1990-cı illərin əvvəllərində Azərbaycan öz tarixinin ən mürəkkəb və təlatümlü dövrlərindən birini yaşayırdı. 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş gənc respublika həm daxili siyasi çəkişmələr, həm də xarici təhdidlərlə üz-üzə qalmışdı. Ölkədə hökm sürən dərin iqtisadi böhran, idarəçilikdəki səriştəsizlik, silahlı qarşıdurmalar və Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğalı cəmiyyətdə ciddi ümidsizlik yaratmış, gənc dövlətçiliyin mövcudluğunu sual altına almışdı.
Mövcud siyasi vəziyyət ölkəni bu xaosdan çıxara biləcək yeni, təcrübəli və xalqın etimad göstərdiyi bir siyasi qüvvənin meydana çıxmasını tarixi zərurətə çevirmişdi.
Məhz belə bir kritik məqamda Azərbaycan ziyalıları çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin ölkənin siyasi həyatına qayıdışında gördülər. 1992-ci ilin oktyabrında respublikanın 91 nəfər tanınmış ziyalısı ("91-lər") Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək, yeni siyasi partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verməsini xahiş etdi. Bu tarixi çağırışa oktyabrın 24-də müsbət cavab verən Ulu Öndərin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ölkənin bütün bölgələrini təmsil edən 550-dən çox nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu, Heydər Əliyev isə yekdilliklə YAP-ın Sədri seçildi.
Qısa müddət ərzində cəmiyyətin bütün təbəqələrini birləşdirən ümumxalq partiyasına çevrilən YAP-ın sıralarında müasir dövlətçilik ənənələrinin formalaşmasında, partiyanın təşkilati baxımdan güclənməsində və beynəlxalq əlaqələrinin genişlənməsində İlham Əliyev müstəsna rol oynadı. Əvvəlcə partiya sədrinin müavini və birinci müavini kimi məsul vəzifələrdə çalışan İlham Əliyev YAP-ın gəncləşməsi və müasirləşməsi prosesinə yeni nəfəs gətirdi. 2005-ci ildə partiyanın Sədri seçildikdən sonra isə o, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün qlobal çağırışlarına uyğun şəkildə zənginləşdirərək davam etdirdi. İlham Əliyevin rəhbərliyi dövründə YAP nəinki ölkənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirdi, həm də həyata keçirilən köklü islahatlar və tarixi Zəfərlə nəticələnən siyasətin önündə gedən əsas siyasi təşkilata çevrildi.
Bu gün sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ölkənin ən böyük və aparıcı siyasi qüvvəsi kimi müasir dövlətçilik tariximizdə mühüm yer tutur. Yarandığı gündən etibarən keçirdiyi səkkiz qurultay və çoxsaylı ümumrespublika konfransları partiyanın yalnız təşkilati baxımdan güclənməsinə deyil, həm də Azərbaycanın strateji inkişaf hədəflərinin müəyyənləşdirilməsinə və yeni reallıqlara uyğunlaşmasına xidmət etmişdir. Xüsusilə 2021-ci ildə baş tutan VII qurultayda qəbul edilən yeni proqram və struktur islahatları, ardınca isə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra 2026-cı il oktyabrın 2-də keçirilən tarixi VIII qurultay YAP-ın yeni dövrün qlobal çağırışlarına tam cavab verən çevik və qalib siyasi təşkilat olduğunu bir daha təsdiqləmişdir. Sədr İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl islahatlar, idarəetmə sisteminin təkmilləşdirilməsi, gənclərin və qadınların ictimai-siyasi proseslərdə rolunun artırılması partiyanın cəmiyyətdəki nüfuzunu daha da möhkəmləndirmişdir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideyalarına sadiq qalan və Prezident İlham Əliyevin liderliyi ilə tarixi Zəfərdən sonrakı böyük quruculuq mərhələsində ön sırada yer alan Yeni Azərbaycan Partiyası bu gün də müstəqil Azərbaycanın davamlı tərəqqisinin və milli birliyinin əsas təminatçısı kimi çıxış edir.
Türkanə Kərimova,
YAP Babək rayon təşkilatının əməkdaşı