PDF Oxu

Siyasət

  • 2 685

148 yaşlı "Əkinçi" Əsrlərə qovuşacaq tarix - 22 iyul 1875-ci il TƏHLİL

image

1875-ci ilin 22 iyul tarixi. Azərbaycanın ictimai-mədəni həyatında daha bir təqvim tarixə qovuşdu. Milli mətbuatımızın təməlini qoyan "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr olundu və bu ölkə həyatında böyk əks-səda doğurdu. Qəzetin naşiri, redaktoru, korrektoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Belə bir dövrdə qəzetin təməlini qoymaq böyük ziyalılıq, vətənpərvərlik tələb edirdi: iki ali dəyəri özündə birləşdirən Həsən bəy Zərdabi əsrlərə qovuşacaq bir yeniliyə, ilkə imza atmış oldu. Əlbəttə ki, hünər, cəsarət tələb edən bir zamadan təqibləri gözünə almayan ziyalının görkəmli simalar məsləkdaşı, silahdaşı oldu. Bu adlar sırasında imzası Azərbaycan ictimai-mədəni mühitinə yaxşı tanış olan insanlar - Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi simalar var idi. Dövrünün görkəmli maarifçiləri olan bu və ya digər şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas alim Zərdabi bütün həyatını xalqının maariflənməsinə, onun elmi biliklərə yiyələnməsinə həsr etmişdir. O, Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır və bunu qəzetin nəşrində görürdü. "Bizim Cəmiyyəti Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq münkün deyildir. Elmsiz bu dövrdə yaşamaq münkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır!". Beləliklə, o bu məqsədinə çatmaq üçün isararlı olaraq mücadilə edir. Təbii ki, Həsən bəy Zərdabinin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə idi. Hər addımında vətənpərvərlik özünün biruzə verirdi. Əlbəttə ki, mətbuatın olması o dövr üçün zəruri idi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü.

Əlbəttə ki, çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Qəzetin nəşrinə icazə alma 7 il çəkdi. Zərdabinin rəsmi orqanlara ilk müraciəti isə 1873-cü ilin aprel ayında oldu. Qəzetin belə adlandırılması isə çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. "Əkinçi"nin ilk nömrəsində Zərdabi "Daxiliyyə", "Əkin və ziraət", "Elmi xəbərlər", "Tazə xəbərlər" bölmələrini olacağının yazırdı. Həsən bəy Zərdabi yazırdı:"Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun" və ya "Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün".

Bir tribunaya çevrilən "Əkinçi" qəzetində elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar yer alırdı. Canlı xalq dilinə əsaslanan qəzet sadə və anlaşıqlı bir dildə oxucularının görüşünə gəlirdi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz işlər görürdü. Məlum olduğu kimi, qəzetin cəmi 56 sayı işıq üzü gördü və qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edildi. Cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyan "Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir.

MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİ, GERİLİYİ, MÖVHUMATI AMANSIZ SATİRA ATƏŞİNƏ TUTULDU

1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan nəşr edilmişdi. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə, birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır.

Çox keçmir ki, 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə, o, çapını dayandırır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı işıq üzü görür. XX əsrdə isə, Azərbaycan dilində çıxan qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdu. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri danılmazdır. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı.

Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. Mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Bütün təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"in haqq səsi, çox keçmədən, Qafqazın hüdudlarını aşıb Rusiyada, türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi.

Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolunu qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyli tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir.

Azərbaycan mətbuatının xronoloji ardıcıllığına nəzər salsaq görərik ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə "Maarif" və "Qırmızı günəş", 1923-cü ildə "Gənc pioner", 1927-ci ildə "Pioner" jurnalları, "Azərbaycan pioneri" qəzeti və s. mətbuat orqanları nəşr edilir. 1923-cü il ildə Bakıda Şərq qadınlarının, xüsusilə, Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan "Şərq qadını" nəşr olunub. 1938-ci ildən "Şərq qadını", "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başlayıb. 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək, "Müəllim qəzeti" adlandırıldı. Sonrakı illərdə "Ədəbiyyat", "Azərbaycan pioneri", "Kirpi" jurnalı, "Bakı" və s. qəzetləri meydana gəldi.

MƏTBUATIN İNKİŞAFINDA DÖNÜŞ

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. "Jurnalistlərin dostu" adını qazanmış Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

"BÜTÖVLÜKDƏ, SÖZ AZADLIĞI HƏR BİR ÖLKƏ ÜÇÜN, ÖLKƏNİN İNKİŞAFI ÜÇÜN ƏN VACİB OLAN MƏSƏLƏLƏRDƏN BİRİDİR"

Bu gün hərtərəfli inkişaf edən Azərbaycanın inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməyib, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırıb və rəqabət qabiliyyətini yüksəldib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətdir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə, təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etmiş oldu. Əgər bu gün mətbuata göstərilən yüksək diqqət və qayğıdan söz açırıqsa, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılmasını da qeyd etməliyik. Dövlət başçısının "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının tikilməsi dövlətimizin yüksək diqqət və qayğısının əyani təsdiqidir. Jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olundu. Daha sonra dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna maliyə vəsaitinin ayrılması nəticəsində 255 mənzilli ikinci bir bina da istifadəyə verildi. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin, üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev 2017-ci ildə də "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır. "Bütövlükdə, söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir", - deyən Cənab İlham Əliyev bu sahədə ölkəmizin çox böyük və uğurlu yol keçdiyini bildirib. Bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur. Belə ki, bu gün Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Yüzlərlə qəzetin nəşri vasitəsilə dünyada gedən bütün proseslər sərbəst şəkildə diqqətə çatdırılır.

PEŞƏKAR MƏTBUAT ÖZ SÖZÜNÜ DEDİ

Azərbaycan dövləti tərəfindən hər zaman azad söz, azad mətbuat problemlərini həlli istiqamətində addımlar atılır. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. Bu gün informasiya mühiti gündən-günə modernləşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Belə bir zamanda mətbuatımızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq kimi məsuliyyətli vəzifə dayanır.

Əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək də vəzifələri sırasına daxil edilib.

Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini, tam mənada, həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır.

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.

Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. Azərbaycan mətbuatı qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar yayımlandı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi, mətbuatımız öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi.

Bu gün artıq mətbuatımızın 148-ci ildönümünü qeyd edirik. Mətbuat Günü təkcə jurnalistlərin yox, bütövlükdə, cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rolu var.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər