PDF Oxu

Mədəniyyət

  • 936

Ruhumun səsi... - FOTO

Ruhumun səsi... - FOTO

3 noyabr 2026-cı il tarixini həyatımın maraqlı günləri sırasına daxil edə bilərəm. Qadir və Adil Allahın köməyi ilə növbəti kitabım işıq üzü gördü. "Ruhumun səsi". Kitaba şeir və hekayələrimin, ədəbi-tənqidi yazılarımın bir qismini daxil etmişəm.
Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkilmiş “Gün keçdi” çox sevdiyim, həvəslə, təkrar-təkrar izlədiyim filmdir, dərin psixoloji məzmunu olan gözəl sənət əsəridir. Bu film təkcə nakam sevgi hekayəti deyil, zamanın bir də geri dönməyəcəyi ilə bağlı çalınan həyəcan zəngidir, ömrün vida nəğməsidir. Film boyu oxunan el bayatısı ilə rejissor ömrün faniliyi ilə bağlı acı həqiqəti tamaşaçıya nəğmə kimi ötürür:
Əzizinəm bir də mən,
Doldur içim bir də mən.
Ömür keçdi, gün keçdi,
Cavan olmaram bir də mən…
Ömrün tamamında hamımız köçümüzü sürüb gedəcəyik. Bəs bizdən sonra nə qalacaq bu gəlimli-gedimli, son ucu ölümlü dünyada? Geriyə boylananda görürəm ki, ömrümün ən gözəl, ən mənalı illərini sözün sehrinə, ona ibadətdə keçirmişəm. Sözlə iltifatda olmadığım, nəsə yazmadığım gün yadıma gəlmir. 40 ildir sözün əlindən, ətəyindən tuta-tuta birgə yol gəlirik. Jurnalist ömrü, müəllim, alim ömrü – hər üçündə dayağım, istinadgahım söz olub. Sözün çörəyini yeyib sözə xəyanət etmək olarmı? Məncə yox! Elə ona görə də qərara gəldim ki, bədii-publisistik yazılarıma, şeir və hekayələrimə nəqş etdiyim, köçürtdüyüm sözlərimi, fikir və düşüncələrimi bir topluda cəmləşdirərək ömrümün söz hesabatını yaradım. Ərsəyə gətirmək istədiyim kitab sadəcə illərimin söz hesabatı deyil, bu, mənim ruhumun, düşüncəmin və qələmimin keçdiyi uzun və şərəfli bir yolun sözün ruh dili ilə inikasıdır. Nə vaxt ki, ürəyim dolub, sızıltısını, sevgisini, göynərtisini şeirə çevirmişəm, insan talelərinin görünməyən tərəflərini, cəmiyyətin ağrılarını hekayələrimdə əks etdirməyə çalışmışam. Publisistik yazılarımda zamanın nəbzini tutmağa, həqiqətin, ədalətin və mənəviyyatın səsi olmağa cəhd etmişəm. Və nəhayət, bir elm adamı, ədəbiyyatşünas kimi sözün kökünə, mətbuatımızın tarixinə enərək elmi araşdırmalarımla bu zəngin mədəniyyətə kiçik də olsa bir töhfə vermək istəmişəm. Buna nail ola bilmişəmmi? Bu sualın cavabını oxucu verə biləcək – kitabı oxuyan oxucu. “Ruhumun səsi”in də yaradıcılığımı fərqli rakurslardan təqdim etməyə çalışmışam. Oxucu məni duyğulu bir şeir adamı, müşahidəçi bir yazar, zamanın tarixinə ayna tutan publisist və axtarışda olan bir alim kimi görə biləcək. Bəri başdan deyim ki, bu dörd fərqli fəaliyyətimi bir ali məqsəd birləşdirir: İlahi sözə sadiqlik, tükənməz sevgi, ruhi bağlılıq. İnanıram ki, “Ruhumun səsi”ndə öz notunuzu tapacaq, təlatümlü dünyamızın sözlə çəkilmiş rəsmini bütün rəng çalarları ilə duya biləcəksiniz.
Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.
Ənvər müəllim, çox sağ olun!!!
Kamran müəllim, ürəkdən minnətdaram!
Abid müəllim, var olun!
“AFPoliqrAF” nəşriyyatının direktoru Fuad müəllim, təşəkkür edirəm!
Hörmətli İslam müəllim, həmişə yanımdasınız!
Ülkər Əsədova-səni çox sevirəm, gözəl qızım!
Emil İsmayılzadı-dizaynın əladır!
Qeyd edim ki, redaktor və ön sözün müəllifi hörmətli həmkarım, prof. Kamran Kazımov, rəyçi prof. İslam Qəribli, texniki redaktor Ənvər Şahqubadbəyli, korrektor Ülkər Əsədovadır. Dizayn Emil İsmayılzadəyə məxsusdur.

Esmira İsmayılova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər