PDF Oxu

Siyasət

  • 1 959

Turistlərə qucaq açan tarixi və səfalı Qubamız TƏHLİL

image

Təkrarsız gözəlliyi ilə insanları heyran edən Odlar diyarımızın hər daşında, hər qayasında bir tarix yaşayır. Xalqımızın çoxəsrlik tarixi. Bu tarixin hər sətri əsrlərdən olan soraqları bizlərə verərək min illərin yaşatılarını daşlaşmış yaddaşlarda yenidən yaşadır. Nələrə sahib deyil, bu torpaq. Vüqarından, mücadiləsindən tutmuş zəngin tarixi, ədəbiyyatı, incəsənəti və bu sənəti yaradan və yaşadan sənətkarları, iqlimi, florası, faunası daha nələri, nələri var. Hər bir gözəllik bu torpaqda sərgilənir. Azərbaycanın misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyi kimi tanınması da əlbəttə ki, ilin bütün fəsillərində zirvəsinin qarla örtülü, zəngin və nadir ovalıqları, təkrarolunmaz gözəlliyə malik gölləri, çayları, bulaqları olması ilə səciyyəvidir. Deyirlər ki, dünyanın möcüzəli məkanının yeraltısı tükənməz xəzinə, yerüstü isə canlı muzeydir. Yer üzündəki 11 iqlim növünün 9-u əgər Azərbaycandadırsa, demək bu məkanın dəyəri heç nə ilə ölçüyə gələ bilməz. Əfsanəvi İpək Yolu üzərində yerləşən Azərbaycan bütün zamanlarda hər bir qonağa açıq ölkə olub. Gözəl mənzərələri ilə tanınan Odlar yurdu qədim və müasirliyi ilə seçilən bir məkan kimi yer üzündə tanınır. Ölkəmizin hər bir diyarı əsrarəngiz gözəlliyi ilə seçirir. Hər bir bölgənin özünəməxsusluğu, cazibəliyi var. Elə Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, Qudyalçayın sahilində yerləşən Quba kimi. Əbəs deyil ki, bu rayon turistlərin ən sevimli yerlərindən birinə çevrilib. Mətbəxi, ənənəvi yaşayış tərzinə sadiqliyi, ailə dəyərləri, koloriti və əsl Şərq mühiti ilə fərqlənən Quba turizm potensialı ilə fərqli və zəngindir. Qubaya gələn turistlər rayonun tarix və mədəniyyət abidələrinə biganə qala bilmirlər. Əlbəttə ki, son illər ölkəmizin hər bir yerində olduğu kimi, Quba rayonunda da yaradılmış infrastruktur turizmin inkişafına təkan vermişdir. Kənd yollarının yenidən qurulması turizmin inkişafı deməkdir. Rustov-Xanəgah-Girdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcgə xacə, Rustov-Baxçalı-Yekdar avtomobil yolunun istifadəyə verilməsi yeni turizm istiqamətinin açılmasına səbəb olmuşdur. Əlbəttə ki, Qubaya gələn qonaqlar ilk növbədə dağların qoynundakı Xınalıq kəndinə Allahın möcüzəsi kimi qələmə verilən bu diyara getməyi arzulayırlar. Axı bu unikal yaşayış məskəninin dünyada analoqu yoxdur. Xınalığı açıq səma altında muzeyə də bənzədirlər. Rayon mərkəzindən 58 kilometr məsafədə, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən bu kənd - özünəməxsusluğu ilə marağa səbəb olur. Hündürlüyü 75-80 metrə çatan əzəmətli "Afurca şəlaləsi"nə də üz tutanların sayı çoxdur. Şəlaləni görmək istəyənlər məşhur "Təngə dərəsi"ndən də keçməli olurlar. Xınalıq kəndində Qudyalçay üzərindəki Tağlı körpü, eləcə də Avropanın ən uca dağ kəndi sayılan IX əsrə aid Atəşpərəstlər məbədi mühafizə olunur.

GÜNÜMÜZƏ QƏDƏR DƏYİŞMƏZ OLARAQ QALAN XINALIQ DİLİ

Xınalıq qoruq elan edildiyi üçün burada yeni binaların tikintisi qadağandır. Bu gün Xınalığa çoxlu turist gəlir. Əcnəbiləri daha çox maraqlandıran Xınalıq dilidir. Yerli adət və ənənələri qoruyan Xınalıq camaatının danışdığı dil heç bir dil ailəsinə mənsub deyil. Hər il yenidən bura gələn almanlar, hollandlar, fransızlar, amerikalılar Xınalıq dilini öyrənməyə cəhd edirlər. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuş, Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Mənbələrdə qeyd olunduğu kimi, əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır. Belə ki, o, 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib. Yunus Deşeriyevin yazdığına görə, eramızdan əvvəl 3-cü minillikdə Qafqazda tək qədim dil mövcud idi.
Sonradan dillər bölünməyə başlandı, amma xınalıq dili günümüzə qədər dəyişməz olaraq qaldı. Xınalıq dili mürəkkəb morfoloji struktura malikdir. 1972-ci ildə "Xınalıq dilinin qrammatikasının fraqmentləri" kitabı nəşr olunub.

ZƏNGİN TƏBİƏT ABİDƏLƏRİ

Turistlərin Qubadakı təbiət abidələrinə də marağı böyükdür. Rayon ərazisində 60-dan çox təbiət abidəsi mövcuddur. "Xan bulağı", "Ağacda ev", "Atəşgah", "Cəfər dərəsi", "Minarə", "Xaşı istisuyu", "Sona bulağı" kimi təbiət abidələrinə maraq çoxdur. Memarlıq abidələrindən Ağbil türbələri, Alpan kəndində Subaba türbəsi, Birinci Nügədi kəndində məscid və minarə, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məsciddə yerləşir. Bu abidələr sırasında XIX əsrə aid Səkinəxanım məscididir. XIX əsrə aid bu məscidin spesifik xüsusiyyəti qadın adı daşımasıdır. Məscid öz monumentallığı ilə insanları heyrətə gətirir. Doqquz günbəzli məscid binasının hündürlüyü 27 metrdir. O, qırmızı kərpicdən tikilib və tilli silindri xatırladır. Sovet dövründə burada anbar və tikiş sexi yerləşib. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra məscid bərpa edilib və yenidən dini ibadətgah kimi istifadəyə verilib.

ŞİMAL-ŞƏRQİ AZƏRBAYCANDA ƏN QƏDİM DİNİ MƏRKƏZLƏRDƏN BİRİ – CÜMƏ MƏSCİDİ

Qubada zəngin memarlıq üslubuna malik olan ən qədim məscidlərdən biri olan Cümə məscidi 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilib. Binanın tikilisi 1792-ci ildə başlanmış və müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, ölkənin bütün şimal-şərq bölgəsində ən qədim dini mərkəzlərdən biri olub. Bu məscid təkcə Qubada deyil, şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olmuşdur. Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərmiş, qırmızı imperiya dövründə onun fəaliyyəti qadağan edilmişdir. 1933-cü ildə mədrəsə, minarə, sonralar isə digər tikililər dağıdılıb. Məscidin dağıdılacağını bilən rayon əhalisi, gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çevirib ki, onu dağıdılmaqdan xilas etsinlər. Bir müddətdən sonra bura anbar kimi istifadə olunub. Daha sonra isə burada xalça muzeyi fəaliyyət göstərib. Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilib və dini qurum kimi ədliyyə nazirliyində qeydiyyatdan keçib.

QUBADA AVANQARD VƏ MODERN MEMARLIQ ÜSLUBLARI

Azərbaycanın bütün bölgələri kimi, bu gün Quba da müasirləşib. Burada müasir istirahət mərkəzləri, otellər inşa olunub və bəziləri bərpa, təmir edilib. Qudyalçayın sahilində inşa olunmuş "Rixos Quba Azərbaycan" oteli maraqlı memarlıq üslubunda tikilibdir. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan "Rixos Quba Azərbaycan" otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstərilir. Dünya standartlarına cavab verən mərkəzlərdən biri Quba Olimpiya Kompleksidir ki, burada müasir səviyyəli idman zalları inşa edilib. Böyük futbol, mini futbol, basketbol, voleybol, tennis, üzgüçülük meydançaları da var. Kompleksdə qonaqlara Avropa standartlarına cavab verən şəkildə xidmət olunur. "Nazlı bulaq" istirahət mərkəzi, "Məst Dərgah" istirahət mərkəzi, "Bərpa SPA" Mərkəzi, "Oskar" oteli və digər mərkəzlər müasir standartlara cavab verir.

ÇOXMİLLƏTLİ, AZSAYLI XALQLARIN YAŞADIĞI QƏDİM MƏKAN

Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qeyd edək ki, ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur.
Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olurlar. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Şəhərin kənarında, Qudyalçayın sağ sahilində yerləşən bu qəsəbənin yəhudi sakinləri özlərini "cuqur" adlandırırlar. Onlara, həmçinin dağ yəhudiləri deyilir. Qəsəbədə 13 sinaqoq var, lakin indi onların ikisi fəaliyyət göstərir. Yəhudilərin köçürülməsi zamanı burada 360 ev, 1200-1500 sakin vardı. Bu gün isə Qırmızı Qəsəbədə təxminən 4-5 min yəhudi yaşayır.
Quba yəhudiləri bu əraziyə köçürülmələrinə görə Hüseynəli xana və Fətəli xana borcludurlar. Mənbələrdə qeyd olunur ki, yəhudilərin buraya köçü Nadir şahın hakimiyyəti dövründə (1736-1747) baş verib. Qubanın fəthindən sonra Nadir şahla birgə gələn yəhudilər Qələdüz və Küpçal kəndləri arasındakı ərazidə yerləşdirilib. Yəhudi ağsaqqalları icmanın təhlükəsizliyini təmin etmək xahişi ilə Hüseynəli xanın sarayına (xanın yay sarayı indi "Günbəzli hamam" deyilən yerdə olub) gediblər. Xan onlara indiki Qırmızı Qəsəbənin yuxarı hissəsində yer verib. Yəhudiləri gecə talanları və qəfil hücumlardan qorumaq üçün 1765-ci ildə Fətəli xan onları bu gün yaşadıqları əraziyə köçürüb.

TARİXİ VƏ ORİJİNAL ÇEŞNİLƏR ƏSASINDA TOXUNAN XALÇALAR DÜNYA MUZEYLƏRİNDƏ

Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə – Qonaqkənd, Xaşı, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar. Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri, Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir. Bu zonada toxunan "Çiçi", "Qımıl", "Cimi" kimi xalçaları dünyanın bir sıra muzeylərinin və şəxsi kolleksiyalarını bəzəyidir. Bildiyimiz kimi, bu gün "Azərxalça" ASC-nin Quba filialı fəaliyyət göstərir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışır. Burada 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

NİZAMİNİN ŞƏRƏFİNƏ SALINAN PARK

Deyilənə görə, Nizaminin şərəfinə adlandırılan Nizami parkını 1946-cı ildə alman əsirləri salıb. Parkın ərazisi yaşıllığa bürünüb, ağacların kölgəsində fəvvarələr şırıldayır. Parkda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Abidənin ətrafında xiyaban boyu Nizaminin əsərlərindən səhnələri əks etdirən barelyeflər qoyulub. Nizami adına parkda hamının diqqətini cəlb edən tikili Quba Şahmat Məktəbinin binasıdır. Beş il əvvəl inşa olunmuş binada şahmatçıların hazırlanması üçün hər cür şərait yaradılıb, yarış zalında eyni vaxtda 350-dək şahmatçı mübarizə apara bilər. Parkda turistləri tez-tez görmək olar. Xiyabandan pilləkənlə Qudyalçay üzərindəki qədim Tağlı körpüyə enmək mümkündür. Pilləkən boyu qızıl suyuna çəkilmiş müxtəlif heykəllər qoyulub. Bu piyada körpüsü xiyabanı dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə ilə birləşdirir.
Hərbi tərcüməçi, diplomat, rus ordusunun zabiti olmuş ilk azərbaycanlı Abbasqulu ağa Bakıxanov bu məkanın yetirməsidir. Ensiklopedik biliklərə malik alim Quba qəzasının Amsar kəndində boya-başa çatıb. Beş tarixi-ədəbi əsərin, eləcə də "Gülüstani-İrəm"-in müəllifidir. Müəllif 1841-ci ildə fars dilində yazdığı, 1843-cü ildə rus dilinə tərcümə etdiyi bu əsərdə Gülüstan sülh müqaviləsinə qədər Azərbaycan tarixini əks etdirib. Qubada, Ərdəbil küçəsi 93 ünvanında yerləşən XIX əsrə aid binada – vaxtilə Bakıxanovların yaşadıqları evdə A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi yaradılıb. Ümumi sahəsi 742 kvadratmetr olan muzeydə 10 mindən çox müxtəlif eksponat qorunur. Hər il muzeyə 3000-dən çox turist gəlir. Burada "Muzeydə bahar" adlı aksiya, habelə "Açıq qapı" günü keçirilir. Amsar kəndində isə A.Bakıxanovun ev-muzeyi yerləşir.

QUBA SOYQIRIMI MEMORİAL KOMPLEKSİ

Son illər dünyada turistlərin üz tutduqları turizm məkanlarından biri də Quba Soyqırımı Memorial Kompleksidir. Ölkəmizdə xarici və yerli ziyarətçilərin ən çox üz tutduğu yerlərdən biri sayılır. Bu Kompleks həmçinin Azərbaycanın tarixi-mədəni irsinin təbliğ olunduğu, əhəmiyyətli ideoloji müəssilərdən biri hesab olunur. Məlumdur ki, əvvəllər Quba şəhərinin futbol meydançası kimi fəaliyyət göstərən ərazidə toplu məzarlıq aşkarlanmışdır. Bu ərazidə 2007-ci ildə inşaat işləri zamanı təsadüfən kütləvi insan qalıqları tapılmışdır. Ərazidə aşakar olunan quyu və arxlardan 2 mindən artıq insan kəllə və sümükləri üzə çıxmış, burada toplu məzarlıq aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2009-cu ildə həmin ərazidə Soyqırımı Memorial Kompleksinin yaradılması qərara alınmışdır. Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş və 2013-cü ilin sentyabr ayında Quba şəhərində "Quba Soyqırımı Memorial Kompleksi"nin rəsmi açılışı olmuşdur. Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi soyqırım faciələrini əcnəbi qonaqlar və ölkəmizə səfər edən xarici turistlərə də tanıtmaqdır. Quba Soyqırımı Memorial Kompleksi bu istiqamətlərdə müxtəlif platformalardan istifadə edirək öz tanıtım və təbliğatını aparır. Kompleks ölkə daxilndə fəaliyyət göstərən mədəniyyət müəssilərilə, muzeylərlə və tarix-mədəniyyət qoruqları ilə əməkdaşlıq edir, xarici ölkələrdə fəaliyyət göstərən Memorial Muzeylərlə ikitərəfli əlaqələr qurmağa çalışır.
Belə bir mənzərəsi, tarixi ilə seçilən Qubanı seyr etməmək, oranın görməli yerlərindən maraqlı məlumatlar toplamamaq mümkün deyildi. İnsanı təbiət yaratdığından öz sərvətlərini də ondan əsirgəməmişdir. Hər bir iqlim qurşağının təbii gözəlliyini sadalamaq insana nə qədər xoşdursa, Azərbaycan məkanlarında olub, onun görməli yerlərinin ab-havasını duymaqda o qədər xoşdur. Təbiəti Tanrı sanki sənət əsəri yaradıb hər lövhəsində rəngarənglik var. Bu gözəlliyi duymaq, görmək üçün Qubaya gələn turistləri sayı ilbəil artır. Bizlər isə təbiətin bizə bəxş etdiyi bu gözəlliyi qorumalı, onu gələcək nəsillərə ötürməliyik.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər