Heydər Əliyev: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tarixin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir. Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını şərtləndirən amillərdəndir.

Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Bütün bunlar bir keyfiyyət altında birləşirdi: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI İDİ. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi idi.
Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri istedad sahibi Heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil almış, o cümlədən tarixi biliklərə dərindən yiyələnmiş, son dərəcə geniş dünyagörüşünə və konkret biliklərə malik olan, doğma xalqını və yurdunu hədsiz məhəbbətlə sevən təkrarsız tarixi şəxsiyyət idi. O, yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə malik olan, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinin bütün incəliklərini bilən, sovet məkanında kiçik bir xalqın oğlu olmasına baxmayaraq, dünyanın altıda birini əhatə edən SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan, Qorbaçovun təqib və hiylələrindən sarsılmayıb yenidən böyük siyasətə qayıtmış polad iradəli şəxsiyyət idi. Planetimizin bugünkü siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən-sayılan, hamı tərəfindən qəbul olunan, Azərbaycanı xilas etmək üçün Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi ümummilli lider idi!
Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu düşdüyü çətin vəziyyətdən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə M.Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər. Belə bir şəraitdə Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də, Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də, hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan M.Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu SSRİ-yə rəhbərlikdən uzaqlaşdırıldı. Bu, əslində bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Təsadüfi deyil ki, bundan dərhal sonra M.Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri Qarabağı Azərbaycandan qoparıb almaq üçün fəal mübarizəyə başladılar. Dahi şəxsiyyətimiz bu dövrdə həm Moskvadan, həm də Azərbaycandakı dönüklərdən vurulan ağır zərbələrə məruz qaldı.
Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan "Azərbaycan Xalq Cəbhəsi-müsavat rejimi" məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Bu dövrdə — 1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi günü!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.
Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Vətəndə - onun paytaxtı Bakıda tariximizin ən rüsvayçı hadisələrindən biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra — 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı.
Uğursuz Qarabağ müharibəsi, hakimiyyəti ələ keçirmək xatirinə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi, xaricdəki ağalara daha sədaqətlə nökərçilik etmək üçün bəhsə-bəhs, vaxtı ilə Nərimanovun qətlə yetirildiyi Kreml labirintlərindən salamat qurtarıb xalqını dardan xilas etmək üçün Vətənə qayıtmış böyük dövlət xadimimiz Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmaması, onu hətta Naxçıvanda da hakimiyyətdən götürmək cəhdi kimi rüsvayçılıqlar tariximizin ən qara səhifələri, ən bağışlanmaz səhvləridir. Əgər o zaman bu müdrik siyasətçi hakimiyyət sükanının arxasında əyləşsəydi, ölkəmiz ele çıxılmaz vəziyyətə düçar olardımı?
Bu suala Heydər Əliyev ömrünün Naxçıvan səhifələri daha aydın cavab verir: milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından "sovet", "sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 Dekabr gününün Dünya azərbaycanlılarının həmrəylik günü elan olunması, nəhayət, böyük Vətəndən — Azərbaycandan ayrı düşmüş Naxçıvanda, özü də çox çətin hərbi-iqtisadi blokada vəziyyətində vətən torpağının düşməndən qorunub saxlanması — bax, bunlardır böyük şəxsiyyətimizin Naxçıvanda mühasirə şəraitində keçən ömrünün, göstərdiyi fəaliyyətin qısa yekunu!
Bəs Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmadığı həmin dövrdə böyük Vətəndə — Azərbaycanda nələr baş verdi?
Sərt tarixi həqiqət belədir: 1993-cü ilin iyununda — Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi qaçıb aradan çıxırdılar. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst qüvvələr sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına qənim kəsilmişdi. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, tarixi düşmənlərimizin qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında — Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı...
Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı — dünyanın bu böyük siyasət adamı xalqın təkidli tələbi ilə hakimiyyətə gətirildi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman — 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan götürmək planı puça çıxdı. Beləliklə, vətənimiz məkrli düşmənlərin hazırladığı uçuruma yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətən üçün nələr etdi? Və ya 1993-cü ilin 15 İyun gününü nə üçün Qurtuluş günü adlandırmaq olar?! Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa, onların ən mühümlərini, ən böyüklərini sıraya düzək.
Bir sözlə, zəmanəmizin qüdrətli siyasətçisi Heydər Əliyev öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə, nazik tellər üzərindən keçirib bu günlərə çatdırdı!
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz müdrik siyasəti ilə ölkəmizi irəli aparır.
Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə üç il öncə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Bütün bu möhtəşəm uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır.
Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.
Nazim İsmayılov
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü