Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü, YAP Ağsu rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə “Müstəqil Azərbaycanın inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranaraq ölkənin ictimai-siyasi həyatında mühüm mövqe qazanıb. Partiya ötən illər ərzində dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, siyasi sabitliyin qorunmasına və Azərbaycanın hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi partiyanın nüfuzunun daha da güclənməsinə şərait yaradıb.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti ərzində ölkənin ictimai-siyasi həyatında mühüm mövqe qazandığını və cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirdiyini bildirib. İcra başçısı VIII Qurultayda qəbul edilən qərarların partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və ictimai proseslərdə rolunun daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, partiya veteranı Əli Hüseynov, əməkdar müəllim, partiya veteranı Rəhilə Musayeva və Vətən müharibəsi iştirakçısı, Ərəbmehdibəy kənd tam orta məktəbinin direktoru Elnur Heydərov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaranmasının ölkəmizin siyasi həyatında oynadığı mühüm roldan, partiyanın keçdiyi zəngin inkişaf yolundan və müxtəlif sahələrdə təmsil olunan üzvlərinin fəaliyyətindən bəhs olunub.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən partiya üzvlərinə fəxri fərmanlar təqdim olunub. Partiya sıralarına yeni qəbul edilən gənclərə isə üzvlük vəsiqələri verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.