Tbilisinin Bakı ilə dostluq, mehriban qonşuluq münasibətləri və ermənilərin Cavaxetiya hədəsi
“Gürcüstanda nahaq yerə hesab edirlər ki, bənzər antierməni davranışları onların rahatlıqlarını pozmayacaq”. Bu fikirlərlə Ermənistanın armenianreport analitik informasiya agentliyi "Xain gürcülər antierməni bayraqları altına keçiblər" başlıqlı məqalə ilə çıxış edib və sözün əsl mənasında, Gürcüstanın Azərbaycan və Türkiyə ilə dostluq, mehriban qonşuluq münasibətlərinə qarşı hədəflənib, bu ölkənin ərazi bütövlüyünə separatçı baxışları ilə seçilib. Söhbət Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Cavaxetiyasından gedir. Həmin Cavaxetiyadan ki, yerli ermənilər və bütövlükdə Ermənistan bu əraziləri “Kiçik Ermənistan”, deyə adlandırırlar.
Bu, əsl daşnak düşüncə tərzidir
Erməni analitiki Tevos Arşakyan sözügedən məqaləsində yazıb ki, bu gün Gürcüstanın dövlət rəhbərliyinin Azərbaycanla əlaqələrini möhkəmləndirməsi, eləcə də bir çox sahələrdə əməkdaşlıq etməsi açıq-aşkar erməniləri hiddətləndirir. Halbuki, Gürcüstan suveren və müstəqil ölkədir, bu ölkənin hansı qonşuları ilə necə davranışlarına üçüncü tərəflərin burun soxmalarına isə gərək yoxdur.
Daha bir fakt budur ki, ermənilər nəinki Gürcüstanı, eləcə də işğaldan azad olunmuş ərazilərimizə səfərlər etmiş Ukrayna jurnalistlərini və blogerlərini də hədəfə götürərək guya (!) Azərbaycanın onları “pulla ələ aldığını” sərsəmcəsinə iddia edir. Bu, əslində, daşnak düşüncə tərzi, yaxud “pişiyin ağzının ətə çatmaması” misalıdır. Nədənsə, erməni analitiki yüngül beyni ilə dərinliklərin ağırlığına varmayaraq hesab etmir, ya da hesab etmək istəmir ki, istər gürcülər, istərsə də ukraynalılar ədalətin yanında dayanırlar və ortada heç də maddi maraqlar dayanmayıb, ortada mövcud olan ədalət prinsipidir. Bu ədalət prinsipinə Azərbaycan da hörmət edir və əbəs deyil ki, Ukraynanın Krım torpaqlarının, həmçinin, digər işğal olunmuş əraziləri məsələsində Kiyevin mövqeyini tutur. O cümlədən, Gürcüstanın işğal altında qalan ərazilərini – Abxaziyanı və Cənubi Osetiyanı rəsmi Tbilisinin yuridiksiyası altında olduğunu bəyan edir. Bu baxımdan, özlərini bir tərəfdən “əzabkeş”, “məzlum” kimi təqdim edən erməni-daşnak xislətli jurnalistləri digər tərəfdən həqiqəti rədd edərək, yalnız iyrənc ittihamları ilə çıxışlar etməkdədirlər.
Gülünc iddia ilə yalnız və yalnız bənzər erməni “analitikləri” çıxış edə bilərlər
Adıçəkilən Tevos Arşakyan bir az da irəli gedərək Gürcüstanın baş naziri İraqkli Qaribaşvilinin Bakıya səfərini “şərh” edərək iddia irəli sürüb ki, guya ona Bakıda “iki-üç milyon dollar rüşvət” verilib. Gülünc və axmaq bir iddia ilə yalnız və yalnız bənzər erməni “analitikləri” çıxış edə bilərlər - Arşakyanın tipində...
Təkcə onun yazısındakı bu ifadələrə diqqət yetirək və doyunca gülək: "...Bakı Tbilisidən hansı xidmətdi istəyib? Təbii ki, Ermənistana və erməni xalqına “duz səpməyi”. Və Tbilisi gözünü qırpmadan buna razılıq verib...”
Ümumiyyətlə, illüziya və nağılları ilə farsları belə geridə qoymağı bacaran erməni “analitiklərindən” başqa cür hər hansı sərsəm iddiaları gözləməyə də dəyməzdi. O, bunu “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində zaman-zaman erməni furalarının buraxılmaması ilə əlaqələndirib, halbuki, həmin sərhəd-keçid məntəqəsindən digər ölkələrin də furaları keçmirlər, yaxud uzunmüddətli yoxlamalardan sonra buraxılırlar.
Sən demə, "antierməni” davranışları Gürcüstana “baha” oturacaqmış...
Bütün bunları əlində “bayraq” edən erməni “analitiki” artıq ənənəvi olaraq hədələyici manevrə keçid edir. İdda irəli sürür ki, “antierməni” davranışları Gürcüstana “baha” oturacaqmış. Bəs nə baş verəcəkmiş?
Yenə də sitata müraciət edək: “Ermənistanın satqın gürcüləri yerində oturtmaları üçün kifayət qədər rıçaqları və vasitələri var. Onlardan biri – Cavaxdır. (İşğalçılıq və separatçılıq xəstəliyinə mübtəla olan ermənilər sırf və əzəli gürcü torpağı olan Cavaxetiyanı “cavax” adlandırırlar – A.T.). 30 illik “müstəqilliyi” (dırnaqlar bizimdir - A.T.) dövründə İrəvan “cavax” fəallarının orada yaşayan köklü çoxluq üçün (yəni ermənilər - A.T.) milli-mədəni muxtariyyət tələblərinə nail olmaları cəhdlərindən doğan atəşlərini söndürməklə məşğul olub. Ermənistanın onsuz da kifayət qədər problemləri olub və bizim hakimiyyətlər “cavax” icmasının çoxsaylı xahişlərinə rəğmən Tbilisi ilə münasibətlərini pozmaq istəmirdilər. İrəvan hətta Saakaşvilinin “cavaxda” bu torpaqların Ermənistana məxsusluğunu, dilini və dilini unutdurmaq üçün dinc əhaliyə qarşı kütləvi repressiyalar aparanda da susurdu. Ancaq indi “azərbaycanlılar tərəfindən pulla alınan gürcülər” bizi məcbur edirlər ki, “cavax” ermənilərinin “zülmlərinə” nəzər salaq və bu regionun Ermənistana inteqrasiyası məsələsi ilə məşğul olaq (???!!!).
Bax, budur gerçək, real, aşırı, hətta izafi erməni həyasızlığının bütün şkalaları aşan danılmaz sübutu! Hələ bu harasıdır? SİTAT: “Tbilisidə anlamalıdırlar ki, əgər “cavax” erməniləri Ermənistana birləşmək haqqında referendum keçirsələr, onun nəticələri gürcülər üçün məyusedici olacaq”. Və burada dost və qardaş gürcü xalqına, sadəcə, səbir, təmkin, iradə və möhkəmlik arzulamaq qalır. Belə ki, erməni KİV-nin növbəti iddiası daha betər siyapurluğa söykənir: “Əgər daha da dərinə gedərsək, Tbilisi bilməyə məhkumdur ki, “cavax” ərazisindən qonşuları üçün mühüm strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi keçir və yerli ermənilər İrəvanın delikant xahişi ilə onu blokadaya sala bilərlər. Bəs onda kim mənfi vəziyyətdə qalacaq?”
Ermənistanın yaxın və uzaq gələcəyi kölgəli görünür, yaxud ümumiyyətlə görünmür...
Təbii ki, Tevos Arşakyanın sərsəm və kifayət qədər axmaq iddiaları əsla keçərli deyil. Necə deyərlər, milçək iyrənc deyil, könül bulandırır, yaxud son vaxtların ən çox işlənən atalar sözü – it hürər karvan keçər.
Bütün bunlara rəğmən, erməni KİV-lərinin, aparıcı medialarının bənzər fikirlərlə çıxış etmələri, əslində, bir daha sübut edir ki, qonşu ölkələrin torpaqlarına göz dikmək onların kirli qanlarına hopmuş bir gerçəklikdir. Xüsusilə, bu gün Azərbaycanın regiondakı üstün mövcudluğu, habelə Ermənistan istisna olmaqla bütün qonşuları ilə normal münasibət qurması, ancaq hər şeyə rəğmən, düşmənə belə sülh müqaviləsi imzalamaq dəvətini etməsi – bütün bunlar reallıqlardır.
Ancaq təbii ki, mənfi vəziyyətdə qalan da erməni müəllifinin iddia etdiyi kimi Gürcüstan deyil, məhz Ermənistandır. Təəssüf ki, bunu anlamayan erməni-daşnak düşüncəsi davam elədikcə, bu xalqın və dövlətin gələcəyi, hətta yaxın gələcəyi ya kölgəli görünür, ya da ümumiyyətlə, görünmür.
Afət Tahirqızı