PDF Oxu

Siyasət

  • 2 877

Xocalı faciəsi – soyqırımın “pik həddi” ŞƏRH

image

XX əsrin əsas soyqırım faktlarından biri kimi Xocalı soyqırımını göstərmək olar. Ermənilərin silahlı təcavüzü zamanı Xocalı şəhərinin bütün mülkü əhalisi faktiki olaraq vəhşicəsinə qətlə yetirildi. Xocalıda azərbaycanlıların bəşəriyyət tarixində kütləvi insan qırğınları sırasına yazılan bu qətli "Xocalı faciəsi" adını aldı.

Xocalı şəhəri Azərbaycanın Qarabağ bölgəsində geosiyasət baxımından, strateji əhəmiyyətli ərazidir. Digər amillər sırasında, bu önəmli faktor da erməniləri narahat edirdi. Çünki Xocalı Xankəndindən 10 km cənub−şərqdə, Ağdam−Şuşa və Əsgəran−Xankəndi yollarının arasında yerləşirdi. O cümlədən, Qarabağın vaxtı ilə yeganə hava limanının məhz burada yerləşməsi, şəhərin əhəmiyyətini artıran səbəblərdən biri idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran−Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən hava limanını elə keçirmək idi.

Xocalıya hücum 1992-ci ilin fevral ayının 25-dən-26-na keçən gecə baş verdi. Ermənilərə hərbi köməyi Sovet Ordusunun 366-cı motoatıcı alayı göstərirdi. Onlar Xocalını 3 istiqamətdən mühasirəyə aldıqdan sonra, erməni əsgərləri şəhərə daxil oldular və şəhəri müdafiə qüvvələrinin müqavimətini qırdılar. Əhalinin bir hissəsi hücum başlanandan sonra Ağdam istiqamətində hərəkət edərək Xocalını tərk etməyə başladı. Qaçaq düşmüş bəzi qrupların tərkibində şəhər qarnizonunun silahlanmış insanları da var idi. Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Xocalı faciəsindən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan, şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarm 2−dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. 1991−ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, о cümlədən Tuğ, İmarət−Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. Nəticə olaraq, Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. 1992−ci ilin yanvarın 28−də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir−birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Xocalı faciəsi - Azərbaycan şəhəri olan Xocalının əhalisinin erməni silahlı birləşmələri tərəfindən kütləvi qətli, Qarabağ münaqişəsinin ən qanlı faciəsi kimi tarixə düşdü. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu vəhşilik və vandalizm aktı, beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Soyqırım - beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır.

Soyqırım cinayəti ilk dəfə 9 dekabr 1948-ci ildə ("Genisid cinayəti haqqında xəbərdarlıq və onun cəzalandırılması haqqında Konvensiya") beynəlxalq hüquqi status almışdır. Soyqırıma yalnız beynəlxalq cinayət kimi baxılmır. Belə ki, Azərbaycan Respublikasında soyqırım cinayəti sülh və bəşəriyyət əleyhinə olan cinayətlərə aid edilir və onun törədilməsinə görə xüsusi cinayət məsuliyyəti nəzərdə tutulur. (CM maddə 103). Bununla yanaşı, Xocalı hadisələrinə soyqırımı kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq norma və müqavilələr mövcuddur.

Xocalı şəhərində erməni silahlı birləşmələrinin Xocalının dinc əhalisinə qarşı törətdiyi hərəkətlər Cenevrə konvensiyası, eləcə də İnsan hüquqlarının ümumi bəyannaməsinin müddəaları ilə (BMT Baş Assambleyası tərəfindən 10.12.1948-ci ildə qəbul olunub) kobud şəkildə ziddiyyət təşkil edir (mad. 2,3,5,9,17).

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslar isə: BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir); Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur); Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4); Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad.l); Beynəlxalq Cinayət məhkəməsinin Statusu (mad. 6); Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103); Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. O cümlədən, ermənilərin və Xocalı faciəsinin törədilməsində onlarla əlbir olanların əməlləri insan hüquqlarının, beynəlxalq hüquqi aktların - Mülki və siyasi hüquqlar haqqında paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında paktın, Uşaq hüquqları deklarasiyasının, Fövqəladə vəziyyətlərdə və müharibə şəraitində qadın və uşaq hüquqlarının müdafiəsi haqqında deklarasiyanın və digər beynəlxalq aktların kobud şəkildə və arsızcasına pozulması hesab olunur.

1993-cü il fevralın 23-də imzalanmış "Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında" fərman kağız üzərində qalaraq, 1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş zəif qüvvələr passivlik göstərmiş, çoxlu sayda hüquq normaların olmasına baxmayaraq, Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı real işlər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri, erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.

Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” – demiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev, Azəraycan dövlətinin əsas şuarlarından biri oldu

Ulu öndərin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq” – deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirmişdir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.

Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu Türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” ifadəsi – Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli işlərin aparılmasına daha təkan verdi. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını, səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında, cənab İlham Əliyev tərəfindən vacib məsələ kimi müəyyənləşdirilmişdir.

Bu baxımdan Heydər Əliyev Fondunun, xüsusilə onun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini, xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində ardıcıl təbliğedici addımlar atır. Nümunə olaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları Xocalı soyqırımının 20-ci ildönümündə təşkilatın təşəbbüsü ilə xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilmişdır.

Dövlət siyasətinin sistemli şəkildə davamı, beynalxalq hüquq və nomalara uyğun olaraq, Azərbaycan xalqının ədalət sahibliyi dünya ictimayyətinə aktiv şəkildə çardırılması davam edir. Bu istiqamətdə, dövlətimizə dəstək olaraq, hər bir Azərbaycan vətəndaşı öz gücünü, bilik və bacarığını birmənalı şəkildə səfərbər etməli, gələcək nəsillər üçün nümunəvi addımlar atmalıdır. Necə ki, İkinci Qarabağ müharibəsi zamanı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dönülməz iradəsi, rəşadətli ordumuzun ruh yüksəkliyi və ümumilikdə Azərbaycan xalqının həmrəyliyi nəticəsində, Azərbaycanın inamlı qələbəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsində misilsiz şücaət və yüksək döyüş hazırlığı nümayiş etdirən rəşadətli Azərbaycan Ordusu Qalib Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq uğrunda döyüşdə tarix yazan Azərbaycan ordusunun məhv etdiyi düşmən qüvvələri arasında Xocalı soyqırımının cəlladları da var idi. Tarixi qələbə qazanan Azərbaycan, bu qətliamın günahsız qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Allah Şəhidlərimizə rəhmət eləsin.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər