PDF Oxu

Siyasət

  • 8 471

Bəs nəzarətçilərə kim nəzarət edəcək? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Mürəkkəb məsələlərin həlli həmişə sadə və asan anlaşılan olur - Qrosman qanunu

Hər hansı bir cəmiyyətin, dövlətin ən böyük problemi korrupsiya ola bilər. Çünki bütün sahələrdə ədalətli, düzgün, effektiv nəticələrin əldə edilməsi üçün orada korrupsiyanın olmaması lazımdır.

Bəs korrupsiya anlayışı özündə nələri ehtiva edir. Korrupsiya cəmiyyətin, dövlətin ədalətsiz qanun və qaydalarına qarşı təzahür edən bir mənəvi-psixoloji xəstəlik kimi çox qədimlərdən bərqərar olub. Tarix boyu müxtəlif ictimai-siyasi formasiyalarda, fərqli sosial-ictimai münasibətlərin mövcud olduğu dövlət və cəmiyyət formalarında bu bəlaya qarşı müxtəlif səviyyələrdə mübarizələr aparılıb.

Buna baxmayaraq, tarixin heç bir dövründə heç yerdə korrupsiyanın qarşısını tam almaq mümkün olmayıb. XX əsrin əvvəllərinə aid mətbuatı və ədəbiyyatı oxuyanda korrupsiyanın nə qədər dərinə işlədiyini görürük.

Sovet dövründə bu halların qarşısı xeyli dərəcədə alınmışdısa da, tamam kökünü kəsmək mümkün olmadı. Lakin, bəzi dövrlərdə onun səviyyəsi minimumadək endirilib. Məsələn, 30-40-cı illərdə Stalinin və Bağırovun hakimiyyəti dövründə korrupsiya halları xeyli dərəcədə azalmışdı.

Həmin dövrdə ölkədə sərt qayda-qanunlar hökm sürürdü. Faşizmə qarşı ağır müharibə aparıldığı bir vəziyyətdə mənəvi dəyərlər ön plana çıxmışdı, həm də, vətəndaşlar bir-birinin hərəkətlərinə daha çox nəzarət edirdi. Nəhayət müharibə şəraitinin ağır qanunlarının hökm sürdüyü bir yerdə o qanunları pozanların sərt cəzalandırılmasından doğan qorxu hissi kimi faktorlar vardı.

Sonrakı dövrdə yumşalma baş verdiyindən belə halların yenidən artması müşahidə olundu. Demək, nəzarətin və cəzanın ciddiliyi burda yeganə olmasa da, çox mühüm rol oynayır.

Burada digər faktorların da əhəmiyyətli rolu var ki, onların sırasında məmurların maaşlarının azlığı, qanunvericiliyin mükəmməl olmaması, dövlət nəzarətinin zəifliyi, ictimai nəzarətin yoxluğu, maddi dəyərlərin mənəvi dəyərləri üstələməsi kimiləri qeyd etmək olar.

Korrupsiyanın qarşısının alınması ilə bağlı müvafiq sahə ilə məşğul olan ekspertlər kifayət qədər metodlar irəli sürüblər. Mənə qalsa, təklif edərdim ki, rüşvət təklif edən və verən rüşvət alandan daha sərt cəzalandırılsın. Fikrimcə, bu, çox yaxşı effekt verərdi.

Belə bir təklif də var ki, korrupsiyaya yol vermiş şəxslərin reyestri aparılsın və onlar gələcəkdə dövlət orqanlarına işə götürülməsin. Korrupsiyaya yol verən şəxslərin adı, vəzifəsi, şəkli mətbuatda mütamadi verilməli, onlar necə deyərlər, tarixə həkk edilməlidir.

Əminəm ki, bu həddən artıq effektli metod olardı. Korrupsiya dövlətin, cəmiyyətin ən böyük bəlası, bütün problemlərin birbaşa və ya dolayı baiskarı olduğu üçün ona qarşı bütün metodlar məqbuldur.

Burda medianın və vətəndaş cəmiyyəti institutlarının da rolu əvəzsizdir. İctimai nəzarət bütün dövlət strukturlarının səmərəli və şəffaf fəaliyyətində böyük rol oynaya bilər. Burda əsas rol vətəndaşların üzərinə düşür. Çünki rüşvət verilməyən yerdə rüşvət alına bilməz. Bunu bir neçə ay əvvəl AzTv-nin “Çıxışa doğru” verilişində aparılan müzakirələr zamanı səsləndirəndə bəzi iştirakçılar mənimlə razılaşmadı, amma bu həqiqətdir- heç kim rüşvət verməsə, heç kim də ala bilməyəcək. Bu aksiomadır. Demək, rüşvət təkcə hansısa məmurların deyil, bütün cəmiyyətin günahıdır.

Bəzən korrupsiya terminini rüşvətlə eyniləşdirirlər, lakin rüşvət korrupsiyanın çoxsaylı müxtəlif formalarından yalnız biridir. Hesab edirəm ki, əsas məsələ təkcə az maaşlı müəllim, həkim və sairin rüşvət almasına qarşı ciddi cəzalandırılması deyil.

Rüşvətlə yanaşı, yerlibazlıq, qohumbazlıq, nüfuz qazanmaq, gələcək karyera istəyindən doğan hər cür təmənnalı fəaliyyət formalarına qarşı da güclü mübarizə aparlmalıdır.

Əsas məsələ, nəticələrə qarşı deyil, onu yaradan səbəblərə qarşı mübarizə aparmaqdır. Təcrübə göstərir ki, sosial ədalətin təmin olunduğu cəmiyyətdə belə halların səviyyəsi son dərəcə az olur. Deməli, dövlət işi elə tənzimləməlidir ki, korrupsiyaya şərait yaradan hallar aradan qaldırılsın.

Korrupsiyaya qarşı lazımi dərəcədə qanunvericilik bazası, milli fəaliyyət planı var. Əsas problem qanunların tələblərini düzgün yerinə yetirməkdən ibarətdir. Bunun üçün də həm dövlətin, həm də cəmiyyətin nəzarət institutları aktiv olmalıdır.

Bununla belə, dairənin tam qapanması üçüb ortada son bir bağ qalır ki, burada artıq vicdan və əxlaq amili son sözü deyir. Bu da icraçılara nəzarət edənlərlə bağlıdır. Onlar vicdanlı olmasa, korrupsiyanın qarşısını almaq olmayacaq. Den Braunun məşhur “Rəqəmli qala” əsərində yapon hakerin sloqanı həddən artıq düşündürücüdür- “bəs nəzarətçilərə kim nəzarət edəcək?”.

Nəzarətçilərə nəzarəti ancaq vicdan və əxlaq edə bilər. Korrupsiyanın kökünü kəsmək üçün vicdanlı və əxlaqlı insanlara ehtiyac var. Əks halda heç bir inzibati yolla bunu etmək mümkün olmayacaq.

Elçin Bayramlı

Digər xəbərlər