Siyasət

  • 5 420

Tanrının xalqımıza bəxş etdiyi bəsirətli Şəxsiyyət TƏHLİL

image

Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı zamanın onun hakimiyyət illərini bizdən uzaqlaşdırmasına baxmayaraq böyük qürur və şərəf hissi ilə Heydər Əliyev ucalığını, onun dahiliyini və böyüklüyü daha aydın görür. Azərbaycanın, xalqımızın taleyində XX əsrin 70-ci illərindən bu əsrin əvvəllərinədək olan taleyüklü bir dövrdə Ulu öndər öz adını ictimai-siyasi fəaliyyəti, gördüyü işləri, atdığı cəsarətli addımları və milli vətənpərvərlik təfəkkürü ilə Azərbaycan tarixinə, xalqımızın ictimai-siyasi fikir tarixinə əbədi həkk etmişdir. Ümummilli liderin dünyaya nümunə olacaq şəxsiyyəti haqqında onun adına layiq kifayət qədər sanballı, olduqca dəyərli, dünya şöhrətli bu dahi şəxsiyyətin xalqımızın xoşbəxt gələcəyi uğrunda göstərdiyi titanik işlərin bütün çalarlarını ifadə edə biləcək layiqli sözlərin dünyaya çatdırılması missiyası hələ qabaqdadır. Ulu öndər bütün türk dünyasının qəbul etdiyi, inkaredilməz qürur mənbəyi, xalqımızın imza atdığı bütün uğurların müəllifi, xoşbəxt gələcəyimizin təməlini qoyan əvəzsiz lider, millət atasıdır.Böyük qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyevin Azərbaycanımız, xalqımız, millətimiz, dünya azərbaycanlıları, bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün nadir şəxsiyyət olması danılmaz bir həqiqətdir. Müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, Ümummilli lider adını qazanmışdır. Dünyanın zəngin tarixə malik ən qədim xalqlarından biri olan xalqımız bəşəriyyətə çox böyük dühalar, dünyanın qəbul etdiyi dahilər, nəhəng elm, poeziya, sənət korifeyləri, çox görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, nəhəng dövlət və ictimai - siyasi xadimlər bəxş etmişdir. Kifayət qədər böyük yaşı olan dövlətçilik tariximiz bu dahi şəxsiyyətlərin adlarını qoruyub saxlamış, nəsildən-nəsilə, əsrdən-əsrə keçirmiş, onlara layiq olduqları əbədiyyət abidəsi yüksəltmişdir. Bu şəxsiyyətlər xalqımızın milli-mənəvi dəyərlərinin, onun dilinin və dininin, zəngin mənəvi dünyasının qoruyucusu olmuş, onları qoruyub saxlamış və daha da inkişaf etdirmişlər-bu işləri ilə onlar adlarını tariximizə qızıl hərflərlə yazmış, əsl xalq rəhbəri, vətənpərvər lider olmuşlar. Tam məsuliyyətlə, heç bir mübaliğəsiz demək olar ki, tarixin bizə bəxş etdiyi xalqımızın bu ulu, nəhəng övladları içərisində öz möhtəşəmliyi uca zirvədə dayanan şəxsiyyətlərdən biri də məhz Ümummilli lider statusu qazanmış Heydər Əliyev olmuşdur.Yaşanan tarix göstərir ki, hər bir xalqın öz milli azadlığına və dövlət müstəqilliyinə qovuşması, əsasən, onun üçün yaranan tarixi şans, onun milli iradəsi və xalqı arxasınca apara bilən liderə malik olması ilə bağlıdır. Tarix gedişində liderlik funksiyasını daha çox öz şəxsi nüfuzu, yüksək təşkilatçılıq bacarığı, ictimai və siyasi fəallığı, təşəbbüskarlıq qabiliyyəti, məntiqi düşüncəsi, yaradıcılığı və enerjisi ilə digərlərindən, hətta öz apponentlərindən belə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, öz əməlləri ilə xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Bu statusu qazanan şəxslərin ictimai-siyasi fəaliyyətinin universallığı insan qruplarının, təşkilatların və hərəkatların birgə fəaliyyətinin liderə ehtiyac duyması ilə şərtlənir. Siyasi lider heç də yalnız siyasi proseslərə başçılıq edən, cəmiyyətin idarə olunması kimi mürəkkəb funksiyaları həyata keçirən, ölkədə fəaliyyət göstərən siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyildir- o, hər şeydən əvvəl, baş verən hadisələrin gedişini dəyişdirməyə, mürəkkəb siyasi prosesləri istiqamətləndirməyə qadir olan əvəzsiz şəxsiyyətdir. Tarixin bütün mərhələlərində görkəmli şəxsiyyətlər özləri mövcud şəraiti yaradır və onu tələb olunan istiqamətə yönəltməklə qarşıda dayanan məqsədləri reallaşdırmağa nail ola bilirlər. Siyasi baxımdan naşı olanlar, siyasi səbatsızlar isə bu siyasi vəziyyətin əsirinə çevrilir, qurulan tələdən çıxa bilmir, hadisələrin axarına düşüb fəaliyyətsiz axırlar. Bəşəriyyətin tarixi gedişində hər bir xalqın tarixi əsasən ona rəhbərlik etmiş böyük siyasi kporifeylərin, parlaq tarixi şəxsiyyətlərin çoxşaxəli fəaliyyətlərində öz təsəccümünü tapmışdır.Ümummilli lider hakimiyyətdə olduğu illərdə xalqımızı üzləşdiyi tarixin ağır sınaqlarından məharətlə çıxararaq, onu böyük inkişafa və sürətli tərəqqiyə doğru aparmışdır. Üç onillikdən artıq bir vaxtda böyük bir məmləkətə rəhbərlik etmək heç də hər dövlət və siyasi xadimə qismət olmamışdır-həm də bu illər görülən işlər öz miqyasına, əhatəliyinə görə də müqayisə olunmaz dərəcədə böyük olmuşdur. Məhz onun hakimiyyəti illərində Azərbaycan Respublikası aqrar məmləkətdən yüksək inkişaf etmiş sənaye ölkəsinə çevrilmişdir. Həmin dövrdə qısa vaxt ərzində respublika təkcə keçmiş SSRİ məkanında deyil, həm də bütün dünyada tanınmağa başladı. Bütün dünyanın Azərbaycanı və azərbaycanlıları Heydər Əliyevin timsalında tanıması da tarixi bir həqiqətdir-məhz bu baxımdan Ulu öndər sözün həqiqi mənasında Böyük Azərbaycanlı idi. “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam…”-deyən Ümummilli lider azərbaycanşılığın təşəkkülündə əvəzsiz rol oynamışdır, o dilimizin, milli mədəniyyətimizin tərəqqisi, inkişafı üçün titanik işlər görmüşdür. Onun təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr, heykəllər ucaldıldı, şair və yazıçılarımızın təkcə respublika çərçivəsində deyil, həm də ümumittifaq, ümumdünya miqyasında yubileyləri keçirilmişdir.Böyük bəsirətlik bacarığı olan Ulu öndər imperiya müstəmləkəsi dövründə Azərbaycanın parlaq gələcəyini, onun müstəqilliyini görürdü və ona görə də öz ölkəsini dünyada tanıtmağa çalışırdı. Milli liderin böyük vətənpərvərliyi, xalqsevərliyi 90-cı illərdə özünü daha açıq göstərdi-məkrli, naqis qonşuların Vətənimizə təcavüzünə və bu təcavüzə M.Qorbaçov başda olmaqla mərkəzi hakimiyyətin dəstəyinə ilk kəskin etiraz səsini ucaldan, partiya biletindən imtina edən, heç bir siyasi təqibdən çəkinmədən, qorxmadan, milli cəsarətlə sovet hakimiyyətinə qarşı tənqidlər söyləyən də ilk öncə məhz o oldu. Bu cəsarətli çağırışla xalq ayağa qalxdı, Azərbaycan öz müstəqilliyinə qovuşdu. Belə bir mürəkkəb dövrdə müstəqil Azərbaycanın keşiyində xalqın arxalandığı böyük şəxsiyyət dayandı. Müstəqillik qazanmış Azərbaycanın başının üstünü qara buludlar aldığı, Azərbaycan parçalanmaq həddinə çatdırıldığı, ölkəmizin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi yarandığı bir vaxtda xilaskarlıq missiyasını məhz Heydər Əliyev öz üzərinə görürmüşdür. Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. 90-cı illərdə ölkədə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü, böyük dövlətlərin, xain ermənilərin təbliğatına uyan bəzi daxili separatçı qüvvələr də baş qaldırmışdı - belə bir şəraitdə Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gətirildi. Bu hadisə Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən qorudu, Heydər Əliyev fenomeni, Heydər Əliyev cəsarəti və müdrikliyi qazanılan müstəqilliyin qarantı oldu. Dünyanın aparıcı dövlətlərinin Sovet imperiyasını dağıtmaqla bağlı böyük planının tərkibinə həm də yaranan yeni müstəqil, kifayət qədər iqtisadi qüdrəti olan dövlətlərin dağılması planı da daxil idi. Azərbaycanı cənubda talış, şimalda ləzgi, qərbdə erməni separatçılarının əli ilə dağıtmaq nəzərdə tutulmuşdu. Əgər bu böyük şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi, məhz onun fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz müdrik liderinə güvənməsi və geniş xalq məhəbbəti bir vəhdətdə birləşdiyindən Azərbaycan dövlətçiliyi xilas oldu. Ulu öndər məhz həmin bölgələrdən olan sağlam düşüncəli, Azərbaycanı öz doğma Vətəni hesab edən adamların dəstəyi ilə ölkəmizin bütövlüyünü qoruya bildi. Ümummilli liderin gərgin fəaliyyəti nəticəsində ölkədə sabitlik yarandı, demokratik yol amalımıza çevrıldi, ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı, onun ən böyük əsəri olan azərbaycançılıq ideologiyasını dövlətin əsas ideologiyası səviyyəsinə qaldırıldı. Ulu öndərin tarixi zərurətdən irəli gələn möhtəşəm tarixi qayıdışı zərurətinin nəzəri-ideoloji əsası özünün ifadəsini güclü şəxsiyyət ideyasında tapır. Heç şübhə yoxdur ki, Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli ictimai düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ilk növbədə xilaskarlıq missiyası yerinə yetirirdi. Azərbaycan xalqı Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşır, ona xilaskar kimi baxırdı. Azərbaycanın müasir tarixinin real təhlükələrin altında, sözün həqiqi mənasında, əzildiyi, ölkənin parçalanma təhlükəsi ilə üzləşdiyi bir vaxtda ictimai düşüncədə xilaskar Ümummilli lider Heydər Əliyev obrazının formalaşmasının təsadüfi olmadığını əsaslandırmağa cəhd etmək, fikrimcə artıqdır. Ulu öndərin məlum tarixi proseslərin müasiri olması faktı kifayət edirdi ki, xalq öz taleyinin xilas edilməsini ona həvalə etsin-o da ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı. Heydər Əliyevin xilaskarlıq missiyasının fəlsəfəsinə nəzər saldıqda görürük ki, onun şəxsiyyətinin əzəməti və miqyası onun tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmır-əslində, o, Azərbaycanın düçar olduğu vəziyyətdən xilasını geniş planda ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi vəziyyətin yaradılmasında görürdü.Ümummilli lider yaxşı bilirdi ki, hər bir xalqın, o cümlədən azərbaycanlıların müasir dünyada özlərinə layiqli yer tutmasının mühüm göstəricilərindən biri məhz yüksək ədalət anlayışının ifadəsi olan hüquq prinsiplərinə və onun ali məcmusu olan qanunlara münasibəti əsaa şərtdir və öz siyasi fəaliyyətində bunu əldə əsas tuturdu. Hələ eramızdan əvvəl meydana çıxan ilk sivilizasiyalar Hammurapi qanunları, Drakon qanunları, XII lövhə qanunları kimi unudulmaz hüquqi abidələr yaratmaqla insan cəmiyyətinin mövcudluğunun və birgə yaşayışının başlıca şərti kimi qanunlara riayət etmənin ən vacib şərt olduğunun əhəmiyyətini aydın şəkildə dərk etmişdirlər. Bu proses orta əsrlərdə də davam edərək, bugünkü müasir qloballaşan dünyanın mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi münasibətlər sistemini tənzimləyən Əsas Qanuna-Konstitusiyaya qədər keşməkeşli, lakin daim inkişafda olan uzun bir yol keçmişdir. Ulu öndər öz çıxışlarında dəfələrlə xüsusi vurğulamışdır ki, Konstitusiya elə bir sənəd olmalıdır ki, demokratiyanın əsas qanununa uyğun olaraq hakimiyyətdə olan siyasi qüvvələr dəyişildikcə Əsas Qanunu da dəyişdirmək zərurəti meydana çıxmasın. Bəzi hallarda Konstitusiya qəbul etmək, yaxud onu əsaslı şəkildə dəyişdirmək cəhdləri bu və ya digər qüvvələr tərəfindən narazılıqla qarşılanır, nəticədə siyasi böhranlar yaranır-bizim günlərimizdə, postsovet məkanı dövlətlərində baş verən siyasi proseslərə diqqətlə nəzər salmaq dediklərimizi təsdiqləyir. Deyilənlərin sübutu kimi belə bir faktı da göstərmək olar ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika şəklində meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyəti, yaxud SSRİ-nin parçalanması nəticəsində öz dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikasında hakimiyyətə gəlmiş iqtidar bütün cəhdlərinə baxmayaraq öz sələflərindən tamamilə fərqlənən yeni müstəqil dövlətin Konstitusiyasını qəbul edə bilmədilər. Azərbaycan Konstitusiyasının qəbul edildiyi ərəfədə ölkədə vəziyyət sabit deyildi-dövlət çevrilişi cəhdləri ara vermirdi. İlk baxışdan təsəvvür edilməsi çətin olsa da, belə cəhdlərə ölkənin yüksək vəzifəli şəxsləri – baş nazir, digər yüksək rütbəli məmurlar başçılıq edirdilər. Vətəndaş müharibəsi təhlükəsi hələ sovuşmamışdı-dövlətdə təmsil olunan yüksək vəzifəli və rütbəli şəxslər öz siyasi ambisiyalarını dövlət maraqlarından üstün tutur, öz xalqı və dövləti ilə ultimatum dilində danışmağa üstünlük verirdilər. Dövlətə sədaqətli şəxslər terror vasitəsilə aradan götürülür, vətəndaşlarda vahimə, qorxu hissləri yaradılırdı. Müstəqilliyin ilk illərində bağlanmış və hakimiyyətdə olan qüvvələrin mənafeyini əks etdirən neft müqavilələri ləğv edilmiş, yeni müqavilələrin bağlanması ərəfəsində xarici investorlar qorxudularaq ölkədən uzaqlaşdırılmışdır. Cəbhədə əldə edilmiş atəşkəs kövrək idi-vaxt isə gözləmirdi. Belə bir şəraitdə Konstitusiyanın qəbul edilməsi ölkədə ictimai - siyasi sabitliyin bərqərar olmasına, əhali arasında dövlətə inamın artmasına, bu proseslərdə ləngimək isə vəziyyətin daha da pisləşməsinə gətirə bilərdi. Bütövlükdə xalqın, dövlətin və hər bir vətəndaşın taleyinə birbaşa və həlledici təsir göstərən Azərbaycan Respublikasında Konstitusiya qəbulu kimi nəhəng siyasi prosesin uğurunu şərtləndirən ən mühüm amil bu prosesin müdrik dövlət rəhbəri, ümummilli lider, xarizmatik şəxsiyyət tərəfindən idarə edilməsi idi. Həmin anda Azərbaycanın yeganə ümidi, böhranlı vəziyyətdən ən etibarlı çıxış yolu dövlətin sükanı arxasında belə bir şəxsiyyətin olması idi-bu xalqını, onun dövlətini taleyüklü anda xilas etmək missiyasını öz üzərinə götürən ümummilli lider Heydər Əliyev idi.1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi-komissiyaya hər üç hakimiyyət qanadının rəhbərlərindən əlavə, ictimai elmlər sahəsində tanınmış mütəxəssislər, görkəmli elm xadimləri, ictimai və yaradıcılıq təşkilatlarının rəhbərləri daxil edilmişdir. “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni, dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin Konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu proseslərini və bunu təmin etmək üçün bütün şərtləri, müddəaları Konstitusiya özündə əks etdirməlidir. Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir. Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır”-deyən Heydər Əliyev özünü tamamilə yeni bir formada – konstitusiyaçı alim kimi göstərərək dünya konstitusiyaçılığının bütün problemlərini öyrəndiyini, görkəmli Qərb filosoflarının Konstitusiya və dövlətlə bağlı elmi irsinə də mükəmməl yiyələndiyini nümayiş etdirdi. Ulu öndər xüsusilə vurğulamışdır ki, “Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidirlər. Müstəqil Azərbaycan dövlətinin Əsas Qanununda insan haqları, insan azadlıqları, insanların cəmiyyətdə bərabər hüquqa malik olması, bütün azadlıqlar öz əksini tapmalıdır”.Ümummilli lider layihənin giriş hissəsində milli dövlətçilik ənənələrini, Azərbaycanın dövlət müstəqilliyi ilə əlaqədar fikirlərin əks olunması zərurətini qeyd edərək bu hissəsini Azərbaycanın dövlət müstəqilliyi ilə əlaqələndirməyin vacibliyini, insan hüquqları, azadlıqları haqqında olan maddələrin dəqiqləşdirilməsini, təkmilləşdirilməsini, vətəndaşların vəzifələrinin daha dəqiq ifadə olunmasını, bu maddələrin daha da genişləndirilməsini xüsusi vurğulamışdır.Hələ 1977-ci il SSRİ Konstitusiyasında Ulu öndər çox ciddi maneələrə baxmayaraq böyük əzmkarlıqla Moskvadakı partiya rəhbərliyinin iradəsinə zidd olaraq Azərbaycan dilinin respublikanın dövlət dili olduğunu Konstitusiyada təsbit edə bilmişdir. Müstəqillikdən sonra ilk qəbul olunan Konstitusiya ilə bağlı narazılıqlar atrıq ölkənin daxilində idi-buna baxmayaraq son nəticədə Heydər Əliyev müdrikliyi qalib gəldi-Azərbaycan dili dövlət dili oldu, ana dilimizin haqq etdiyi tarixi adı özünə qaytarıldı. Yalnız bu işinə görə-belə işlər isə onun taleyində kifayət qədər çox olmuşdur – Heydər Əliyevin adı Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdır.Beləliklə, 12 noyabr 1995-ci ildə Ümummilli liderin şah əsəri - 158 maddə, 12 keçid müddəası, 5 bölmə və 12 fəsildən ibarət müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Azərbaycan dövlətçiliyi tarixində ən mühüm hüquqi - siyasi sənəd olan Konstitusiya bu gün də ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi nəhəng islahatlar prosesinin istinad etdiyi etibarlı normativ sənəddir. Müstəqil ölkəmizin ilk Konstitusiyası hüquq tariximizə qızıl hərflərlə əbədi həkk olunmuşdur-ilk Konstitusiyamız müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir.Müstəqil Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir. Azərbaycanda bu potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər kəsi qane edə biləcək milli siyasət strategiyasının həyata keçirilməsi, eyni zamanda xarici siyasət kursunun prioritetlərinin doğru-düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Ötən əsrin sonlarında sosializm sisteminin uğursuz sonluğu və sovetlər birliyinin süqutu nəticəsində yeni dünya düzəninin formalaşması yenicə müstəqillik əldə etmiş ölkələri siyasi oriyentasiya problemi ilə üz-üzə qoymuşdu. Həmin dövrdə Azərbaycanda digər sahələrdə olduğu kimi, xarici siyasətdə də qarışıqlıq mövcud idi. Dövlətin xarici siyasət konsepsiyasında ardıcıllığın, prinsipiallığın olmaması ölkə daxilindəki problemlərin daha geniş vüsət almasını şərtləndirir, respublikanın düşdüyü gərgin vəziyyətdən çıxmasına əngəl törədirdi. Lakin dünya şöhrətli siyasətçi, siyasi gerçəklikləri dərindən analiz etmək və nəticə çıxarmaq qabiliyyətinə malik olan Ümummilli liderin Azərbaycanda hakimiyyətə tarixi dönüşü xarici siyasətdə də yeni pəncərə açdı. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində vəziyyəti dəyişdirmək, bölgədə və ümumilikdə, dünyada Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün oldu. Dövlət başçısının xarici ölkələrə ardıcıl səfərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlər, aparılan gərgin danışıqlar nəticəsində qısa zaman ərzində ermənilərin ərazimizə təcavüzü, ölkənin sosial - iqtisadi vəziyyəti və potensialı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış, respublikanın xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edilmişdir. Bu gün müşahidə etdiyimiz gerçəklikləri o dövrün çətin reallıqları ilə müqayisə etdikdə görərik ki, Heydər Əliyev ölkəmizin qarşısında duran problemlərin həllinə nail olmağı, dövləti böhranlı durumdan çıxarmağı bacarmışdır-eyni zamanda zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş xarici siyasət kursu özünü bütün mənalarda doğrultmuşdur. Əgər ötən əsrin sonlarında qazanılmış dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın, sadəcə, siyasi kuluarlarda tanınan bir ölkə olduğunu nəzərə alsaq, bu gün aypara ulduzlu, üç rəngli bayrağın hansı dövlətin rəmzi olduğunu artıq bütün dünyanın dərk etməsinə, sadəcə, sevinməklə kifayətlənməyib, bundan həm də qürur hissi keçirməliyik. Ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi və diplomatik səyləri nəticəsində Azərbaycan haqqında vaxtilə formalaşmış mənfi rəy artıq tamamilə dağıdılmışdır - indi artıq Azərbaycan üzərinə götürdüyü öhdəlikləri məsuliyyət və qətiyyətlə yerinə yetirdiyinə görə beynəlxalq təşkilatlar üçün çox önəmli tərəfdaşlardan biridir. Məhz Ulu öndərin səyi nəticəsində yenicə müstəqillik yoluna qədəm qoyan ölkəmiz Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilmişdir-son illər ərzində görülən müsbət işlərlə bağlı müsbət mesajlar alırıq. Bununla belə bizi tənqid edənlər də var-təəssüf ki, çox vaxt bu tənqidlər qərəzli xarakterdə olur, dini amillər də burada mühüm rol oynayır. Hakimiyyətə can atan bəzi üzdəniraq “siyasi xadimlərin” canfəşanlığı da az deyildir-ancaq unutmaq lazım deyil ki, tənqid hər zaman var. Demokratiya baxımından ən inkişaf etmiş ölkələr də bəzən Avropa Şurası tərəfindən tənqid edilir - bu, normaldır. Tənqid obyektiv olduqda və bizim inkişafımıza xidmət etdikdə ona çox dözümlü yanaşırıq. Azərbaycan islam mədəniyyətinin mərkəzlərindən biridir və müsəlman dövlətləri ilə də fəal əməkdaşlıq edir - bu hal da Qərbdə olan siyasi oppenentləri narahat edir. Ümummilli lider özünəməxsus olan qeyri-adi istedad, yeniliyi duymaq, dövrün nəbzini tutmaq kimi keyfiyyətlərə malik olsa da, hər halda əvvəlki dövrdə, əvvəlki idarəetmə sistemində, əvvəlki iqtisadi münasibətlər şəraitində yetişib formalaşmışdır. Yeni dövrün tələblərinə uyğunlaşmaq və dövləti, cəmiyyəti bu istiqamətə yönəltmək üçün Heydər Əliyev keçmiş idarəçilik vərdişləri üzərində qələbə çalmaq, iş təcrübəsini daim yeniləşdirmək sahəsində böyük əzmkarlıq göstərirdi-zahirən hiss olunmasa da, bu yol böyük daxili dramatizmi olan ağır bir yol idi. Bəsirətli və qeyri-adi şəxsiyyət olan Ulu öndər həm zaman üzərində, həm uzun müddət sədaqətlə xidmət etdiyi bir ideologiya üzərində qələbə çalmaq üçün böyük intellektual və iradi enerji sərf etməli olmuşdur. Məhz onun iradəsi hesabına formalaşan Azərbaycan bu gün heç bir xarici dövlət üçün sınaq laboratoriyası rolunu oynamır, o öz yolunu müəyyənləşdirib və bu yolda qarşıya çıxan istənilən əngəllərlə lazımınca mübarizə aparmaq iqtidarındadır. Ümummilli liderin siyasi iradəsi nəticəsində Azərbaycan heç zaman qarşıdurma, rəqabət məkanı olmayıb və bundan sonra da olmayacaqdır. Bütün dünyada ölkəmizlə bağlı hakim düşüncə ondan ibarətdir ki, Azərbaycan dünyada əməkdaşlıq, işbirliyi, iqtisadi layihələr və sosial məsələlərin həlli üçün münbit şəraitə malikdir, eyni zamanda dünyada sivilizasiyalararası dialoqun gücləndirilməsi üçün əvəzolunmaz rol oynayır. Azərbaycanın xarici siyasətində bir tərəfdən digər ölkələrlə dostluq, qonşuluq, əməkdaşlıq münasibətlərinə ciddi önəm verilir, digər tərəfdən ölkəmizin milli təhlükəsizliyinə və milli maraqlarına zidd olan hərəkətlərə də adekvat reaksiya həmişə özünü göstərir-günümüzün reallığı məhz budur. Azərbaycanın mövqelərinin güclənməsi, beynəlxalq aləmdə çəkisinin artması və daha qüdrətli dövlət olması xarici siyasət üçün müəyyənləşdirilmiş prioritetlərdəndir. Dövlətimizin Ulu öndər tərəfindən əsası qoyulan ölkəmizin xarici siyasət strategiyası təkmilləşmiş, diplomatik əlaqələri uğurla inkişaf etmiş və Azərbaycan artıq dünyanın, o cümlədən Qərb dünyasının, xüsusilə, Avropa sivilizasiyasının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.Müstəqil Azərbaycan Respublikasının banisi kimi Ümummilli lider dövlətçilik sahəsində böyük tarixi işlərə imza atmışdır. Həm sovet dönəmində, həm də Azərbaycanın müstəqilliyi dövründə Heydər Əliyev həmişə ziyalılara, əmək adamlarına diqqət və qayğı göstərmişdir. Azərbaycanın müstəqilliyi dövründə ölkə rəhbəri ziyalılara həm mənəvi, həm də maddi dayaq olmuş, çoxlu sayda yazıçı, şair və ədibə, artist və musiqiçilərə prezident təqaüdü ayırmışdır. Bu gün bu ənənə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli lider bir insan ömrünə sığmayan titanik işlər gördü-onun dilimiz, dinimiz və tariximiz üçün gördüyü böyük işlər hələ sağlığında ikən ona heykəl ucaldılmasına əsas verirdi. Ulu öndər öz dilini sevir, ona hörmətlə yanaşırdı - onun “Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə islam dininə, mədəniyyətinə mənsub olması ilə fəxr edir”-ifadəsi dünyanı təmsil edən görkəmli din xadimlərini, teoloqları ovsunlamışdır. Böyük tarixi şəxsiyyətlərin bəşəriyyət qarşısındakı rolunu adekvat şəkildə qiymətləndirmək heç də asan məsələ deyildir, bu, həm də onunla əlaqədardır ki, dünya miqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini də müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar sanki tarixin elə özünü yaradırlar-tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər məhz intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ümummilli liderin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir.

Yaşar Əhmədov

Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“Humanitar fənlər” kafedrasının dosenti

Digər xəbərlər