PDF Oxu

Siyasət

  • 1 055

34 illik şərəfli yol: xilaskarlıq missiyasından tam suverenliyə

34 illik şərəfli yol: xilaskarlıq missiyasından tam suverenliyə

Tarixdə elə məqamlar olur ki, millətin taleyi yalnız siyasi bəyanatlarla deyil, həm də zamanın çağırışlarına cavab verən qətiyyətli iradə ilə həll olunur. 1990-cı illərin əvvəllərində Azərbaycan məhz belə bir taleyüklü sınaq qarşısında idi. Dövlət müstəqilliyini yenicə bərpa edən gənc respublika bir tərəfdən xarici hərbi təcavüz, digər tərəfdən isə daxili xaos və idarəetmə böhranı ilə üzləşmişdi. Belə bir mürəkkəb tarixi şəraitdə xalqın gələcəyə olan ümidini yenidən alovlandıran, cəmiyyəti vahid məqsəd ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) siyasi səhnəyə çıxdı. Bu gün – 2026-cı ilin noyabrında partiyanın təsis edilməsinin 34-cü ildönümü qeyd olunur. Ötən üç onillikdən artıq dövrə nəzər saldıqda, bu siyasi təşkilatın keçdiyi yolun müasir Azərbaycan dövlətçiliyinin salnaməsi ilə sıx bağlı olduğu aydın görünür.

1992-ci ilin mənzərəsi və Naxçıvandan başlanan dirçəliş
1992-ci ilin payızında Azərbaycanda sosial-iqtisadi tənəzzül dərinləşmişdi. Hakimiyyət strukturlarında səriştəsizlik və pərakəndəlik hökm sürür, torpaqlarımızın işğalı prosesi davam edir və vətəndaş qarşıdurması təhlükəsi real xarakter alırdı. Xalqı bu ağır vəziyyətdən çıxara biləcək yeganə lider kimi görülən Ulu Öndər Heydər Əliyevə ölkənin 91 nəfər tanınmış ziyalısı ("91-lər") 1992-ci il oktyabrın 16-da tarixi müraciət ünvanladı. Ziyalıların çağırışına oktyabrın 24-də müsbət cavab verən Heydər Əliyev xalqın iradəsini üstün tutaraq yeni siyasi qüvvənin yaradılmasına razılıq verdi. Nəticədə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ölkənin bütün bölgələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu hadisə ölkənin siyasi həyatında yeni bir mərhələnin başlanğıcını qoydu.
Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik irsi
Yaranmasından cəmi yeddi ay sonra YAP iqtidar partiyasına çevrildi. 1993-cü ilin iyununda Gəncə hadisələri ilə kulminasiya nöqtəsinə çatan dərin siyasi böhran və parçalanma təhlükəsi fonunda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Bakıya qayıtdı. İyunun 15-də Ali Sovetin sədri, oktyabrın 3-də isə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dövlət başçısı və Yeni Azərbaycan Partiyasının sədri kimi fəaliyyətə başlayan Heydər Əliyev on il ərzində ölkəni uçurumun kənarından qaytararaq möhkəm təməllər üzərində qurulan müasir dövlətə çevirdi. Onun rəhbərliyi ilə qısa müddətdə ictimai-siyasi sabitlik bərpa edildi, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, 1994-cü ilin mayında cəbhədə atəşkəsə nail olundu və həmin ilin sentyabrında müstəqil Azərbaycanın iqtisadi dirçəlişini təmin edən "Əsrin müqaviləsi" imzalandı. 1995-ci ildə ilk milli Konstitusiyanın qəbulu, ölüm hökmünün ləğvi, demokratik institutların formalaşdırılması və YAP-ın ölkənin aparıcı siyasi gücünə çevrilməsi məhz bu dövrün fundamental nailiyyətləridir.
O zaman Heydər Əliyev partiyanın yaranma fəlsəfəsini və gələcəyə hesablanmış missiyasını belə ifadə etmişdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların firavan həyatının təmin edilməsi naminə yaranıb. Bu partiya dünənin, bu günün və gələcəyin partiyasıdır. Çünki onun əsasında xalqın iradəsi və Azərbaycanın milli mənafeləri dayanır."
Ulu Öndərin 1993–2003-cü illərdə həyata keçirdiyi bu nəhəng quruculuq strategiyası Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etməklə yanaşı, gələcək böyük qələbələrin də etibarlı bünövrəsini hazırladı. Məhz bu möhkəm siyasi və iqtisadi təməl üzərində 2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ildə keçirilən III qurultayda isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsi ilə həm partiyanın, həm də ölkənin inkişafında keyfiyyətcə yeni, dinamik yüksəliş mərhələsi başlandı.
İdealların təntənəsi və tam suverenlik
Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək, partiyanın proqramında əksini tapan ən ali idealları ardıcıllıqla gerçəkləşdirdi. Ötən illər ərzində neft kapitalının insan kapitalına çevrilməsi, regionların tarazlı inkişafı, qlobal enerji və nəqliyyat dəhlizlərinin reallaşdırılması Azərbaycanı regionun şəksiz liderinə və beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirib.
Dövlət başçısı və YAP Sədri kimi İlham Əliyevin fəaliyyətinin ən uca zirvəsini isə xalqımızın otuz illik həsrətinə son qoyan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası təşkil edir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində Dövlət Bayrağımız ucaldıldı, suverenliyimiz tam təmin olundu.
Prezident İlham Əliyev 2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində bu tarixi yolu və qələbələrin mənbəyini belə dəyərləndirdi: “Qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi. Bu gün Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Biz bundan sonra da öz yolumuzla - müstəqillik, inkişaf və tərəqqi yolu ilə gedəcəyik və Azərbaycanı daha da gücləndirəcəyik”.
34 illik yol və VIII Qurultaydan sonrakı yeni hədəflər
Ötən 34 il ərzində sıralarını davamlı genişləndirən Yeni Azərbaycan Partiyası bu gün yüz minlərlə üzvü özündə birləşdirən monolit bir qüvvəyə çevrilib. Partiya üzvləri 34 il boyunca dövlətçiliyin möhkəmləndirilməsində, bütün seçki proseslərində, ictimai-siyasi və mədəni layihələrin icrasında ön sıralarda yer alıb, xalqla iqtidar arasında sarsılmaz körpü rolunu oynayıb.
2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra baş tutan ilk qurultay kimi partiyanın tarixində yeni strateji mərhələnin başlanğıcını qoydu. Qurultayda partiyanın Nizamnaməsinə müasir dövrün tələblərinə uyğun dəyişikliklər edildi, idarəetmə strukturları yeniləndi və qarşıdakı illər üçün fəaliyyət proqramı müəyyənləşdirildi. Müasir mərhələdə Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas hədəflər işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, "Böyük Qayıdış" Dövlət Proqramının icrasının sürətləndirilməsi və bu ərazilərdə partiya təşkilatlarının fəaliyyətinin tam gücü ilə qurulması; postmünaqişə dövrünün reallıqlarına uyğun olaraq dayanıqlı iqtisadi artımın, qeyri-neft sektorunun şaxələndirilməsinin, rəqəmsal transformasiyanın və “yaşıl enerji” strategiyasının reallaşdırılmasına siyasi dəstək; gənclərin dövlət idarəçiliyində və ictimai-siyasi həyatda fəallığının artırılması, gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi; ölkənin beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, Cənubi Qafqazda əsas logistika və energetika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi və regional sülh gündəliyinin irəli aparılmasından ibarətdir. 34 il əvvəl xilaskarlıq missiyası ilə yola çıxan Yeni Azərbaycan Partiyası bu gün tam suveren və qalib ölkənin aparıcı siyasi qüvvəsi kimi Azərbaycanın yeni zirvələr fəth etməsi naminə fəaliyyətini əzmlə davam etdirir.

Tofiq Cahangirov
YAP İdarə Heyətinin üzvü

Digər xəbərlər