Tarixin elə anları var ki, həmin məqamda atılan bir addım bütöv bir xalqın gələcək taleyini müəyyənləşdirir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması məhz belə tarixi hadisələrdən biri oldu. Azərbaycanın dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, ölkədə siyasi xaosun, iqtisadi böhranın, hakimiyyət böhranının və hərbi-siyasi qarşıdurmanın hökm sürdüyü bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası xalqın xilas və inkişaf istəyinin siyasi ifadəsinə çevrildi. Bu partiyanın yaranması təkcə yeni siyasi təşkilatın formalaşması deyil, müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından da mühüm tarixi hadisə idi. Bu gün 34 illik şərəfli inkişaf yoluna nəzər salarkən bir daha əmin oluruq ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi, xalqın iradəsi və Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin təzahürü idi.
1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslər yaşayırdı. Dövlət müstəqilliyinin yenicə bərpa olunmasına baxmayaraq, ölkədə idarəçilik böhranı dərinləşir, iqtisadiyyat tənəzzülə uğrayır, siyasi qüvvələr arasında qarşıdurma güclənir, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilirdi. Hakimiyyətin səriştəsiz siyasəti, dövlət idarəçiliyindəki boşluqlar və artan anarxiya ölkəni parçalanmaq, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Azərbaycan xalqı ölkəni bu ağır vəziyyətdən çıxara biləcək, dövlətçiliyi qoruyacaq və sabit inkişaf yoluna yönəldəcək güclü siyasi liderə ehtiyac duyurdu.
Xalqın bu istəyi, ilk növbədə, Azərbaycanın zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlı idi. Məhz bu səbəbdən ölkənin tanınmış ziyalıları 1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılması və ona rəhbərlik etməsi təklifini irəli sürdülər. “91-lər”in müraciəti Azərbaycanın siyasi tarixində mühüm hadisəyə çevrildi. Ziyalılar müraciətlərində ölkənin üzləşdiyi problemlərin həllində Heydər Əliyev kimi təcrübəli dövlət xadiminin rəhbərliyinə ehtiyac olduğunu xüsusi vurğulayırdılar.
Ümummilli Lider 1992-ci il oktyabrın 24-də müraciətə cavab verərək yeni siyasi partiyanın yaradılmasının obyektiv zərurətdən irəli gəldiyini bildirdi və onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Bununla da Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Heydər Əliyev partiyanın Sədri seçildi. Beləliklə, ölkənin ağır sınaqlarla üzləşdiyi bir dövrdə xalqın arzu və istəklərindən doğan yeni siyasi təşkilat fəaliyyətə başladı. Yeni Azərbaycan Partiyası yarandığı gündən milli maraqları, dövlət müstəqilliyini, siyasi sabitliyi və Azərbaycanın gələcək inkişafını öz fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyev partiyanın yaranmasının tarixi zərurətdən irəli gəldiyini xüsusi vurğulayaraq demişdir: “YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir”. Bu fikir partiyanın hansı şəraitdə, hansı məqsədlə və hansı xalq iradəsi əsasında yaradıldığını aydın şəkildə ifadə edir.
Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə yalnız siyasi təşkilat kimi formalaşmaq deyil, həm də dövlət müstəqilliyini qorumaq, ölkədə sabitliyi təmin etmək və xalqı vahid məqsəd ətrafında birləşdirmək idi. 1993-cü ildə Azərbaycanda baş verən hadisələr partiyanın yaranmasının nə qədər mühüm və zamanında atılmış addım olduğunu bir daha təsdiqlədi. Ölkədə vətəndaş qarşıdurması təhlükəsinin artdığı, dövlətçiliyin ciddi sınaqlarla üzləşdiyi bir vaxtda xalqın tələbi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. İyunun 15-də Ulu Öndərin Bakıya gəlişi Azərbaycanın müasir tarixində Milli Qurtuluş mərhələsinin başlanğıcı oldu.
Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkədə siyasi sabitlik bərpa edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyinin möhkəm əsasları yaradıldı. Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı istiqamətində ardıcıl islahatlara başlanıldı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi hüquqi dövlət quruculuğunun mühüm mərhələsinə çevrildi. Həmin dövrdə həyata keçirilən tədbirlər ölkənin gələcək inkişafı üçün möhkəm siyasi, hüquqi və iqtisadi təməl formalaşdırdı.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıdı. Bu saziş ölkəmizin zəngin enerji potensialını dünya iqtisadiyyatına təqdim etməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə də mühüm töhfə verdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin reallaşdırılması, yeni enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ölkəmizin gələcək inkişaf perspektivlərini genişləndirdi.
Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması ilə başlayan siyasi proseslər Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ölkəmizin inkişafının əsas istiqamətlərini müəyyən etdi. Bu strategiyanın ən mühüm xüsusiyyətləri milli maraqlara əsaslanması, güclü dövlət quruculuğuna xidmət etməsi, xalq-iqtidar birliyini möhkəmləndirməsi və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsini hədəfləməsi idi.
2003-cü ildən etibarən bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və sosial sahələrdə böyük uğurlara imza atdı. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafı, müasir infrastrukturun yaradılması, enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi Azərbaycanın regional və beynəlxalq mövqelərini daha da gücləndirdi.
Bu dövrdə Yeni Azərbaycan Partiyasının fəaliyyəti də yeni məzmun və keyfiyyət mərhələsinə qədəm qoydu. Partiya Ulu Öndərin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsində, dövlətçilik maraqlarının qorunmasında və cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsində mühüm rol oynadı. YAP artıq yalnız ölkənin aparıcı siyasi təşkilatı deyil, həm də müasir Azərbaycanın siyasi həyatında mühüm ictimai-siyasi institut kimi mövqeyini möhkəmləndirdi.
Şübhəsiz ki, müstəqil Azərbaycanın son onilliklərdə qazandığı ən böyük tarixi nailiyyət torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə bu Qələbənin zirvəsinə çevrildi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam təmin olundu.
Bu hadisələr Azərbaycan dövlətçiliyinin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Uzun illər işğal altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi güclü dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Vaxtilə dağıdılmış şəhər və kəndlərimiz yenidən həyat qazanır. Bütün bunlar Azərbaycanın yalnız hərbi və siyasi Qələbə qazanmadığını, həm də quruculuq və inkişaf əzmini nümayiş etdirdiyini göstərir.
Yeni Azərbaycan Partiyası bu gün də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. 800 mindən artıq üzvü ilə Azərbaycanın ən böyük siyasi təşkilatı olan YAP geniş sosial bazaya, güclü təşkilati struktura və zəngin siyasi təcrübəyə malikdir. Partiya sıralarında gənclərin çoxluq təşkil etməsi onun gələcəyə hesablanmış siyasətinin, yeni nəslin dövlətçilik proseslərinə cəlb edilməsinə verdiyi önəmin göstəricisidir. Gənclərin ictimai-siyasi fəallığının artırılması, onların vətənpərvərlik ruhunda tərbiyəsi və milli dəyərlərə bağlılığının möhkəmləndirilməsi partiyanın fəaliyyətində mühüm yer tutur.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da təşkilatın inkişaf tarixində mühüm siyasi hadisə kimi yadda qaldı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra keçirilən ilk qurultay partiyanın yeni dövrün reallıqlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli oldu. Bu qurultay YAP-ın təşkilati baxımdan yenilənməsi, siyasi fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması və qarşıdakı dövr üçün strateji hədəflərinin müəyyən edilməsi istiqamətində mühüm mərhələ təşkil etdi.
34 il ərzində Yeni Azərbaycan Partiyası mürəkkəb siyasi şəraitdə yaranmış təşkilatdan ölkənin aparıcı siyasi qüvvəsinə qədər böyük inkişaf yolu keçib. Bu yolun hər bir mərhələsi Azərbaycanın dövlətçilik tarixi ilə sıx bağlıdır. Partiyanın yaranması dövlət müstəqilliyimizin qorunması zərurətindən doğmuş, fəaliyyəti isə güclü dövlətin qurulmasına, milli maraqların müdafiəsinə və xalqın rifahının yüksəldilməsinə xidmət etmişdir.
Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixi Zəfərdən sonra formalaşan yeni geosiyasi reallıqlar ölkəmizin qarşısında daha geniş imkanlar açıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirir, milli maraqlarını qətiyyətlə müdafiə edir, iqtisadi və siyasi gücünü artırır. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun zamanın sınağından uğurla çıxdığını və müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildiyini təsdiqləyir.
34 il əvvəl Naxçıvanda atılan tarixi addım bu gün böyük siyasi iradənin, xalqın inamının və milli birliyin rəmzinə çevrilib. Yeni Azərbaycan Partiyasının keçdiyi yol əslində müasir Azərbaycanın dövlətçilik salnaməsinin mühüm bir hissəsidir. Bu yol sabitlikdən inkişafa, müstəqilliyin qorunmasından suverenliyin tam təmin olunmasına, mübarizədən tarixi Zəfərə aparan yoldur.
Bu gün də Yeni Azərbaycan Partiyasının əsas gücü onun xalqla birliyində, milli maraqlara sədaqətində, dövlətçilik ənənələrinə bağlılığında və gələcəyə inamla baxmasındadır. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müəyyənləşən inkişaf strategiyası partiyanın gələcək fəaliyyətinin də əsas istiqamətini təşkil edir.
34 illik tarix bir daha sübut edir ki, Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynayan tarixi siyasi qüvvədir. Bu qüvvənin təməlində xalqın iradəsi, Ulu Öndərin müdrikliyi, milli həmrəylik və güclü Azərbaycan ideyası dayanır. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da müstəqil Azərbaycanın inkişafına, milli maraqlarımızın qorunmasına və dövlətimizin daha qüdrətli gələcəyinin təmin edilməsinə öz töhfəsini verəcək.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı