PDF Oxu

Siyasət

  • 256

Yeni Azərbaycan Partiyası – 34 illik dövlətçilik və inkişaf salnaməsi - ŞƏRH

Yeni Azərbaycan Partiyası – 34 illik dövlətçilik və inkişaf salnaməsi - ŞƏRH

Azərbaycanın müasir siyasi tarixində mühüm mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü tamam olur. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində əsası qoyulan bu siyasi təşkilat ölkəmizin mürəkkəb ictimai-siyasi, iqtisadi və hərbi proseslərlə üzləşdiyi bir dövrdə meydana gələrək milli dövlətçiliyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi rol oynadı. Partiyanın yaranması xalqın sabitlik, güclü idarəçilik və milli maraqların müdafiəsi ilə bağlı gözləntilərinin siyasi ifadəsinə çevrildi.

1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən siyasi böhran, hakimiyyət daxilində qarşıdurmalar, iqtisadi tənəzzül və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dövlət müstəqilliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. İdarəçilikdə yaranmış boşluqlar, cəmiyyətdə hökm sürən qeyri-sabitlik və milli təhlükəsizliyə yönələn təhdidlər ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıq doğururdu. Belə bir şəraitdə Azərbaycan xalqı ölkəni böhrandan çıxara biləcək, dövlətçilik təcrübəsinə malik və milli maraqları qətiyyətlə müdafiə edən siyasi liderin rəhbərliyinə böyük ehtiyac duyurdu.
Məhz həmin dövrdə xalqın böyük inam bəslədiyi şəxs Ümummilli Lider Heydər Əliyev idi. Onun zəngin siyasi təcrübəsi, dövlət idarəçiliyində qazandığı nailiyyətlər və uzaqgörən siyasəti Azərbaycanın üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün mühüm ümid mənbəyi hesab olunurdu. 1992-ci il oktyabrın 16-da bir qrup tanınmış Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını təklif etməsi də cəmiyyətdə formalaşmış bu ehtiyacın bariz göstəricisi idi. Ulu Öndər müraciəti qəbul edərək partiyanın yaradılmasına razılıq verdi və bununla da ölkənin siyasi həyatında yeni mərhələnin başlanmasına zəmin yarandı.
Noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması rəsmiləşdirildi və Heydər Əliyev təşkilatın sədri seçildi. Partiyanın təsis konfransı Azərbaycanın siyasi tarixində mühüm hadisə olmaqla yanaşı, milli birlik və dövlətçilik ideyalarının ətrafında birləşən yeni siyasi qüvvənin formalaşmasını təmin etdi. Qısa müddət ərzində YAP cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyini qazanaraq ölkənin aparıcı siyasi təşkilatlarından birinə çevrildi.
Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra ölkədə baş verən siyasi proseslər Azərbaycanın gələcək taleyində həlledici əhəmiyyət daşıdı. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizin qorunması baxımından tarixi dönüş nöqtəsi oldu. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması və iqtisadi tənəzzülün aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı.
Həmin illərdə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın müstəqil dövlət kimi mövqelərinin möhkəmlənməsinə, beynəlxalq əlaqələrinin genişlənməsinə və iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılmasına imkan verdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ölkəmizin enerji strategiyasının əsasını qoyaraq Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında mühüm rol oynadı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi isə hüquqi dövlət quruculuğunun və demokratik inkişafın əsas istiqamətlərini müəyyənləşdirdi.
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizin uzunmüddətli inkişaf strategiyasına çevrildi. Bu strategiyanın əsasını müstəqil dövlətçiliyin qorunması, milli maraqların üstün tutulması, iqtisadi gücün artırılması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi təşkil edirdi.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında yeni mərhələ başlandı. Dövlət başçısının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ölkənin iqtisadi imkanları genişləndi, regionların sosial-iqtisadi inkişafı sürətləndi, yeni sənaye müəssisələri yaradıldı, nəqliyyat və kommunikasiya infrastrukturu müasirləşdirildi. Təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə reallaşdırılan layihələr əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdi.
Bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı, ölkəmiz regional və qlobal əməkdaşlıq platformalarında fəal iştirak edən dövlətə çevrildi. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi tərəfdaşlıq sahələrində əldə olunan nailiyyətlər Azərbaycanın strateji əhəmiyyətini daha da artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasi kurs Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etdi.
Azərbaycanın müasir tarixində ən möhtəşəm hadisələrdən biri 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbədir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə xalqımızın milli birliyini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı.
2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi bərpa olundu. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağımızı ucaltması bu tarixi nailiyyətin rəmzinə çevrildi. Bu hadisələr Azərbaycanın müstəqillik tarixində yeni səhifə açaraq dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinə xidmət etdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri tarixi Qələbənin real nəticələrini nümayiş etdirir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, yeni yaşayış məntəqələrinin salınması, sosial və iqtisadi infrastrukturun yaradılması Azərbaycanın gələcəyə hesablanmış inkişaf siyasətinin mühüm istiqamətlərindəndir.
Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlətçilik maraqlarının müdafiəsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə və siyasi sabitliyin qorunmasına töhfə verib. Bu gün partiyanın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın əldə etdiyi nailiyyətlərin davamlılığını təmin etmək, dövlətin strateji inkişaf məqsədlərinin həyata keçirilməsinə dəstək vermək və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələri daha da gücləndirməkdir.
Xüsusilə gənclərin ictimai-siyasi proseslərdə iştirakının artırılması, onların intellektual potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə siyasi təşkilatların qarşısında duran əsas tələblərdən biri də dəyişən ictimai münasibətlərə uyğunlaşmaq, yeni ideya və təşəbbüslərlə çıxış etmək, ölkənin inkişafına töhfə verən fəal vətəndaş mövqeyini dəstəkləməkdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələlərinə nəzər salmaq, keçilmiş siyasi yolu və əldə olunmuş nailiyyətləri dəyərləndirmək baxımından əlamətdar hadisədir. 1992-ci ildə Naxçıvanda əsası qoyulan partiya bu gün ölkənin siyasi həyatında mühüm mövqeyə malik təşkilatlardan biri kimi fəaliyyətini davam etdirir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası Azərbaycanın gələcək uğurları üçün möhkəm zəmin yaradır. Partiyanın 34 illik fəaliyyəti ölkəmizin müstəqillik tarixinin mühüm səhifələrindən biri olmaqla yanaşı, milli birlik, siyasi sabitlik və dövlətçilik ideyalarının ətrafında formalaşan inkişaf yolunun ifadəsidir.

İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər