Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə də təsir göstərir. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması məhz belə tarixi hadisələrdən biridir. Həmin gün əsası qoyulan siyasi təşkilat sonrakı illərdə ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutaraq dövlətçilik tariximizin ayrılmaz hissəsinə çevrildi. Bu gün Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yoluna nəzər salarkən onun keçdiyi mərhələlərdə Azərbaycanın müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması, dövlət quruculuğunun möhkəmləndirilməsi və milli maraqların müdafiəsi kimi fundamental məsələlərin dayandığını görürük.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün ağır sınaqlar dövrü idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə siyasi böhran, idarəçilik problemləri, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Cəmiyyətdə gələcəyə inamın zəiflədiyi, dövlətçiliyin taleyinin ciddi narahatlıq doğurduğu bir şəraitdə xalqın böyük nüfuz sahibi olan, zəngin idarəçilik təcrübəsinə malik Heydər Əliyevin ətrafında birləşmək istəyi güclənirdi.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti həmin dövrün siyasi həyatında mühüm dönüş nöqtəsinə çevrildi. Bu müraciət yalnız yeni siyasi təşkilat yaratmaq təşəbbüsü deyildi; o, ölkənin taleyi üçün məsuliyyət daşıyan insanların sabitlik, güclü dövlətçilik və milli birlik naminə irəli sürdüyü tarixi çağırış idi. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın Sədri seçildi. Beləliklə, xalqın siyasi iradəsindən doğan yeni bir təşkilat Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq siyasi qüvvəyə çevrildi.
Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” fikri bu təşkilatın ideya istiqamətini və tarixi missiyasını ifadə edən mühüm siyasi mesajdır. Bu kəlamda keçmişə sədaqət, bu günün məsuliyyəti və gələcəyə inam vahid məzmunda birləşir. YAP-ın 34 illik fəaliyyəti də həmin prinsipin müxtəlif tarixi mərhələlərdə davam etdirilməsinin nümunəsidir.
1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Ölkədə hökm sürən siyasi qarşıdurmanın və qeyri-sabitliyin aradan qaldırılması, dövlət institutlarının möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və iqtisadi inkişaf üçün zəruri zəminin yaradılması istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin gücləndirilməsi həmin strateji xəttin mühüm nəticələri idi.
Bu mərhələdə Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat kimi deyil, dövlət quruculuğu prosesində fəal iştirak edən ictimai-siyasi qüvvə kimi də öz mövqeyini möhkəmləndirdi. Partiyanın ideoloji əsasını təşkil edən azərbaycançılıq, dövlətçilik, müstəqillik, milli həmrəylik və inkişaf prinsipləri cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirən amillərdən oldu.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Ölkənin iqtisadi potensialının artırılması, regionların sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, əhalinin rifahının yüksəldilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. Azərbaycan tədricən regional və beynəlxalq miqyasda nüfuzu artan, müstəqil siyasət yürüdən güclü dövlətə çevrildi.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V Qurultayında səsləndirdiyi “Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır” fikri təşkilatın cəmiyyətdəki mövqeyinə verilən mühüm qiymətdir. Bu ifadənin mahiyyəti partiyanın fəaliyyətinin yalnız siyasi qərarlarla deyil, xalqla əlaqə, ictimai məsuliyyət və ölkənin inkişafına töhfə vermək prinsipləri ilə ölçülməsindədir. Dövlət başçısının 2022-ci ildə partiyanın 30 illik yubileyinə həsr olunmuş tədbirdə “Partiyamızın yaranması tarixi hadisə idi” deməsi də 1992-ci ildə atılmış addımın Azərbaycanın müasir tarixindəki əhəmiyyətini bir daha təsdiqləyir.
YAP-ın siyasi tarixində ən möhtəşəm səhifələrdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlıdır. Uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın və müasir ordunun formalaşdırılması, beynəlxalq müstəvidə milli maraqların ardıcıl müdafiəsi tarixi Zəfərə aparan yolun əsas dayaqlarını təşkil etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi Zəfərin rəmzinə çevrildi, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazimizdə tam bərpa olundu.
Bu nəticələr Azərbaycanın müasir tarixində yeni siyasi reallıq yaratdı. İndi qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi-sosial həyatına inteqrasiyasıdır. Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətidir. Bu proses həm də Zəfərin yalnız hərbi nəticə olmadığını, onun quruculuq, inkişaf və gələcəyə inam mərhələsi ilə tamamlandığını göstərir.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da məhz yeni tarixi reallıqlar fonunda təşkilatın qarşısında dayanan vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qurultaydakı çıxışında partiyanın regional miqyasdakı mövqeyini vurğulayaraq bildirmişdir: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.” Dövlət başçısının bu fikri partiyanın keçdiyi tarixi yolun və ölkənin ictimai-siyasi həyatındakı rolunun qiymətləndirilməsi baxımından diqqətəlayiqdir.
VIII Qurultayda səsləndirilən mühüm mesajlardan biri də ideoloji təhlükəsizlik məsələsi ilə bağlı oldu. Prezident İlham Əliyev “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir” fikrini irəli sürərək müasir dövrdə informasiya təxribatlarına qarşı maarifli, bilikli və vətənpərvər cəmiyyətin formalaşdırılmasının vacibliyini diqqətə çatdırdı. Bu yanaşma Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin yalnız siyasi fəaliyyətlə məhdudlaşmadığını, eyni zamanda milli dəyərlərin qorunması, gənclərin düzgün istiqamətləndirilməsi, cəmiyyətin informasiya savadlılığının artırılması və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi kimi məsələləri də əhatə etdiyini göstərir. Müasir dövrdə siyasi təşkilatın gücü həm də dəyişən çağırışları düzgün qiymətləndirmək və cəmiyyətə faydalı təşəbbüslərlə çıxış etmək bacarığı ilə ölçülür.
Bu gün Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi yalnız keçmişə nəzər salmaq və görülmüş işləri xatırlamaq üçün deyil, gələcək hədəfləri daha aydın müəyyənləşdirmək üçün də mühüm fürsətdir. Partiyanın hər bir üzvü öz fəaliyyətində dövlətə və xalqa xidmət prinsipini əsas tutmalı, ictimai etimadı əməli işlə doğrultmalı, yaşadığı bölgənin və təmsil etdiyi cəmiyyətin problemlərinə həssas yanaşmalıdır. Siyasi təşkilatın nüfuzu onun tarixi ilə yanaşı, gündəlik fəaliyyəti, məsuliyyəti və cəmiyyət qarşısında daşıdığı öhdəliklərlə də müəyyən olunur.
34 il əvvəl Naxçıvanda yaranan Yeni Azərbaycan Partiyası bu gün müstəqil, suveren və qalib Azərbaycanın siyasi həyatında özünəməxsus yer tutur. Bu yolun başlanğıcında Heydər Əliyevin tarixi liderliyi, davamında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası dayanır. Zaman dəyişib, siyasi və geosiyasi şərait yenilənib, lakin dövlətçilik, müstəqillik və milli maraqlara sədaqət prinsipləri öz aktuallığını qoruyub.
Yeni Azərbaycan Partiyasının 34 illik tarixi bir siyasi təşkilatın yubileyindən daha böyük məna daşıyır. Bu tarix Azərbaycanın mürəkkəb sınaqlardan keçərək güclü dövlətə, qalib xalqa və tam suveren ölkəyə çevrilməsinin siyasi salnaməsinin mühüm səhifəsidir. Dünənin tarixi təcrübəsindən güc alan, bu günün məsuliyyətini daşıyan və sabaha inamla baxan Yeni Azərbaycan Partiyası üçün qarşıdakı mərhələnin əsas meyarı da dövlətə və xalqa xidmət amalına sədaqət olacaq.
Yalçın Əliyev
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşı