Sərraf Talıbov artıq Azərbaycan ədəbi aləmində öz sözünü deyən qələm sahibidir. Uzun illərdir yazıb-yaratmadan doymur. Hazırda o, Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri vəzifəsində çalışır.
Sərraf Talıbovun (Sərraf Talıb) yeni kitabı işıq üzü görüb. Belə ki, “Mən doğulmadım ki...” adlı kitaba müəllifin son illərdə yazdığı şeirlər, poemalar, dünya ədəbiyyatından etdiyi tərcümələr və yaradıcılığı haqqında qələmə alınmış ədəbi-tənqidi məqalələr daxil edilib.
“İmza” nəşrlər evində çapdan çıxan “Mən doğulmadım ki...” kitabı müəllifin sayca beşinci kitabıdır. Bundan əvvəl şairin “AMEA Lənkəran REM (2015-2020): Uğurlu nəticələr, yeni hədəflər” (2021), “Bu yerin üstü də məni tanımır” (2022), “Sonuncu sağlıq” (2023) və “Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı müstəvisində” (2026) adlı kitabları işıq üzü görüb.
Onu da bildirim ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı Sərraf Talıbın indiyədək 200-dən çox müxtəlif janrlı məqaləsi, dünya ədəbiyyatından etdiyi tərcümələr və şeirləri qəzet, jurnal və internet resurslarında dərc edilib.
“Mən doğulmadım ki...” kitabın ön sözün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira İsmayılovanın yazdığı kimi, Sərraf Talıbın yeni kitabını doğum gününə - 70 illik yubileyinə şairin özünə özəl hədiyyəsi, hesabatı, oxucularla növbəti könül söhbəti də adlandırmaq olar: “... Kitabdakı şeirləri, ədəbi-bədii yazıları oxuduqca bir daha dərk edirsən ki, yaxşı şeirin, dəyərli bədii sözün zaman-məkan sərhədi olmur, bütün zamanlarda xiridarları olur”.
Kitabın redaktoru AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları - Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist İltifat Əhmədovdur. Fəranə Mikayılova korrektoru, Kamil Cabbarov isə texniki redaktorudur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü