PDF Oxu

Siyasət

  • 1 020

Strateji inteqrasiyanın yeni mərhələsi

image

“Mayın 21-də bu Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin keçirilməsinin xüsusi önəmi vardır. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nin tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alıb. Belə ki, TDT-nin dövlət başçılarının ilk qeyri-formal Zirvə Görüşü ötən il iyulun 6-da bütün Türk dünyasının mədəniyyət paytaxtı sayılan Şuşada baş tutub”.Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ilk dəfə olaraq TDT-yə üzv və müşahidəçi dövlətlərin başçıları azad Şuşada “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda keçirilən qeyri-rəsmi Zirvə Görüşündə bir araya gəldilər. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Şuşada baş tutan Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə Türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha diqqət mərkəzinə gətirdi. Ümumi fikir və siyasi iradə Şuşada qəbul olunan “Qarabağ Bəyannaməsi”ndə öz əksini tapdı. Cari ildə isə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-formal Zirvə Görüşü TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçirilib və bu, Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan rolunun təsdiqidir. TDT-nin önəmli tədbirinin ilk dəfə Avropada baş tutması da mühüm faktdır. Macarıstan Avropa İttifaqının (Aİ) üzvü olsa da, Türk dünyası ilə əməkdaşlığın genişlənməsinə qətiyyətli siyasi iradə ortaya qoyur. Bu ölkə 2018-ci ildən TDT-da müşahidəçi statusunu daşıyır və quruma tamhüquqlu üzv olmağı hədəfləyib. Hazırda təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə dərinməzmunlu çıxış edib. Dövlət başçısının dediyi kimi, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Ümumilikdə, türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar. Qeyri-rəsmi zirvə görüşündə Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunub.
“Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. İnanırıq ki, bu Zirvə görüşündə də türk dünyasının birliyinin daha da güclənməsini hədəfləyən qərarlar qəbul olunacaq”, - deyə Fatma Yıldırım vurğulayıb.

Digər xəbərlər