PDF Oxu

Mədəniyyət

  • 1 692

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

image

Naxçıvan Dövlət Kukla Teatrı ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Ərzurum Şəhər Teatrının yaradıcı heyəti Naxçıvana səfər edib.

SİA xəbər verir ki, Naxçıvan Dövlət Kukla Teatrında qonaq kollektivin böyüklər üçün nəzərdə tutulmuş "Madmazelin pişiyi" tamaşası nümayiş etdirilib.

Tədbirdə əvvəlcə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov çıxış edərək iki teatr arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, belə görüşlərin mədəni əlaqələrin inkişafına, yaradıcı kollektivlər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə və müxtəlif teatr nümunələrinin tamaşaçılara təqdim olunmasına töhfə verdiyini bildirib. Səyyad Məmmədov qonaq kollektivin Naxçıvana səfərini yüksək qiymətləndirib, əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının dairə başqanı Ergün Engin çıxışında Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. O, teatrlar arasında əməkdaşlığın yaradıcı kollektivlərin bir-birinin fəaliyyəti ilə yaxından tanış olması, fərqli teatr ənənələrini öyrənməsi və ortaq mədəni dəyərlərin təbliği baxımından əhəmiyyətini qeyd edib. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini vurğulayan Ergün Engin belə səfərlərin qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulunun müavini Ayşə Yıldırım da tədbirdə çıxış edərək Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında teatr sənətinin mühüm rolunu qeyd edərək, bu cür tədbirlərin xalqlar arasında mənəvi yaxınlığın gücləndirilməsinə, ortaq dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verdiyini bildirib. Ayşə Yıldırım iki teatr arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və təşəbbüsün uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.

Sonra Ərzurum Şəhər Teatrının yaradıcı heyəti "Madmazelin pişiyi" tamaşasını Naxçıvan tamaşaçılarına təqdim edib. Tamaşa böyük maraqla qarşılanıb.

Digər xəbərlər