Siyasət

  • 1 769

Ermənistanın ittihamları absurddur ŞƏRH

image

Prezident İlham Əliyev cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edib. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Prezident çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Məlum olduğu kimi, Rusiyanın paytaxtında Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi. Bu görüş çərçivəsində postmüharibə dövrünün fundamental məsələləri ilə bağlı fikirlər səsləndirildi və mövqelər açıqlandı. Azərbaycanın prinspial və qətiyyətli mövqeyi də bəllidir. Həmin mövqeyin müəllifi də Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.

Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını inkişaf etdirir. Ölkələr arasında iqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və münasibətlərin möhkəmlənməsi davam edir. Təkcə 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəşisməsində yerləşir. Bu vacib geostrateji amil və ölkəmizin durmadan inkişaf edən və yenilənən nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyininqarşılıqlı şəkildə tanınmasıdır. Strateji əhəmiyyət kəsb edən və bütün regionun sürətli inkişafına səbəb olacaq Zəngəzur dəhlizinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir. Moskva görüşündə bu dəhlizin nə qədər önəm daşıdığı vurğulandı və Ermənistan baş nazirinin manipulyasiya cəhdi Azərbaycan Prezidentinin dəqiq və məntiqli cavabları ilə ifşa edildi. Ermənistan baş naziri Paşinyana diplomatiya dərsi keçən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.“Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var.Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir.

Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları sayır və onların hüquqlarının qorunmasına təminatlar verir. Postmüharibə dövründə iki ölkə arasında münasibətlərin nizamlanması üçün bir sıra məsələlər həllini tapmalıdır. Bura humanitar məsələlərlə yanaşı, sərhədlərin delimitasiya və demarkasiya edilməsi, Ermənistana məxsus hərbi birləşmələrin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından tamamilə çıxardılması, mina terroruna, şərti sərhədlər boyunca təxribatlara son qoyulması və s. məsələlər daxildir. Bu məsələlərin həllini tapması regionda etimad və təhlükəsizlik mühitinin formalaşmasına müsbət təsir göstərə bilər. Əsas məsələ isə iki ölkə arasında sülh sazişinin imzalanmasıdır. Belə bir sənəd imzalanmadan uzunmüddətli sabitlikdən, əmin-amanlıqdan danışmaq əbəsdir. Qalib Azərbaycan sülh sazişinin mümkün qədər tez hazırlanıb imzalanmasının tərəfdarıdır və sülh sazişi beynəlxalq prinsiplərə əsaslanmalıdır. Moskvada keçirilən son görüşdə Azərbaycan lideri ölkəmizin iddialarını tam şəkildə təmin etmiş oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər