Ankara Şimal Alyansının yeganə müsəlman müttəfiqi olaraq bu qurumun təməlini təşkil edir
Türkiyənin istər yerləşdiyi regionun, istərsə də dünya düzəninin siyasi-iqtisadi məkanındakı yerinin və rolunun xüsusi önəm kəsb etməsi danılmaz faktdır. Eyni zamanda, bu gün qardaş ölkənin mövcud iqtidarının beynəlxalq aləmdəki siyasi çəkisinin qəbul olunması da sözügedən reallığı kifayət qədər əks etdirir. Xüsusilə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə il əvvəl “Dünya beşdən ibarət deyil” fikrini önə sürməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq qlobal siyasi situasiyada yerlər dəyişdirilir və bu yerdəyişmədə Ankaranın özəl yeri vardır.
Türkiyənin dünya birliyində siyasi çəkisinin artması: yeni və daha güclü qüvvə
Son vaxtlar bir sıra Qərb ölkələri Türkiyənin siyasi gücünü həzm edə bilmirlər və bunu nə qədər qəribə görünsə də açıq-aydın etiraf edirlər. Əsasən, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının güclü siyasi mərkəz kimi çıxış etməsi, ölkənin güc strukturlarının regiona ciddi təhdidlər yaradan PKK, PJK, FETÖ və s. kimi təşkilatlara qarşı ardıcıl antiterror əməliyyatları keçirməsi, o cümlədən, Avropadan Asiyaya, oradan isə Afrikaya qədər çevrələrdə öz maraqlarını təmin etməsi qeyd edilən qısqanclıqlara səbəblər yaratmaqdadır. Son vaxtlarda isə Ankaranın İsraillə münasibətlərini əvvəlkindən də münbit şəkildə bərpa etməsi, eləcə də Rusiya-Ukrayna müharibəsində əsas vasitəçiyə çevrilməsi də bu ölkənin siyasi çəkisinin daha da artmasına öz təsirlərini göstərir.
Finlandiyaya “hə”, İsveçə “yox” prinsipi - səbəblər...
Türkiyənin hərbi və mülki sənayesinin texnoloji imkanlarını artırması isə göz önündədir. Bu imkanların artırılmasının hər birinin əsasında bir faktor dayanır: dünyanın hərbi-siyasi və iqtisadi-sənaye elitasında öncül yeri tutmaq və daha da tərəqqi etmək. Artıq bütün bu gerçəkliklər özünü hərtərəfli şəkildə isbatlamaqdadır. Ankaraya qarşı həzmetməzlik sindromundan qaynaqlanan daha bir amil NATO-ya üzv olmaq arzusunda olan Skandinaviya ölkələrinin yanaşmalarında da müşahidə olunur. Yuxarıda da qeyd olunduğu kimi, Türkiyə Cümhuriyyəti monolit dövlət quruluşu olaraq terrorçuluğa qarşı amansız mübarizəsini davam etdirir və xüsusilə, PKK-ya bağlı olan cinayətkarların bir qismi Finlandiya, İsveç kimi ölkələrdə siyasi sığınacaqlar tapırdılar. Düzdür, Finlandiya İsveçdən fərqli olaraq Ankaranın tələblərini yerinə yetirdi və öz ərazisində PKK-ya və bu təşkilatın üzvlərinə qarşı dəstəyindən əl çəkdi. Lakin İsveç hələ də Türkiyənin terrorçuları təhvil verilməsi tələbini rədd edir. O da əbəs deyil ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan seçki ərəfəsində keçirdiyi toplantıların birində Finlandiyanın NATO-ya üzvlüyünə “hə” dedi və rəsmən bunu bəyan etdi, amma İsveçlə bağlı öz qəti “yox” cavabının da qüvvədə qaldığını vurğuladı.
Türkiyə NATO üçün çox qiymətlidir və Şimali Alyans da bu reallığı dərk edir
Bu gün NATO-ya üzv olan bir sıra Qərb ölkələri - xüsusilə Fransa, Hollandiya kimi ölkələr Türkiyənin Şimal Alyansından xaric edilməsi təklifi ilə çıxış edirlər. Lakin bu təklifin həyata keçməyəcəyini bəri başdan da bəlli etmək mümkündür. Və nə qədər maraqlı görünsə də, Türkiyənin NATO-dan xaric edilməsinin mümkünsüzlüyü haqqında İsveçin aparıcı və iri media qurumu – “Dagens Nyheter” nəşri yazıb.
İsveç nəşri qeyd edib ki, Türkiyənin bu hərbi alyansdan xaric edilə bilinməməsinin 4 əsas səbəbləri var:
1. Hüquqi məsələ. NATO-nun nizamnaməsində ümumiyyətlə, hər hansı bir üzv ölkənin sonradan həmin qurumdan çıxarılması barədə heç nə yazılmayıb. Yəni bu, mümkün deyil.
2. Ölkənin coğrafi vəziyyəti və ölçüsü. Türkiyə strateji olaraq Rusiya Federasiyası ilə yanaşı yerdədir, Aralıq dənizi ilə Qara dənizi birləşdirən və Rusiyaya məxsus hərbi-dəniz bazasının yerləşdiyi Bosfor boğazına nəzarət edir. Türkiyənin təkcə bu əraziyə nəzarət etməsi əlbəttə ki, NATO üçün çox qiymətlidir.
3. Əgər Türkiyə NATO-dan xaric edilərsə Ankara mexaniki olaraq Rusiya Federasiyasına tərəf keçə bilər. Bu, Rusiya Federasiyasına strateji hədiyyə sayılar və transatlantik rabitəni tamamilə pozar.
İsveçin “Dagens Nyheter” nəşri: “Türkiyə mürəkkəb oyun aparır...”
Və sonda – “Dagens Nyheter” nəşri qeyd edir ki, Türkiyə NATO-ya daxil olan ilk ölkələrdən biridir: “Baxmayaraq Ərdoğan hazırkı məqamda digər üzv-ölkələrə başağrısı verir, amma bu da davamlı hal ala bilməz. Yadda saxlamaq lazımdır ki, alyansın üzvü Türkiyə prezidenti deyil, Türkiyə dövlətidir. Baxmayaraq ki, Türkiyə NATO üçün “rahatsızlıq yaradır”, lakin eyni zamanda, müharibə başlayanda Bosfor boğazında Rusiyaya məxsus hərbi gəmilərin qarşısını aldı, Ukraynanın tərəfini tutdu və bu ölkəyə PUA-lar göndərdi. Türkiyə mürəkkəb oyun aparır...”, - deyə İsveç qəzeti yazır. Beləliklə, fakt budur ki, Türkiyə bütün dövrlərdə NATO üçün xüsusi önəm kəsb edən bir dövlətdir və bu ölkənin, əslində, dünya birliyinə ünvanlandığı bəyanatları həm də belə nəticə hasil etməyə imkan yaradır – Ankara qarşısına bir məqsəd qoyub: dünyanın beşdən ibarət olmadığını əməli qaydada isbatlamaq...
Afət Tahirqızı