Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələri şərti sərhəddə təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, erməni bölmələri qəsdən təxribat törətməklə Azərbaycan ordusunun qarşıdurma mövqelərini müxtəlif atıcı silahlardan intensiv atəşə tutub. Nəticədə, bir Azərbaycan hərbçisi həlak olub, digəri başından ağır yaralanıb. Erməni tərəfdən isə 4 nəfər yaralanıb.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov “Moskva-Baku” portalına müsahibəsində sərhəddə yaranmış vəziyyəti və sülh razılaşması ilə bağlı gedən prosesi şərh edib. Müsahibəni təqdim edirik.
Danışıqlar fonunda eskalasiyanın yeni raundu haqqında
- Münaqişə həll olunmayanda və onun zonasında silahlı insanlar olanda, əlbəttə, gec-tez atəş açılacaq. Aydındır ki, İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan qeyri-mütəşəkkilləşib və mərkəzsizləşib. Bütün səhra komandirləri, silahlı dəstələr Nikol Paşinyana tabe deyil. Təbii ki, Ermənistanda Qarabağın Bakının nəzarətində olmayan hissəsində silahlı təxribatların köməyi ilə sülh müqaviləsinin bağlanmasını pozmaq istəyənlər var. Məqsəd Azərbaycanı təxribat vasitəsi ilə hərbi reaksiyaya məcbur etməkdir ki, sonradan bir şəkildə yeni tərəfdarlar cəlb etmək ümidi ilə bütün beynəlxalq platformalardan, müxtəlif paytaxtlardan Bakının sülhə hazır olmadığını bəyan etsinlər, Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışlar etsinlər və bununla da münaqişəni daha da uzatsınlar.
Danışıqlar prosesində ləngimənin davam etdiyini görürük. Amma buna baxmayaraq, 2020-ci il noyabrın 10-da üçtərəfli saziş imzalanandan bəri həmişə olduğu kimi, Azərbaycan ən çətin şəraitdən asılı olmayaraq, öz ərazi bütövlüyünün tam bərpasına yaxınlaşır. Amma... yenə də Ermənistan buna məcbur edilmədən sülh sazişinin əldə edilməsi mümkün deyil...
Açığı, əsas problem İrəvanın mövqeyi ucbatından Bakı və İrəvanın danışıqlarda ciddi irəliləyiş əldə edə bilməməsidir. Azərbaycan indi diplomatik, hücum oyunu oynayır və bu sürəti azaltmaq niyyətində deyil. Amma bu oyunun nəticə verməsi üçün qarşı tərəfin güzəştə getməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi lazımdır. Azərbaycan heç bir vasitəçiyə, Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesində güc mərkəzinə simpatiya nümayiş etdirmək vəzifəsini qarşısına qoymur. Azərbaycan üçün əsas olan nəticədir. Bu, mənim fikrimcə, əsas məqsəd və nəticə olanda teleoloji hekayədir.
Bu arada danışıqlarda heç bir nəticə yoxdur, çünki erməni tərəfi vəziyyəti öz xeyrinə təkrarlamaqla bərabər, özü üçün müxtəlif addımlar atmağı mümkün hesab edir. Bu arada mən hələ də görürəm ki, danışıqlar prosesində kiçik irəliləyişlər var, bəzən sülh müqaviləsi bağlamağa hazır olmaq, sərhədlərin Sovet xəritələri ilə tanınması barədə bəyanatlar verilir. Nəticənin sıfır olduğunu söyləmək olmaz. Əslində, keçid məntəqəsi Laçın yolunda yaranıb və bu, artıq Azərbaycan üçün böyük nəticədir. Ermənistanın əməkdaşlıq edib etməməsindən asılı olmayaraq Azərbaycan öz məqsədlərinə çatır. Və burada sual yaranır ki, Ermənistan öz səsvermə hüququna sahib olmaq istəyirmi - yoxsa, Azərbaycan istənilən halda birtərəfli qaydada öz məqsədlərinə çatacaqmı.
Azərbaycan vasitəçilərin Ermənistanı vəziyyətin yeganə mümkün həllinə məcbur edəcəklərini gözləyir, lakin Bakı heç kimdən asılı olmayaraq hər zaman hərəkətə keçməyə hazırdır. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması hər kəsin qınağına səbəb olsa da, buna baxmayaraq, post qoyulub və Azərbaycan gömrükçüləri indi Qarabağa silah və sursat daşınmasını istisna etmək imkanı əldə ediblər.
Danışıq "valsı" və ya vasitəçilərin mübarizəsi haqqında
- Təbii ki, hər bir tərəf- Moskva, Brüssel, Vaşinqton- deyəcək ki, ən konstruktiv tərəfdir özüdür, digərlər isə bu platformadan yalnız özlərinə siyasi xal qazanmaq üçün istifadə edirlər. Amma onu da xatırlamaq lazımdır ki, Vaşinqton və Brüssel Ermənistan-Azərbaycan prosesinə, ümumiyyətlə, açıq məqsədlə - Cənubi Qafqazda Rusiya təsirinin qarşısını almaq məqsədi ilə qoşulmuşdular. Onu da xatırlamaq lazımdır ki, Rusiya yeganə ölkədir ki, Qərbi Avropa və ya ABŞ-dan fərqli olaraq coğrafi cəhətdən birbaşa regionda yerləşir. Rusiya Azərbaycan və Gürcüstanla həmsərhəddir. Bizim üçün bunlar hansısa yad xalqlar, bölgələr deyil, yaxın xalqlardır, tariximiz Cənubi Qafqazla bağlıdır. Azərbaycan bizim üçün Qərb üçün olduğu kimi mücərrəd torpaq deyil, o, bizim qonşumuz, hörmətli strateji tərəfdaşımız və müttəfiqimizdir. Hətta deyərdim ki, Rusiyanın Zaqafqaziya ilə bağlı müəyyən mənəvi amili var. Moskva indi müxtəlif növ təsirlərə, xüsusən də ermənipərəst qrupların təsirinə, qərbyönlü qrupların təsirinə- nəticədə, ümumiyyətlə, öz milli maraqlarımız üçün zərərli təsirlərə məruz qalır. Həmişə kimsə Moskvaya təsir göstərməyə çalışır, lakin Moskvanın regiona yanaşmasının mərkəzində bu anlayış dayanır ki, bu bizim ümumi bölgəmiz, sərhədimizdir.
Qələbə günü ərəfəsində Moskvada Putin və Paşinyan arasında qapalı danışıqlar haqqında
- Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təsdiqlədi ki, Moskvada 9 May Qələbə günü Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqlar aparılıb. Şübhəsiz ki, Putin və Paşinyan Moskvada nizamlanmanı müzakirə ediblər, çünki bu məsələ Rusiya-Ermənistan münasibətlərində əsas məsələlərdən biridir. Əminəm ki, Moskva bir daha İrəvana aydınlaşdırdı ki, nizamlanma olana qədər Rusiya-Ermənistan münasibətlərində hər hansı irəliləyiş görmək mümkün olmayacaq. Əlbəttə, Moskva erməni-azərbaycanlı nizamlanması üzərində işləyir və bu, təkcə əvvəllər haqqında danışdığım mənəvi səbəb deyil, biz başa düşürük ki, reallıq bunu tələb edir: iki ölkə arasında sülh sazişinin bağlanmasına ən çox kömək edəcək ölkə olmaq. Azərbaycanla Ermənistan arasında münasibətlərin yekun şəkildə normallaşması həm siyasi, həm də mənəvi baxımdan Moskvanın maraqlarına uyğundur.
Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinin Zaqafqaziyadakı vəziyyətə təsiri haqqında
- Prezident seçkilərində Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğanın rəqibi Kamal Qılınçdaroğlunun potensial qələbəsi Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması prosesini bir qədər çətinləşdirə bilər, çünki Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında qətiyyətlə dayanır və Rusiya ilə yaxşı əlaqələri var, bölgəyə xüsusi diqqət yetirir. Və onun rəqibi olan Qılınçdaroğlu, məsələn, Azərbaycanı tarixi İpək Yolunun dirçəldilməsi layihəsində “görmədi”. Üstəlik, o, kifayət qədər kobud şəkildə Moskvanı Türkiyədəki seçkilərə guya müdaxilə etməkdə günahlandırıb ki, bu da o qədər də mehriban görünmür. Buna əsaslanaraq başa düşürük ki, belə bir siyasətçi daha çox amerikalı və qərbi avropalı həmkarları ilə qarşılıqlı fəaliyyətə diqqət yetirmək niyyətindədir, onun üçün Cənubi Qafqaz məsələsi, ölkəsinin və qardaş Azərbaycanın milli maraqlarının müdafiəsi məsələsi o qədər də önəmli olmayacaq.
Eyni zamanda, Türkiyədəki prezident seçkilərinin nəticəsi nə olursa-olsun, bu, tarixi inkişaf vektorunu dəyişməyəcək, o zaman ki, Azərbaycan hələ də bütün torpaqlarına nəzarəti bərpa edəcək. Ərdoğanın seçkilərdə nə Azərbaycana, nə də Rusiyaya lazım olmayan potensial itkisi Zaqafqaziyada sülh yolu ilə nizamlanmanın nəticəsini çətinləşdirə və gecikdirə, erməni separatçılarına ümid verə bilər.
İrəvanda “Nemezis” terrorçuların şərəfinə ucaldılan abidə ətrafındakı vəziyyət və Ankaranın bunun fəsadları ilə bağlı barədə xəbərdarlığı haqqında
- Təbii ki, Ermənistan öz mövqeyini, tarixə baxışını təbliğ edəcək. İrəvanla Ankara arasında mövqelər qütb mənasında fərqlənir. Bu normaldır. Düşünürəm ki, indi əsas odur ki, Ermənistan sülh prosesinə müdaxiləni və Qarabağdakı separatçılara dəstəyi dayandırsın- indi həqiqətən tələb olunan budur. İnanıram ki, Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da düzgün strateji yanaşma nümayiş etdirəcək. Burada da əsas olan tarixi mübahisələr deyil, nəticədir. Baxmayaraq ki, biz, əlbəttə ki, bu mübahisələrin arxasında nələrin dayandığını başa düşürük.
Bakı ilə İrəvan arasında real normallaşma ssenarisi haqqında
- Normallaşmanın real ssenarisi - indi gördüyümüz ssenari - hər şeyin çox ləng və çətinliklə getdiyi, lakin normallaşma üçün aydın, birmənalı vektorun olduğu və Azərbaycanın bütün torpaqları üzərində nəzarəti bərpa etməsinə səbəb olacağıdır. Hər şey belə də olacaq. Hesab edirəm ki, Rusiya sülhməramlılarının beş illik mandatı başa çatanadək Ermənistan ya sülh yolu ilə etməli olduğu işi görəcək, ya da təzyiq altında etməli olacaq.
Paşinyanın KTMT və Ermənistan ərazisində yerləşən Aİ missiyasını tənqid etməsinə dair
- Paşinyanın bir tərəfdən KTMT-ni tənqid etmək, digər tərəfdən isə Aİ missiyasını tənqid etmək taktikası tipik “min əl” taktikasıdır, sanki kimsə səni sürüklədiyin bataqlıqdan çıxaracaq. Ona görə də Nikol Paşinyanın bu açıqlamaları ciddi qəbul edilməməlidir. İndi onun qarşısında kimin- Rusiyanın, yoxsa Qərbin dost olduğunu müəyyənləşdirmək vəzifəsi yox, Ermənistan-Azərbaycan prosesində minimal güzəştə getmək və sülh sazişinin qəbulunu mümkün qədər gecikdirmək və, beləliklə, özü üçün bir şey qapmaq vəzifəsi var. Ona görə də bu açıqlamalara o qədər də əhəmiyyət verməzdim.
Tərcümə - Elçin Bayramlı