Siyasət

  • 1 742

Tarixi həqiqəti bərpa etmək haqqımızdır TƏHLİL

image

İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Bu torpaqların ən qədim yerli əhalisi Azərbaycan türkləri olub. İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır və bu ərazidə qədim abidələrimizin mövcudluğu onun xalqımıza məxsusluğunu sübut edən amillərdəndir. Ermənilər Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışmışlar. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdların tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

ERMƏNİSTANIN YERLƏŞDİYİ ƏRAZİ QƏDİM TÜRK, AZƏRBAYCAN TORPAQLARIDIR

Qərbi Azərbaycan ölkəmizin tarixinə görə qədim bölgələrdən biridir. Burada mövcud olan qəbirsanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları var idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə - Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s. mövcud idi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. Mənbələrdə qeyd olunur ki, İrəvanda məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

ERMƏNİLƏRƏ MƏXSUS YAŞI 200 İLDƏN ARTIQ BİR DƏNƏ DƏ OLSUN TARİXİ-MEMARLIQ ABİDƏSİ MÖVCUD DEYİL

Böyük bir irsin nümunələri bu yerlərdədir. 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bir dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.
XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri mövcudluğunu qoruyub saxlayırdı.
Onu da qeyd edək ki, abidələr kompleksinin ən mühüm hissəsi Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının yalnız xarabalıqları qalır. Bu gün İrəvan şəhərində mövcud olmuş mülki memarlıq nümunələrindən ən diqqətçəkəni İrəvan qalasındakı Xan sarayı, yaxud Sərdar sarayına nəzər salacağıq. İstər Səfəvilər, istər Nadirşahlıq, istərsə də Qacarlar dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur. İrəvan qalasının və Xan sarayının Rusiya işğalından sonra çəkilmiş cizgilərinin bir qismi hazırda İrəvan şəhər tarix muzeyində saxlanılır. Saray qala kompleksinin şimal-qərb hissəsində yerləşmiş və qaladan saraya qapı açılırmış. İrəvan Xan sarayını 1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman səyyahı Avqust fon Haksthauzen də ətraflı təsvir etmişdir.
Sənətşünas alim N. Miklaşevskayanın yazdığına görə, Sərdar sarayı 1914-cü ildə dağıdılmışdır və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın divarlarında 2x1 m ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki Hərb-Tarix muzeyinə təhvil verilmişdir. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan Incəsənət Muzeyinə verilmişdir.

İRƏVAN ŞƏHƏRİNDƏ AZƏRBAYCANLILARA MƏXSUS OLAN BİR ÇOX TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ YER ÜZÜNDƏN SİLİNİB

Mənbələrdə qeyd olunur ki, fotoqraf D.Yermakovun XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan Xan sarayının bütün detallarını əhatə edən fotoşəkilləri hazırda Gürcüstan Dövlət Muzeyində D.Yermakova aid kolleksiyada saxlanılır. Köhnə İrəvana aid şəkillər içərisində İrəvan qalasının və Xan sarayının 1916-cı ildə çəkilmiş fotoşəkilləri mövcuddur. Görünür, Xan sarayının 1918-ci ildə yer üzündən silinməsi haqqında bəzi müəlliflərin yazdıqları həqiqətdir. Çünki 1918-ci ildə İrəvan quberniyası ərazisində erməni-daşnak hökuməti qurulmuş, azərbaycanlılara qarşı soyqırım həyata keçirilmişdi. İrəvan şəhərində azərbaycanlılara məxsus olan bir çox tarixi-memarlıq abidələri də məhz həmin dövrdə yer üzündən silinmişdir.
Xan sarayı erməni vandalları tərəfindən Yer üzündən silinsə də, günümüzədək gəlib çatan məlumatlar, arxiv sənədləri, rəsm əsərləri, fotolar İrəvan Xan sarayı kompleksinin tam mənzərəsini yaratmağa imkan verir.
İrəvanda Xan sarayının üslubunda inşa edilmiş tarixi-memarlıq abidələrindən biri də Pənah xan Makinskinin evi idi. İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında yerləşirdi. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. Pənah xanın evi İrəvanda dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına salınsa da, ötən əsrin 60-cı illərində onun da aqibəti azərbaycanlılara məxsus digər tarixi-memarlıq abidəsi kimi olmuş, dağıdılaraq yer üzündən silinmişdir.
İrəvan xan sarayı kompleksinin həmyaşıdları – Bakıda Şirvanşahlar sarayı, Şəkidə Xan sarayı kompleksləri bu gün də yaşayır, keçmişdən bu günə soraq verirlər. İrəvanda isə keçmişdən soraq verən tarixi abidələr məhv edilmişdir. Şərq memarlığının nadir incisi hesab edilən İrəvan xanlarının saray kompleksi ermənilərin dağıdıcı fəaliyyətləri nəticəsində yüz ildir ki, tarixin yaddaşına köçüb.
Prezident İlham Əliyev çıxışlarında ermənilərin vandallıq əməllərini ifşa etmişdir. "İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib", - deyərək bildirib ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub.
Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesi 90-cı illərdən sonra geniş vüsət alıb. Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində Ermənistan dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etmək haqqıdır. Təbii ki, Azərbaycanın əsrlərə söykənən tarixi faktları kifayət qədərdir ki, hər bir ərazimizin coğrafi-tarixi mənbələrini əsaslandırmağa dəlillərimiz var.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər