"Son iyirmi ildə afrikalı müasir rəssamlara marağın artdığını müşahidə edirik. Mən Böyük Britaniyada yaşayıram, buna görə müəyyən mənada hadisələrin mərkəzindən bir qədər uzağam. Bununla belə, bir il boyunca müasir Afrika incəsənəti barədə müzakirələrlə müşayiət olunan "Afrika 95" sərgisini yaxşı xatırlayıram. Məhz həmin dövrdə bir çox rəssamlar ilk dəfə geniş şöhrət qazandılar".
SİA xəbər verir ki, bunu YARAT Müasir İncəsənət Məkanında keçirilən "Ex Africa semper aliquid Novi" sərgisində əsərləri nümayiş etdirilən rəssam Meri Evans deyib.
"Yadımdadır, 2000-ci ildə Niderlandın Cənubi Hollandiya vilayətində keçirilən sərgidən sonra iştirakçılardan biri mənə belə bir sual vermişdi: "Bunda Afrikaya xas nə var ki? Bu, sadəcə incəsənətdir". Belə sərgilərdə iştirak edərkən tez-tez öz-özümə soruşuram: "Ümumiyyətlə, insanlar müasir Afrika incəsənəti deyəndə nəyi nəzərdə tuturlar?" Məncə, o, digər müasir incəsənət formalarından heç nə ilə fərqlənmir".
M.Evans bildirir ki, öz əsərlərində o, ümumbəşəri ideyaları çatdırmağa çalışır: "Əsərlərimdəki fiqurlar mənim afrikalı bədənlərə dair təsəvvürümdən qaynaqlanır, amma irqindən asılı olmayaraq, istənilən insan onları görə və ümid edirəm ki, özünü həmin fiqurlara bağlılığı hiss edə bilər. İnsanların nəsil artırması bütün bəşəriyyətin metaforasıdır. Əsərlərim inklüzivdir, çünki cəmiyyətimiz müxtəlifdir. Mən yaradıcılığım vasitəsilə məhz bu inklüzivliyə çağırıram", - deyə o vurğulayıb.
“Vallonların baş komissarları” rəsmində əlində kometa tutan bir kişi təsvir olunub...