Prezident İlham Əliyev: "Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır"
Müasir Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Tarixi ərazi bütövlüyünü təmin edərək, yeni qlobal reallıqlar fonunda özününinkişaf mərhələsindədir. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini təmin etməkdədir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın hər bölgəsinə səfəri ölkəmizin sosial-iqtisadi inkişafına böyük təkandır. Yeni müəsissələrin açılışı, təməlqoyma mərasimləri, yol infrastrukturunun müasirləşməsi və s. ölkəmizin uğurlu inkişafına söykənən amillərdir. Paytaxtla yanaşı, regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır.
Azərbaycan Prezidentinin bölgələrimizə hər səfəri rayonların ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə, yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonlarda aparılan tikinti-quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsulunun həcmində, yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.
SƏNAYE MƏHƏLLƏSİNDƏ 100-DƏN ÇOX İŞ YERİ YARADILIB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 28-də Sabirabada səfəri zamanı istehsalat müəssisəlirinin fəaliyyəti ilə tanış olub. Belə ki, Prezident Sabirabad Sənaye Məhəlləsində "Humix" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" 2014-cü ildə imzaladığı Fərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb. Məhəllənin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsində 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub.
Müəssisəyə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub.
Qeyd edək ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.
Azərbaycan Respublikasının Prezidenti Sabirabad Sənaye Məhəlləsində “Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. “Azera Toxumçuluq” MMC 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Burada Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə standart və hibrid toxum istehsalı müəssisəsi qurulub. Hazırda burada bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal olunur. Müəssisə ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2 min ton arpa, 2 min ton buğda toxumu istehsalı gücünə malikdir. Müəssisədə Sabirabad Pilot Aqroparkda yetişdirilən, həmçinin regionun kiçik, orta və iri fermer təsərrüfatlarından əldə olunan toxumlar xammal kimi istifadə edilir.
Qeyd edək ki, layihə dəyəri 2,5 milyon manat olan müəssisədə daimi iş yerlərinin sayı 20-yə çatdırılacaq. İşçilərin Sabirabad və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.
PAMBIQ EMALI ZAVODUNUN FƏALİYYƏTİ İLƏ TANIŞLIQ
Prezidentin Sabirabada səfəri rayonun sosial-iqtisadi inkişafında əlamətdar hadisələrlə yadda qalıb. Təbii ki, Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, firavan həyatın təminatına yönəlib. Dövlət başçısının Sabirabada səfəri regionların inkişafına növbəti töhfədir. Bu gün ölkəmizin regionlarında böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir. Bu, onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Taşobası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub. 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan "Taşobası" MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur. Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb.
Dövlətimizin başçısı Sabirabad Sənaye Məhəlləsində "Fırtına Su Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
"Fırtına Su Sistemləri" MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir. Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.
CƏNUBİ QAFQAZDA İLK MÜASİR İSTEHSAL OBYEKTİ
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında da iştirak edib. Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. “Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.
Regionlarımızda bu və ya digər istehsal müəssisələrinin olması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
CƏBRAYIL RAYONUNUN HOROVLU KƏNDİNİN BİRİNCİ MƏRHƏLƏSİNİN AÇILIŞI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib. Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.
Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.
Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış "Əsgər", "Şığı", "Orta", "Gülqasım" və "Xəlifə" kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq. Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.
Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.
Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. "Əsgər" kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.
Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.
Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.
ŞƏHƏR MƏSCİDİNİN TƏMƏLİ QOYULUB
Bu gün Cəbrayıl rayonu inkişafının yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində Cəbrayıl şəhər məscidinin təməlini qoyub. Məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.
Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.
MÜASİR STANDARTLARA UYĞUN YAŞAYIŞ KOMPLEKSLƏRİ
Görülən işlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub. İkinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq.
Dövlətimizin başçısı daha sonra şəhərdə inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlini qoyub. Bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.
Hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.
Göründüyü kimi, Prezident İlham Əliyev respublikamızın bütün regionlarının hərtərəfli tərəqqisini xüsusi diqqət mərkəzində saxlayır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir, qarşıya qoyduğu vəzifələrin icrasına şəxsən nəzarət edir.
Qeyd edək ki, regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Əlbəttə ki, Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. Dövlət başçımızın çıxışlarının birində bildirdiyi kimi, "Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır"
Zümrüd BAYRAMOVA