PDF Oxu

Siyasət

  • 10 052

Ümummilli Lider Heydər Əliyevin 31 Mart soyqırımına verdiyi tarixi-siyasi qiymət ŞƏRH

image

Azərbaycan Respublikasında XX əsrin sonu milli şüurun oyanışının yeni mərhələsi ilə xarakterizə olunur. Soykökünə, milli tarixə qayıdış tarixi tədqiqatların istiqamətinə də təsir göstərdi. Yeni tarixi tədqiqatlar dalğası başladı. Elmi və publisistik yazılarda tarixizə olan yad münasibət tənqid olunur, təhrif və saxtalaşdırılmalar arxiv sənədlərinə əsasən təhlil edilirdi. Azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət də yeni məzmun aldı. Sistemsiz, dağınıq elmi araşdırmalara baxmayaraq, mövzunun tədqiqi dövrün ictimai-siyasi axarı ilə uzlaşırdı. Qafqazın geosiyasi durumu tarixə nəzər salmağı, azərbaycan-türk xalqının aborogen xalq olaraq regionda əsas etnik amil kimi varlığının isbatını vacib edirdi. Soyqırımı və deportasiyalar tarixinə müraciət təkcə elmi müstəvidə deyil, dövlət səviyyəsində də aktuallaşdı.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixi məsələləri yeni mərhələyə qədəm qoydu. Azərbaycan-Ermənistan arasında Qarabağ müharibəsinin ağır nəticələri ideoloji mübarizənin vacibliyini və hətta bu mübarizədə gecikdiyimizi ortaya qoydu. Bu səbəbdən də Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgilədi.

Keçmiş hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində növbəti ən vacib addımlardan biri 1918-ci il mart soyqırımını öz siyasi qiymətini tapması oldu. 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümumilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət verməyi özünə borc bilir. Məhz bütün bunları nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martın Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi haqqında” fərman verib. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşaiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.”

Və elə bu vaxtdan da ümumi sayı 50 milyondan çox olan dünya azərbaycanlıları hər ilin bu gününü soyqırımı qurbanlarının anım günü kimi qeyd edir. Bu məsələyə münasibətdə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycanın təəssübkeş lideri Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: “ Bu gün Azərbaycan öz müstəqilliyinin səkkizinci ilini yaşayır. Müstəqillik dövründə qazandığımız mühüm nailiyyətlərdən biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir. Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz azərbaycanlıların soyqırımı günüdür. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik.” Beləliklə, biz Heydər Əliyevin yaranmış müxtəlif tarixi məqamlarda şəraiti düzgün qiymətləndirib, siyasi uzaqgörənlik nümayiş etdirərək hadisələrə vaxtında reaksiya vərməsinin, xalq və dövlət naminə düzgün qərarlar verməsinin şahidi oluruq. Həmin qərarlar bu günkü Azərbaycan dövlətinin də siyasi, iqtisadi, hərbi və ideya baxımından güclənməsində aparıcı rola malikdir. Prezident İlham Əliyevin də apardığı xarici siyasətin əsas amalı Azərbaycan gerçəklərini beynəlxalq aləmdə tanıtmaq, erməni terrorçularının xalqımıza qarşı törətdikləri cinayətlərin ifşasına nail olmaqdır.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrəə razi partiya təşkilatının sədr müavini

Digər xəbərlər