PDF Oxu

Siyasət

  • 932

Azərbaycan-İran: milli maraqlara hörmət ruhunda və etibarlı tərəfdaşlıq müstəvisində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşdirilir

image

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki qonşu dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Tarixi köklərə, ortaq mədəni dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-İran əlaqələri bu səfər çərçivəsində gələcək üçün çoxşaxəli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə daha da möhkəmlənib.Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşlər və imzalanan sənədlər, eləcə də mətbuata verilən bəyanatlar tərəflərin siyasi iradəsini bir daha nümayiş etdirir. Ölkələrarası münasibətlər ortaq mədəniyyət və ənənə birliyinə söykənir, tarixi əlaqələr müasir dövrdə əməkdaşlığın möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir.İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə aparılması münasibətlərin uzunmüddətli və sabit inkişafını təmin edən əsas sütunlardan biridir. Azərbaycan və İran beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinin mövqelərini dəstəkləyir.Səfər çərçivəsində əsas müzakirə mövzularından biri də nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi idi. Xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı kontekstində İran və Azərbaycanın əlaqələndirilmiş fəaliyyəti regionun tranzit potensialının tam reallaşdırılmasına şərait yaradır. Ölkəmizin ərazisində bu dəhliz üzrə müasir nəqliyyat infrastrukturu yaradılıb və yük həcmi ilbəil artır. Hazırda İran ərazisində infrastrukturun genişləndirilməsi ilə bağlı aparılan işlər birgə logistik imkanların daha səmərəli istifadəsinə şərait yaradacaq. Dövlətimizin başçısı vurğulayıb ki, istər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.Energetika sahəsində əməkdaşlıq da mühüm strateji istiqamətlərdən biridir. Enerji mübadiləsi, birgə layihələr və bu sahədə regional koordinasiya məsələləri böyük əhəmiyyətə malikdir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də ekoloji təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.Səfər çərçivəsində Azərbaycan ilə İran arasında imzalanmış sənədlər iki ölkə arasında çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Xarici siyasət sahəsində məsləhətləşmələri sistemləşdirən 2025–2027-ci illəri əhatə edən Siyasi Məsləhətləşmələr Proqramı diplomatik koordinasiyanı gücləndirəcək. Nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq və dənizçilərin diplomlarının qarşılıqlı tanınması barədə Anlaşma Memorandumları isə regionda əlaqələrin genişlənməsinə və logistika imkanlarının artırılmasına töhfə verəcək. Eyni zamanda, Mədəni Mübadilə Proqramı və media sahəsində əməkdaşlığa dair razılaşmalar xalqlar arasında mədəni əlaqələrin dərinləşdirilməsinə, ortaq dəyərlərin təbliğinə və informasiya sahəsində təcrübə mübadiləsinə xidmət edəcək. Bu sənədlər tərəfdaşlıq ruhunda qarşılıqlı etimadın və mehriban qonşuluq münasibətlərinin növbəti təzahürüdür.Azərbaycan-İran münasibətlərinin hüquqi bazası artıq 147 sənədi əhatə edir ki, bu da əlaqələrin geniş spektrdə və davamlı şəkildə inkişafına şərait yaradır. İki ölkə arasında fəaliyyət göstərən iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası münasibətlərin institusional səviyyədə idarə olunmasının effektiv modelini ortaya qoyur. Dövlətlərlərarası təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Ortaq tarixi abidələrin tədqiqi, mədəni tədbirlərin təşkili və incəsənət mübadiləsi də bu sahədə yeni impuls yaradır.Bütövlükdə, səfər zamanı imzalanan sənədlər və əldə edilən razılaşmalar bir daha sübut edir ki, iki ölkənin münasibətləri parlaq gələcəyə hesablanıb. Qonşuluq, dostluq, suverenliyə hörmət prinsipləri bu münasibətlərin dayanıqlı təməlini təşkil edir. Qarşılıqlı etimad və siyasi iradə əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə əminlik yaradır. Bu münasibətlər təkcə regional sabitlik üçün deyil, həm də daha ədalətli və çoxqütblü beynəlxalq nizamın qurulması baxımından önəmlidir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Digər xəbərlər