Siyasət

  • 2 990

Şuşamızdan "Xarıbülbül" yenidən dünyaya səs salacaq TƏHLİL

image

Şuşamız işğaldan azad olunandan sonra öz baharına qovuşdu. Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərmiş oldu ki, işğaldan azad olunan torpaqlarımızda yeni, qaynar həyat başlanıb. Əlbəttə ki, "Xarıbülbül" musiqi festivalı hər bir azərbaycanlı üçün böyük qürurdur. Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir tədbirin keçirilməsi hər birimizin müqəddəs arzusu, istəyi idi ki, bu gerçəkliyə çevrildi.

Şuşamızdan "Xarıbülbül" yenidən dünyaya səs salacaq. Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" eynəlxalq Musiqi Festivalı keçiriləcək. 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.Mayın 12-də isə "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" tədbirinin rəsmi açılışı olacaq.Xatırladaq ki, "Xarıbülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. 1989-cu ilin əvvəlində festivala hazırlıq başlamışdır. Festival eyni ilin may ayında, Şuşa Xarıbülbülündə çiçəklənmə dövründə keçirilmişdir. 1989-cu ilin festivalında yerli ifaçılardan əlavə Qırğızıstan SSR, Qazaxıstan SSR, Başqırdıstan SSR, Litva SSR və Belarus SSR-dən olan musiqi qrupları da iştirak edirdi. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilmişdir. Festival 12–15 yaşlarında "Qarabağ şikəstəsi" muğamını ifa edən gənc xanəndələrin ifası ilə açılmışdı. Festivalın ilk günü Qarabağ atlarında da yarışlar olmuşdu. İlk festivalın tamaşaçıları əsasən Şuşanin sakinləri idilər.

HƏSRƏTLƏ GÖZLƏDİYİMİZ MƏKANIN QOYNUNDA MÖHTƏŞƏM TƏDBİR

Bu gün işğaldan azad olunan torpağımızda bu festivalın keçirilməsinin başqa bir a-havası var. 2020-ci il noyabrın 8-də Azərbaycan Şuşa şəhərini erməni işğalçılarından azad etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu Sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev fondunun təşkilatçılığı ilə festival baş tutmuşdur. Xarıbülbül festivalı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı ilə başlamışdır. Daha sonra Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışları baş tutmuşdur. Sənətçiləri səhnədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının musiqiçiləri müşayət etmişdir. Həmçinin müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı müğənnilər Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın ifaları ilə videolar nümayiş olundu.

Daha sonra 2022-ci ilin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı start götürdü. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa İli"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivala dünyanın müxtəlif ölkələrindən gələn folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatıldılar. Şuşanın qoynunda ifa olunan "Qarabağ şikəstəsi"nin sədalarının Şuşa dağlarına yayılması əlbəttə ki, böyük bir sevgimizin izharıdır. İllərlə həsrətlə gözlədiyimiz bir məkanın qoynunda belə möhtəşəm tədbirin keçirilməsi qürurumuzdur.

Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olundu. Ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirildi və klassik musiqi əsərləri təqdim olundu. "Xarıbülbül" festivalı hər bir azərbaycanlının qürurudur.

Dünyanın nəzər nöqtəsində olan Azərbaycanın reallıqları Prezident İlham Əliyevin müdrik siyasətindən qaynaqlanır. 44 günlük Vətən müharibəsi bir daha dünyanı Azərbaycanın gücü, reallıqları ilə təəccübləndirdi. Dünyanın heç bir nöqtəsində 44 günlük zaman məsafəsində hansısa müharibəni qalibiyyətlə başa vurmaq görünməmiş hal idi. Bunu tarixə Azərbaycan yazdı. 44 gün və qalib, müzəffər Azərbaycan xalqı. Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, müasirliyi göstərdi.

Azərbaycan hərbi, iqtisadi gücü ilə dünyanın diqqətini özünə cəlb etdiyi kimi, bu gün işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə də dünya dövlətlərinin diqqətindədir. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyərək xoş müjdəni verdi. Cənab İlham Əliyev bütün dünyaya Azərbaycanın gücünü, tarixi ədaləti diplomatik yol ilə bərpa etdiyini göstərdi. Şuşa şəhərində keçirilən tədbirlər də bir daha dünyanın diqqətəni ölkəmizə – tarixi Şuşa şəhərimizə cəlb edir.

CIDIR DÜZÜ", "İSA BULAĞI" AZƏRBAYCAN MUSİQİSİNƏ QOVUŞUB

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".

Azərbaycanın qədim şəhəri Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Qədim mədəniyyət beşiyi olan Şuşanın daş yaddaşı tarixin keçməşeşli yollarının hər bir ilini silinməz səhifəsinə yazmışdır. Nə qədər hücümlara məruz qalsa da, öz məğrurluğunu qoruyub saxlamışdır.

İndi Şuşa yeni dövrünü yaşayır. Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşub. Toy-büsatlı Şuşamızda yenidən "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı keçirilir. Artıq hər kəs rahatlığa qovuşub. Üzeyirin, Nətəvanın, Bülbülün güllələnmiş heykəlləri də Şuşada rahat nəfəs alır. Uzun illər R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyində saxlanılan heykəllər rahatlıq tapıb. Şuşa, "Cıdır düzü", "İsa bulağı" həsrətində olduğu sakinlərinə, Azərbaycan musiqisinə qovuşub.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər