Azərbaycan xalqının taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında, Ən Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi istər sovet məkanında, istərsə də müstəqillik illərində bənzərsiz fəaliyyətilə Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutmasına mühüm töhfələr vermişdir. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsasını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Azərbaycan tarixində misilsiz xidmətləri olan Ulu Öndərin qeyri-adi bacarığı, istedadı, Azərbaycana bağlılığı, vətənə sevgisi hələ uşaqlıq illərində özünü büruzə vermişdir. Kiçik yaşlarından hamının sevimlisinə çevrilən Heydər Əliyev adı ilə, əqidəsi ilə, böyük siyasətçi olması ilə Azərbaycanı bütün dünyaya tanıtdı.
10 MAY 1923-CÜ İL. MÜASİR TARİXİMİZƏ BÖYÜK HƏRFLƏRLƏ YAZILAN GÜN
Ancaq Ulu Öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir. İşıqlı yaz günü, bahar nəfəsli bir gündə müstəqil Azərbaycanın Qurucusu və Memarı, Dahi Şəxsiyyət, Müdrik Dövlət Xadimi olacaq bir uşaq dünyaya gəlir. 10 may 1923-cü il. Müasir tariximizdə böyük hərflərlə yazılan gün. Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gələn bir körpə zaman ötəcək dünyaya böyük bir siyasətçi kimi adını həkk edəcəkdir. Bu elə bir zaman idi ki, Naxçıvan çox qədim adətləri ilə yanaşı, müasirliyə meyl edən intellektual zəkalarla qüdrətli olan bir məkan idi. Orada böyüyüb boya-başa çatmaq, mütfəkkirlər diyarında təlim-tərbiyə almaq, böyük ədiblər diyarından su içmək həqiqətən də, gələcək həyat üçün qoyulan təməlin əsasında bir məktəb idi. Çoxuşaqlı bir ailədə doğulan Heydər Əliyev o ailədə 8 övladdan dördüncüsü idi. Atası Əlirza Əliyev dəmir yol işçisi, anası İzzət xanım isə evdar qadın idi. Zaman təsdiqlədi ki, sadəliyi və işgüzarlığı ilə seçilən bir ailənin üzvü kimi yetişən uşaqlar gələcəyin böyük simalarına çevrildilər. Heydər Əliyevlə bərabər olaraq gələcəyin akademikləri, xalq rəssamı, elmlər namizədləri boy atırdı bu sadə ailədə. Hər biri elmə həvəsli olan uşaqlar əməkləri ilə, istedad və bacarıqları ilə tale yollarının təməlini qoyurdular. Azərbaycanın fəxarət duya biləcəyi bir ailənin övladlarını böyük uğurlar gözləyirdi. Qaynar bir həyat yaşayan, elmə böyük maraq göstərən və öyrənmək arzusu ilə çırpınan nəcib ruhlu uşaqlar sanki işıqlı gələcək naminə bütün dünyanı kəşf etməyə, sadə bir ailədən böük bir məkana çıxaraq qurub-yaratmaq, Azərbaycan adını yüksəltək üçün bütün qüvvələri, bacarıq və istedadlarını səfərbər edirdilər.
ÖMÜR YOLUNA YAZILAN SƏHİFƏLƏR
Elə məktəb illərində yaşıdlarından fərqlənən Heydər Əliyev öz davranışı, təhsili ilə hər kəsin diqqətində olub. Böyük filosoflardan biri belə yazırdı: hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bu dünyada hər birimiz öz ömür yolumuzla addımlayırıq. Kimisi üçün bu yol hamardır, kimisi üçün enişli-yoxuşlu. Bu yolu elə addımlamalıyıq ki, sonunda qoyduğumuz iz silinməsin, şərəflə, ləyaqətlə keçək ömür yolumuzu. Heydər Əliyev belə bir yolu ilə addımladı. Şərəfli və ləyaqətli yolu ilə ən yüksək zirvələrə yüksəldi. Ulu Öndər Heydər Əliyev ilk olaraq öz həyatının, ömrünün tarixini yaradıb. Əgər Ulu Öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, Özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, O ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməz, dünyanın böyük siyasətçiləri sırasında adı hallanmazdı. Heydər Əliyevin maraq dairəsi çox geniş olmuşdur. Hələ Naxçıvan ibtidai məktəbində oxuyarkən o, məktəb tamaşalarında tez-tez iştirak etmiş, həmişə şahzadə, sərkərdə rollarında oynamışdır. Çünki, Onun gözəl qaməti, gözəl diksiyası, gözəl natiqlik istedadı olmuşdur. Bundan əlavə Heydər Əliyev gözəl rəsmlər çəkirdi. Bu rəsmlərdən bir neçəsi bizim dövrə qədər gəlib çatmışdır. Beləliklə, onun fitri istedadı, gözəl qabiliyyəti hələ uşaqlıqdan özünü büruzə verməyə başlamışdır. Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Rəhbərin həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirib.
RƏSSAM OLMAQ ARZUSU
Maraqlıdır ki, müxtəlif peşə adamları Ümummilli Liderimiz Heydər Əliyevi özlərinə hər zaman yaxın hesab ediblər. Xatırladaq ki, Heydər Əliyev hələ Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil aldığı illərdə (1939-1941) və rəssamlıqla məşğul olması Onun qəlbində sənətə olan sevgi hissindən yaranmışdır. Ulu Öndər xatirələrindən söz açarkən bildirib ki, Naxçıvanda orta məktəbdə oxuyarkən rəsm çəkməyi xoşlayırmış. Öz rəsmlərini dövrünün rəssamlarına göstərərək, bu sənətin sirrlərin əxz etməyə çalışırmış. Onun rəssam olmaq arzusu var idi. 1939-cu ildə Heydər Əliyev Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil oldu. Amma müharibə Ona təhsilini başa vurmağa imkan vermədi. Faktiki olaraq müharibə Onun planlarını yarıda qoydu. O, xüsusi xidmətlərdə və təhlükəsizlik orqanlarında işə başladı. Onu da xüsusi olaraq etmək istərdim ki, Heydər Əliyevin nəslində də rəssamlar olub.
MƏN HƏMİŞƏ TEATRA YAXIN VƏ BAĞLI OLMUŞAM
Teatra bağlı olan Ulu Öndər sonralar belə deyirdi:"Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Heç kim bilmir ki, aktyor səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var." Əlbəttə ki, bu fikirləri yalnız teatrı dərindən duyan, onu yaxından hiss edən bir insan ifadə edə bilər. Ömrünün yetkin çağında Heydər Əliyev teatr adlı aləmin sehrinə düşmüş, həyatının bütün mərhələlərində də, planetdə dahi və fenomenal bir Şəxsiyyət kimi tanınanda da, ahıllıq dövründə də bu sehrdən xilas olmaq istəməmişdir. Əlbəttə ki, teatra olan sonsuz sevgini Naxçıvan teatr mühiti oyatmışdır. Doğma şəhərindəki dram teatrının tamaşalarına xüsusi maraq göstərən Heydər Əliyev, demək olar ki, 14 yaşından bu qədim sənət ocağının daimi tamaşaçısına çevrilir. Teatra vurğunluğu onu 1938-ci ildə Naxçıvan şəhər Pionerlər Evində yenicə təşkil olunan dram dərnəyinə gətirir. Naxçıvan Pedaqoji Məktəbində təhsil aldığı illərdə bu dram dərnəyinin fəal üzvü olan Heydər Əliyev burada hazırlanan "Qaralar ölkəsində" (K. Həsənov), "Lənkəran xanın vəziri" (M. F. Axundov), "On min manatı kim uddu" (M. Ordubadi), "Qanlı döyüş" (İ. Həmzəyev) kimi tamaşalarda oynadığı rollarla tamaşaçıların, xüsusən də müəllimləri və tələbə yoldaşlarının rəğbətini qazanır. Təsadüfi deyil ki, 1939-cu ildə Naxçıvanda təhsilini başa vurub Azərbaycan Sənaye İnstitutunda oxuyan Heydər Əliyev teatr aləmindən ayrı düşməsilə barışa bilmir və çox keçmədən bu işə maraq göstərən istedadlı tələbələri tapıb bir yerə toplayaraq, institutda dram dərnəyi yaradılmasına nail olur. Demək olar ki, məhz bu dram dərnəyindəki fəaliyyəti gənc Heydər Əliyevin təşkilatçılıq və rəhbərlik keyfiyyətlərini formalaşdırır. 1938-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxumuş və buranı müvəffəqiyyətlə bitirdikdən sonra Heydər Əliyev həmin ildə Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul olunur. O, memar olmaq arzusu ilə yaşayır və 1941-ci ilə qədər orda uğurla təhsil alır. Ancaq təəssüf ki, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayır və o, təhsilini yarımçıq qoymalı olur. 1941-ci ildə Heydər Əliyev Naxçıvan MSSR Daxili İşlər Komissarlığı tərəfindən Naxçıvana çağrılır. Gənc olmasına baxmayaraq, o, Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində məsul bir vəzifə - şöbə müdiri vəzifəsində çalışır. 1944-cü ilə qədər bu vəzifədə işləyir. 1944-cü ildə rus dilini gözəl bildiyinə və çox məsuliyyətli olduğuna görə, irəli çəkilir və Dövlət Təhlükəsizlik Orqanlarında işə başlayır (ən kiçik rütbədə – leytenant rütbəsində) və həmin illərdə Leninqradda xüsusi ali təhsil almışdır. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur və 1957-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. Heydər Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdi. 1964-cü ildən Heydər Əliyev Azərbaycan SSRİ Nazirlər Sovetinin yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri təyin edilmişdir. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. Uşaqlıq və gənclik illərinin belə şərəfli tarixini yazan Ümummilli Lider Heydər Əliyev böyük idarəçilik təcrübəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Əbədi olaraq Azərbaycan tarixinə adını həkk etmişdir.
Zümrüd BAYRAMOVA