PDF Oxu

Siyasət

  • 853

“YAP müasir siyasi təşkilat kimi fəaliyyətini uğurla davam etdirir”

“YAP müasir siyasi təşkilat kimi fəaliyyətini uğurla davam etdirir”

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı partiyanın təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Yeni Azərbaycan Partiyasının yaradılmasının müstəqil Azərbaycan dövlətçiliyinin qorunması, siyasi sabitliyin təmin olunması və milli inkişaf strategiyasının formalaşdırılması baxımından mühüm tarixi hadisə olduğunu vurğulayıb.

Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP qısa müddət ərzində xalqın böyük etimadını qazanaraq ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. Partiyanın 34 illik fəaliyyəti ərzində Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsipləri ardıcıl şəkildə davam etdirilib.

Emil Abasov bildirib ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərərək dövlətçilik maraqlarının qorunmasına, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə və ölkənin davamlı inkişafına mühüm töhfələr verir.

O, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycanın siyasi və hərbi qüdrətini, xalqımızın milli birliyini və dövlətimizin gücünü nümayiş etdirdiyini diqqətə çatdırıb.

YAP Pirallahı rayon təşkilatının fəaliyyətindən də bəhs edən Emil Abasov təşkilatın rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, partiyanın ideoloji prinsiplərinin təbliği, əhali ilə işin gücləndirilməsi, gənclərin ictimai-siyasi proseslərdə iştirakının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini bildirib.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərov çıxışında partiyanın 34 illik inkişaf yoluna nəzər salaraq bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən milli maraqların qorunmasını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini və xalqın rifahının yüksəldilməsini əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP müasir siyasi təşkilat kimi fəaliyyətini uğurla davam etdirir, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdə və həyata keçirilən genişmiqyaslı islahatlarda yaxından iştirak edir. Asif Əsgərov partiya üzvlərini üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə, dövlətçilik ənənələrinə və partiyanın ideoloji prinsiplərinə sadiq qalmağa çağırıb.

"Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, ölkənin mürəkkəb ictimai-siyasi şəraitində Ümummilli Lider Heydər Əliyevin üzərinə götürdüyü tarixi missiyadan və partiyanın keçdiyi inkişaf yolundan danışıb. O bildirib ki, ötən 34 il ərzində YAP güclü siyasi təşkilat kimi formalaşaraq Azərbaycan cəmiyyətində özünəməxsus mövqe qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin müasir tarixində mühüm mərhələ təşkil edir. Bəhruz Quliyev partiyanın bundan sonra da milli maraqların müdafiəsi və dövlətçilik ideyalarının təbliği istiqamətində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov isə Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan bəhs edib. O bildirib ki, partiyanın yaradılması Azərbaycanın müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı olub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edib.

Tədbirin sonunda rayonun və YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.

Digər xəbərlər