Siyasət

  • 9 032

Qurtuluş naminə xilas: İrəvanın başqa çarəsi yoxdur... - ANALİTİK

image

Proseslər haraya doğru inkişaf edir?

Ermənistanın son aylardakı xarici siyasət fəaliyyəti “dejavyü” effekti verir. Hətta belə desək, həmin “strategiya” 2020-ci ilin yaz və yay aylarında, daha dəqiq desək, müharibədən əvvəlki davranışlarını və bəyanatları xatırladır. 44 günlük müharibədə qazanılan qələbədən sonrakı proseslər də get-gedə bu amili daha çox qabartmağa başlayıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin yenidən rəsmi Bakının səbri ilə oynamaq cəhdləri də belə qənaətə gəlməyə xeyli əsas yaradırdı... Lakin İkinci Qarabağ müharibəsindən əvvəlki situasiyanı yenidən xatırlatmağa ehtiyac var. Misal üçün, 2020-ci ilin yazında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə iki günlük görüşündən sonra Rusiyanın xarici işlər naziri Lavrov bildirdi ki, danışıqlar masası ilə bağlı sənəd var və onun ətrafında müzakirələr davam edir. Məhz bu bəyanatın üzərindən keçən qısa müddətdən sonra Ermənistanın keçmiş xarici işlər naziri Mnatsakanyan heç bir sənədin olmadığını bildirməklə Lavrovu təkzib etdi. Əslində, sözügedən həyasızlığın özü danışıqlardan imtina anlamını daşıyırdı. Və indi də - yəni danışıqlar masasında sülh müqaviləsi variantı olduğu, eləcə də hərəkətlərin məntiqi bütün vasitəçilərə aydın edildiyi bir vaxtda erməni tərəfi substantiv müzakirələrlə bağlı əvvəlcədən müəyyən edilmiş görüşlərdən hər vəchlə yayınır. Bu vasitə ilə isə sülh prosesinin əldə edilməsinə əngəllər yaradır.

İran-Azərbaycan gərginliyi Ermənistan buradan da heç nə əldə edə bilmədi...

2020-ci ilin yayında isə Ermənistan həmin vaxtın real situasiyasında qarşıdurma mühitindən bəhrələnmək məqsədi ilə, eləcə də geosiyasi əhəmiyyətini artırmaq ümidi ilə Türkiyənin münasibətlərinin soyuq olduğu Şərqi Aralıq dənizi ölkələri - Misir, Yunanıstan, yunan Kipri və Fransa ilə fəal danışıqları aktivləşdirdi. Bu gün isə, yəni hazırda İranın Azərbaycanla münasibətlərini gərginləşdirdiyi bir zamanda Ermənistan necə deyərlər, quyruğunu suya sallayaraq balıq tutmağa cəhd göstərir, İrəvan Bakı ilə Tehran arasındakı ziddiyyətləri qırmızı xətt üzrə daha da gərginləşdirmək üçün özünü oda-közə vurur. Digər yandan, 2020-ci ildə Ermənistan müharibədən əvvəlki vaxtlarında əlində olan bütün rıçaqlarından maksimum istifadə etməklə Azərbaycana qarşı təzyiqlərin artırılmasına can atırdı. Burada əsas məqsəd Bakının Qarabağ ermənilərinin subyektivliyi ilə razılaşmağa inandırması və artıq gorbagor edilmiş “status” formasını aktuallaşdırmağa səy göstərirdi. Və bütün bunlardan sonra 44 günlük müharibə öz sözünü dedi, Ermənistanın işğalçılıq siyasəti onun başının əzilməsi ilə nəticəsini tapdı. Ancaq daha bir məsələ var... Məsələ ondadır ki, indiki bir zamanda, xüsusilə, məğlub vəziyyətdə olduğu bir vaxtda İrəvanın yenidən baş qaldırmaq cəhdləri kənardan anlaşılmaz görünür. Paşinyanın Azərbaycanın ərazisini tanıması bəyanatı ilə "Qarabağ xalqının müqəddəratı " ilə bağlı fikirləri, ümumiyyətlə, üst-üstə düşmür və əlbəttə ki, Bakını qıcıqlandırır. Amma Ermənistan rəhbərliyi guya “müvəqqəti imtina” məsələsini ortaya atmaqla “qurtuluş naminə ayrılıq” imitasiyasını önə sürür. Daha dəqiq desək, İrəvan Qarabağ ermənilərinə eyham vurur ki, onlara heç cür kömək etmək gücündə deyil və Azərbaycan torpaqlarına iddia məsələsi, hələlik, saxlanılır sonrakı müddətlərə və s (?!). Ermənistanın faktiki olaraq ikinci dəfə eyni səhvini təkrarlamaq cəhdi, yaxud özünü ikinci dəfə palçığa batırması faktı ortadadır. Hətta belə desək, İkinci Qarabağ müharibəsindən əvvəl baş vermiş Tovuz təxribatının təkrarlanma ehtimalı da mövcuddur. Belə olan halda isə Azərbaycanın yerdə qalan kiçicik bir problemi bu dəfə birdəfəlik (!) həll etmək şansı daha da çoxalmış olur. Əbəs deyil ki, həmin mövcudluğu elə mümkün hərbi toqquşmaların olacağı barədə İrəvana xəbərdarlıqlar edən və bu toqquşma ehtimallarının qarşısını hər hansı yolla almağa çalışan vasitəçilər – Aİ-nin Ermənistandakı missiyası, ABŞ və Rusiya siyasi diplomatik dairələri də çox gözəl görürlər, hiss edirlər. Çox yəqin ki, Ermənistan bu dəfə, ümumiyyətlə, qurtula bilməyəcək və qarşıdakı yaxın müddətlərin birində hər şey onun üçün çox pis nəticələnəcək. İrəvanın artıq düşüncə üçün vaxtı da bitib...

Afət Tahirqızı

Digər xəbərlər