuş Rza Pəhləvi tərəfindən 1935-ci ildən – “arian” (arilər ölkəsi) sözündən götürülmüş “İran” adlandırılanadək bu adlarla mövcud olmuşdur. Bəzi məlumatlara görə, bu təşəbbüs, İranın Almaniyadakı səfirindən gəlmişdir. Almanlar, faşist təsiri altına düşmüş bu şəxsi inandıra bilmişlər ki, “İran” adı, dövlətin ari mənşəli olduğunu vurğulamaq üçün vacibdir. Sonralar bir çox İran alimləri bu qərara etirazlarını bildirsələr də bu, heç bir şeyi dəyişməmiş, başqalarından üstünlüyü və fərqliliyi ifadə edən bu irqçi ad, günümüzədək gəlib çıxmışdır.
Bu epizodu təsadüfən xatırlatmadım. Pəhləvi rejiminin millətçiliyi və şovinizmi dövlət siyasətinə çevirdiyini bilməyən yoxdur. Bəs özünü “İslami rejim”, “nə qərbi, nə şərqi, cümhuriyi eslami” adlandıran rejimin siyasətinə nə ad verək? Bir yanlışı düzəltməmək, o yanlışa dəstək vermək deyilmi? Guya hər kəsi “ümumiləşdirici”, “yuvarlaq” bir ifadə ilə “irani” adlandırmaqla milyonlarla insanı elementar hüquqlardan, dilindən, mədəniyyətindən, adət-ənənəsindən məhrum etmək, assimilyasiya aparmaq islamdırsa, onda bu dinin kitabında “Sizi millətlərə və qəbilələrə böldük ki, bir-birinizi tanıyasınız” ifadəsi yoxdur. Əgər milyonlarla insanın başını zorla bağlamaq islamdırsa, onda bu dinin kitabında “dində məcburiyyət yoxdur” ibarəsi yoxdur. Əgər məscidləri dağıtmaq, orada donuz saxlamaq islamdırsa, onda bu dinin kitabında “Allahın məscidlərini dağıdanlardan daha zalım kimdir?” ibarəsi yoxdur. Əgər müsəlmanları yurd-yuvasından çıxarmaq, didərgin salmaq islamdırsa, onda bu dinin kitabında, “sizi çıxardıqları yerdən siz də onları çıxarın”, “ədalətli olun”, “sizə verilən cəzanın misliylə siz də cəza verin” cümlələri yoxdur. Yox, əgər varsa, onda buna rəvac verənlər müsəlman, dövlət də islam dövləti deyil.
Azərbaycan sekulyar dövlətdir. Yəni, dünyəvi dövlətdir, dövlət və din ayrıdır, bir dinə bağlı və ya qarşı deyil, dini və sivil işlərin bir-birindən ayrılması inancı hakimdir bu dövlətin qanununda. Başqa sözlə riyakar deyil, dini siyasətə, siyasəti də dinə alət etmir. Yanlış anlamayın, bu dinsizlik deyil, hər kəsə, hər inanc sahibinə eyni məsafə saxlamaq, bərabər yanaşmaq, hüquqlarına hörmət etməkdir, “dində məcburiyyət yoxdur” postulatına riayətdir.
Rəisi hökumətinədək də, ondan öncə də İranın dövlətimizə qarşı siyasəti birmənalı olmayıb. Üzdə “islam həmrəyliyi”ndən, “qardaşlıq”dan, “mehriban qonşuluq”dan dəm vuran bu dövlət, faktiki olaraq həmişə Ermənistanı himayə edib. 2020-ci ilədək nisbətən pərdəli və qapalı aparılan bu “siyasət”, ölkəmizin “Qarabağ zəfəri”ndən sonra açıq və aqressiv bir müstəviyə keçib ki, bu da maskanın yırtılması, qonşunun əsl simasını büruza verməsidir. Ancaq apardığı uğursuz daxili və xarici siyasəti, avantürist ambisiyaları ilə ölkəni acınacaqlı duruma gətirib çıxarmış, problemlər içərisində boğulan, bununla belə Yaxın Şərqdə - İraqda, Suriyada, Livanda, Yəməndə, Bəhreyndə, Fələstində səbəb olduğu xaos və dağıntılar azmış kimi, indi də dişlərini Azərbaycana qıcayan bu marjinal rejim unutmamalıdır ki, Azərbaycan nə Fələstin, nə Yəmən, nə də digərləri deyil. Bu dövlətin nə sərhəddlərimizə qoşun toplaması və açıq təxribatları, nə də gülünc təhdidləri və güc nümayişləri, aqressiv ritorikası bizi haqq yolumuzdan döndərə bilməz. 30 il ərzində ərazi bütövlüyümüzü tanıdığını deyib, təcavüzkar Ermənistana dəstək verən, iki ölkə arasında sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışan bu ölkə bilməlidir ki, riya və məkr üzərində inşa edilmiş davranış tərzi son nəticədə öz mövcudiyyətinin sonu ilə nəticələnə bilər.

Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri

Digər xəbərlər