PDF Oxu

Siyasət

  • 2 489

Könlünün səsini dinləyənlər... TƏHLİL+ YANAŞMA

image

5 dekabr onların-könlünün səsinə qulaq asıb, onu dinləyənlərin günüdür. Beynəlxalq Könüllülər Günüdür. Bu gün, sözün həqiqi mənasında, tamamilə fərqli düşüncədə, yanaşmada olanların günüdür. O insanların günüdür ki, onlar heç bir qarşılıq gözləmədən, istəmədən məxsus olduqları cəmiyyətin, ictimai həyatın fəallarına çevrilirlər. Yardım etmək əsas məqsədləri olmaqla yanaşı, həm də onların həyatdan zövq alma, insanları xoşbəxt görmə amallarıdır.Könüllülük həqiqətən könül işidir. Heç də hər kəsin könlünün izn verə bilmədiyi işlərə qoşulmaq və görülən işlərdən heç bir təmənna gözləməmək işidir. Könüllülük fərqli insanların aldıqları qərardır. Elə bir qərar ki, bütütn dünyada bu cür insanları başqalarından fərqləndirir.BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Həmin tarixdən də hər il dekabr ayının 5-i dünyada könüllülərin günüdür.Elə bu qətnamədən yola çıxıb Azərbaycanda könüllülüyün qədim tarixinə nəzər salmaq oxucularımız üçün də maraqlı olar deyib, söhbətimizə başlayaq...
Yardım etməkdən gələn könüllülük
Qədim zamanlardan ta dövrümüzədək xalqımızın zəngin milli adət-ənənələrində, mentalitetində yardım etmək kimi bir adət dərin iz salmışdır. Bədii ədəbiyyat nümunələrimizdə də, bədii filmlərimizdə də bu adəti daim izləmiş, şahidinə çevrilmişik. Xalqımızın yaşlı və orta yaş qrupunda olan insanları isə bunu onlarla misallarla təsdiqləyirlər. Bu gün də kəndlərimizdə yardım etmək kimi adətlərimiz qalmaqdadır.Tarixən kəndlərimizdə insanlar bir-birinə yardım əli uzatmaqla müxtəlif işlərin birgə-asanlıqla, tez bir zamanda görülməsinə nail olublar. Müasir gəncliyimizə bu cür adətlərimizdən söhbət açmaqla onlara bugünkü könüllülük prinsiplərinin təməlində qədimdən bu günədək yaşadılan adət-ənənələrimizin dayandığını anlatmaq gərəkdir.Yadımdadır, uşaqkən kəndə gedərdik. Yay tətilində həftə ilə, ayla kənddə qalardıq. Nənəm elə olurdu ki, bir neçə gün ard-arda qonşularda olurdu. Soruşanda ki, ay nənə, səni heç görə bilmirik, sübhün gözündən qalxıb haraya gedirsən, cavab verirdi ki, ay bala, Fatmanın, Növrəstənin və yaxud Səyyarənin çörək “iməcisinə”, hara gedəcəyəm ki. Əvvəllər nənənin nə dediyini anlamasaq da, “iməci” nə deməkdir, başa düşməsək də, nənə bunları bizə səbrlə elə danışırdı ki, hərtərəfli anlayırdıq. Anlayırdıq ki, “iməci” köməkçi deməkdir. Deməli, kəndlərimizdə qadınlar təndirdə çörək bişirən zaman yaxın qonşulardan 4-5 nəfər qadın ona köməyə gedirdilər. Bu qadınların hər hansı biri çörək bişirəndə isə həmin qadınlar ona köməyə gəlirdilər. Beləliklə, yardım etməklə çörək bişirmək kimi çətin bir işin öhdəsindən asanlıqla gəlinir, cəmi 4-5 qadının əməyi ilə gün ərzində çörəkbişirmə başa çatırdı.Çörək bişirmək həqiqətən çətin iş idi. Düşünürəm ki, bu barədə bilməyənlər, “burada çətinlik görəsən nədən ibarətdir?”,- deyə fikirləşəcəklər. Əvvəlcədən deyim ki, bəli, çörək bişirmək çox çətin bir işdir. Ayda bir, külfət böyük olanda bəzən iki dəfə həyata keçirilən bu iş qadınlarımızın ən çətin işi hesab olunurdu. Çünki bir dəfə çörək bişirmək üçün bir neçə gün əvvəldən hazırlıq işləri görülürdü, çörək bişiriləndən sonra daha bir neçə gün isə yır-yığış işləri aparılırdı. Bir gün əvvəl təndir üçün odun tədarük olunurdu. Təndirdə ötən dəfədən qalan kül təmizlənirdi. Maya tutulurdu, un ələnirdi. Səhəri gün evin qadını sübh çağından xəmiri yoğurur, ardınca köməkçilərinə günorta yeməyi hazırlayır, təndiri salır (yəni yandırır), təndir düşənədək artıq gələn köməkçilər kündə tutmağa başlayırdılar. Təndir hazır olandan sonra 3-4 nəfər açır, bir nəfər isə çörəyi bişirib çıxarır, dəstələyirdi. Beləliklə, sübhdən başlayan iş axşam-toran vaxtınadək davam edirdi.İndi qadınlarımızın əksəriyyəti rahatlıqları üçün bu işlərdən uzaqlaşsalar da, lakin kəndlərimizdə yenə də təndirlərdə çörək bişirən qadınlarımız var. Çünki bu çörəyin damaqlarda qalan dadını satın aldıqları çörəkdə hiss etmədikləri üçün yenə də özləri bişirirlər.Kəndlərimizdə digər bir yardım növü da var. Həmin yardım bu gün də davam etməkdədir. Elə ki, mart ayı gəlib çıxdı, fevralın sonundan başlayan həftələr çərşənbələri arxada qoydu, torpaq oyandı, suların donu açıldı, hava istinməyə başladı, Novruz bayramı qeyd oludu, deməli, kəndlərimizdə əkin-biçin işlərinin ta başlamaq vaxtıdır. Bunun üçün ilk olaraq nə etmək lazımdır? Əlbəttə ki, su arxlarının çıxarılması (təmizlənməsi). Bu işdə insanlar hələ qədim dövrlərdən bir-birilərinə kömək etmişlər. Görəndə ki, qonşulardan biri əlinə bel alıb çıxıb həyətinə gələn arxı təmizləməyə, qonşular da bellərini götürüb gəliblər köməyə. Təbii ki, könüllü şəkildə.Beləliklə də insanlar bir-birilərinə könüllü şəkildə yardım etməklə, həm də birliyin təməlini qoymuşlar. Birgə paylaşmağın, köməkli iş görməyin əhəmiyyəti zaman-zaman yetişməkdə olan nəsillərə də nümunə olub. Yəni, evlərimizdə böyüyən uşaqların zaman-zaman valideynlərindən gördüklərini davam etdirmələri ilə milli-mənəvi dəyərlərimizin yaşadılmasına nail olmuşuq.Könüllü şəkildə yardım etməklə bağlı onlarla belə misallar gətirmək olar. Kəndlərimizdə könüllü yardımetmə nümunəsi olan ot biçini, toy və yas, əsgər yolasalma, qarşılama və sadalamadığımız digər mərasimlərdən söhbət açsaq, hər birinin təməlində könüllülük prinsipinin dayandığının şahidi ola bilərik.
Milli-mənəvi dəyərlərimiz üzərində qurulan könüllülük
Bəli, milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması, həyatımızın bütün sahələrində tətbiqi bu gün nümunə gücündədir. Həmin dəyərlərin zaman-zaman bütün yeniliklərdə özünü göstərməsi isə hər birimizin gözü qarşısındadır. Bir xalq kimi xoşbəxliyimiz ondadır ki, bu dəyərləri qoruya bilmişik, bu dəyərlərin qorunmasını tövsiyə edən böyüklərimizin nəsihətinə sadiq qalmışıq. Bu barədə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident cənab İlham Əliyevin dəyərli fikirlərini də xatırlamaq yerinə düşər: Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.Həqiqətən də qürurvericidir ki, milli dəyərlərimizin qorunması ilə bu gün biz birliyə, həmrəyliyə nail olmuşuq. Milli dəyərlərimizin yaşadılması, bir ölkə daxilində başqa millətlərdən olanlara hörmətlə, sayğı ilə yanaşmağımızla birliyin ən gözəl nümunəsinə çevrilmişik. Bütün bunlar isə yetişməkdə olan gənc nəslin də tərbiyəsində özünü büruzə verir. Bunu son illər ölkəmizdə həyata keçirilən könüllülük hərəkatında da açıq şəkildə görmək mümkündür.
44 gün-könüllülük nümunəsi
2020-ci ilin 44 günlük Vətən müharibəsi Zəfərimizlə yanaşı, həm də könüllülüyün nümunəsi kimi tarixin səhifələrinə yazıldı. Bütün dünya könüllülük hərəkatının Azərbaycan nümunəsi qarşısında valeh qaldı. Milli ordumuzun Qarabağda torpaqlarımızın işğaldan azad olunması ilə bağlı başladığı proseslərə hər bir Azərbaycan gəncinin necə səylə atılmaq istədiyini müşahidə etdi. Ali Baş Komandanımızın əmrini gözləyən, Vətən üçün canını qurban verməyə hazır minlərlə gəncimizin hünərini gördülər.44 gün könüllülük nümunəsi oldu. Çünki cəbhəyə yollanan övladlarımızın hər biri könüllü şəkildə döyüşlərə qatılmışdı. Onlardan dəfələrlə çox sayda gənclərimiz isə yuxarıda da qeyd etdiyim kimi, əmr gözləyirdilər. Bütün bunlar isə, bəli, ölkəmizdə gənclərin milli-mənəvi dəyərlərimiz əhatəsində böyüməsinin, adət-ənənələrimiz əsasında tərbiyə olunmasının göstəriciləri idi.44 gün bu günün deyil, illər öncənin göstəricisi idi. Vətənpərvər gənclərin yetişdirildiyi illərin. Onların vətənpərvər ruhda böyüdükləri illərin. Bütün bu illər isə milli-mənəvi dəyərlərimizin qorunduğunun göstərici olan illər idi. Könüllülükdən yaranan birliyin, həmrəyliyin formalaşdığı illər....Bütün bu dəyərlərimizlə də 44 gündə Vətən övladları böyük şücaət nümsyiş etdirdilər. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bu müharibədə fəal iştirakı, şəhid və qazi olmaları isə ölkəmizdə multikultural dəyərlərin yüksək səviyyədə olduğunu göstərən amillərdir.Tək müharibədə iştirak edən könüllü gənclərimizin deyil, cəbhəyə könüllü şəkildə hər cür yardım göstərən və göstərmək istəyən, arxa cəbhədə ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak edən vətəndaşlarımızın hər birinin Böyük Zəfərimizin qazanılmasında böyük əməyi oldu.Beləliklə, 44 günlük Vətən müharibəsi qədim milli dəyərlərimizdən qaynaqlanan könüllülük prinsipinin ölkəmizdə yüksək səviyyədə olduğunu, eyni zamanda fərqli düşüncə tərzində olan, yəni gördüyü iş qarşılığında heç bir təmmənnada olmayan insanların burada çoxluq təşkil etdiyini təsdiqlədi.
Azərbaycan-könüllülərin ünvanı
Azərbaycanda könüllülük hərəkatının başlanması və inkişafı bütün sahələrdə milli dəyərlərimizə asaslanmağı tövsiyə edən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyətin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq insan amilənə verilən dəyər, gənclərə göztərilən qayğı, onlara cəmiyyətin bütün sosial işlərinə qoşulmaları üçün verilən sərbəstlik, təhsildə və ictimaiyyətdə fərqlənən gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, onların inkişafı üçün ölkədə hərtərəfli şəraitin yaradılması mühiti eyni zamanda könüllülük hərəkatının başlanmasına və sonrakı illərdə inkişafına da təkan verirdi.Daha sonra, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsinin fəaliyyətə başlaması 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandasının yaradılması və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilməsi ilə nəticələndi. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.Könüllülük hərəkatından söhbət düşəndə adamın gözləri önündə ilkin olaraq ölkəmizdə fəaliyyət göstərən “ASAN” könüllüləri canlanır. Çünki “ASAN xidmət”ə qədər də müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə azərbaycanlı gənci könüllü kimi fəaliyyət göstərib. Lakin könüllülük hərəkatı olaraq bu fəaliyyət məhz “ASAN xidmət”dən başlayıb. Məhz 2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən Prezident cənab İlham Əliyev “ASAN” könüllülük hərəkatına tövsiyələrini verdi, onlara uğurlar arzuladı. Bu tövsiyələrin ötən illər ərzində könüllü gənclərimiz tərəfindən yüksək səviyyədə həyata keçirilməsi isə artıq bu hərəkatın təqdirəlayiq şəkildə olduğuna bariz nümunədir.Bu gün ölkəmizdə idman, səhiyyə, sosial xidmətlər və digər onlarla sahədə könüllülər hərəkatının uğurlarından saatlarla, günlərlə danışmaq olar. Bütün bunlar isə bu hərəkatın təməlinin milli dəyərlər əsasında qoyulduğunun və davam etdirildiyinin göstəriciləridir.Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində müxtəlif mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradılmış, könüllülərin əməyi yüksək qiymətləndirilmişdir. Qürurverici haldır ki, bu iş davam etdirilir.Prezident cənab İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalaması ölkəmizdə könüllülük hərəkatına verilən dəyərin təzahürü idi. Sərəncamda deyilirdi: “Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir”.Bir sözlə, ölkəmizdə könüllülük hərəkatına nəzər salmaqla, könüllülərin sosial təşəbbüsləri ilə tanış olmaqla, təşkil etdikləri kampaniya və tədbirlərə, aztəminatlı, köməksiz ailələrə yardım göstəmələrinə diqqət yetirməklə bu fikrə gəlmək olur ki, bəli, Azərbaycan könüllülərin ünvanıdır. Milli-mənəvi dəyərlərimiz fonunda böyüyən, cəmiyyətdə layiqli yerini tutmaq qabiliyyətində olan, təmənnasız yardım göstərmək, Vətəninə töhfə vermək istəyən insanların, bu hərəkatda xüsusilə çoxluq təşkil edən gənclərin ünvanıdır. Fərqli düşüncədə, fərqli yanaşmada, baxışda olan insanların...Könüllük könül istər, ürək istər. Bu ki, bizim gənclərimizdə vardır, bu, ən böyük qürur, fəxrdir.

Mətanət Məmmədova

Digər xəbərlər