1993-cü ilin 31 avqustunda düşmənin haram əlinə keçmişdi, Qubadlı. Bu gün azad Qubadlı ilə ozamankı Qubadlını düz 30 il birləşdirir. Həm də 30 ilin o başındakı Qubadlı ilə bugünkü Qubadlı tamamilə fərqlidir. Üç ildir, Qubadlı Qarabağın və Şərqi Zəngəzurun digər torpaqları kimi erməni işğalından azad olunub. 2020-ci ilin 44 günlük Vətən müharibəsinədək artıq 27 il idi ki, bu qədim torpaq bədnam qonşunun haram tikəsi olmuş, sakinləri düşmənin silahı burnunda doğma ev-eşiyindən didərgin salınmışdı. Qubadlılılar da məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Bu həyat onlardan nələri almışdı, bunu o həyatı yaşayandan başqa kimsə bilməz...
***
Qədim qalaları, türbələri, mağaraları, körpüləri ilə tarixin özüdür, Qubadlı. Əsrlərin o üzündən boylanan, qədimdən qədim tarixi, gözəllikləri-dağları, dərələri, meşələri, fauna və florası, çayları, təbii zənginliyi ilə şiş dağları, əraziləri, sıldırım qayaları, bu qayaların sinəsinə pərçimlənmiş evləri, yetirdiyi-bitirdiyi nemətləri ilə füsunkardır, Qubadlı. Zəngəzur mahalından başlanan dağ silsilələri Zəngilandan Qubadlıya, Qubadlıdan Cəbrayıla, oradan Füzuliyə, ta Laçına, Xankəndinə uzanır. Bu dağların havası, zirvəsindən süzülən saf suları, hər daşı, hər qayası bu yurdların həm coğrafi oxşarlığının, həm də insanlarının xaraktercə bir-birinə bənzəməsinin səbəbidir.
Ali Baş Komandandan Qubadlı xəbəri
2020-ci il oktyabrın 25-i yeni Azərbaycan tarixinin növbəti şanlı səhifəsinə çevrildi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti yenə də işğaldan azad edilən ərazilərimizin xoş müjdəsi ilə bitdi: “İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam. Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!
Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Ali Baş Komandan, Prezident cənab İlham Əliyev həmin gün Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etdi. Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı, təbriklərinin və təşəkkürlərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırdı.
Əsrlərin o üzündən boylanan QUBADLI
IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, Muradxanlı kəndindəki V əsrə aid “Qalalı”, Əliquluuşağı kəndindəki “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, Yazı düzündəki “Cavanşir” türbəsi, Hacı Bədəl, Laləzar körpüləri, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr, Gürcülü kəndində olan XVII əsrə aid türbə, XVIII əsrə aid Xocamsaxlı kəndində olan türbə, ərazisində inşa olunan yaşı bir əsrdən artıq ilk dünyəvi məktəb Qubadlının qədim tarixindən danışır. Bu yurdun elm, mədəniyyət mərkəzlərindən, tarixi-dini abidələrindən, insanların ibadətindən, xüsusi maraq doğuran “Qubadlı” toponiminin mənşəyindən söhbət açır.
Tarix danışır, Qubadlının 1993-cü ildə işğalı ərəfəsində rayona çox yaxın yerdə, Hacılı kəndi yaxınlığında bir qazıntı yerində Sasani şahı Qubadın (488-531) adından zərb edilmiş 60-a qədər gümüş sikkə nümunələrinin tapıldığını, dəfinənin olduğu küpün hündürlüyünün 10,5, oturacağının diametrinin 6,5 santimetr olduğundan söhbət açır. Tarixçilər sübut edir ki, bu sikkələr 521-522-ci illərdə kəsilmişdir. Qubadlı adının mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsa da, yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır. Tədqiqatçıların araşdırmalarında Qubadlı əvvəllər Azərbaycanın şimalında mövcud olan Albaniyanın tərkibində olduğundan, sonra ərəb xilafətinin əsarəti altına düşdüyündən, xilafətin süqutundan sonra, IX-X əsrlərdə Sasanilərin, X əsrdə Sacilərin, XI-XII əsrlərdə Şəddadilərin, XII-XIII əsrlərdə Atabəylər-Eldəgizlərin, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil edildiyindən danışır. Bu tarix qərbdən 120 kilometr məsafədə Ermənistanla, şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəd olan Qubadlının Azərbaycanın qədim yaşayış məskənlərindən olduğunu hər daşı, qayası, bu torpağın hər qarışı ilə sübut edir.
Qubadlı şəhəri Qubadlının açarıdır
Qubadlı haqqında bir yazıda oxuyuram: “Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan... sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər... gözəlliyi idi”. Bəli, bu yazı o vaxt yazılmışdı ki, rayonun olduqca gözəl təbiətinin yetirdiyi meşələr ermənilər tərəfindən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınırdı. Bu, müəllifin yanğısı idi, dağıdılan meşələr fonunda Qubadlının gözəlliklərinin ürək yanğısı ilə vəsfi idi. Sanki bu gözəl məkana bir təəssüf hissi idi o cümlələr...
Əziz müəllif, artıq “idi”lər arxada qaldı. Qubadlı şəhəri bütün rayonun açarıdır ki, o açarı da milli ordumuzun qəhrəman əsgər və zabitləri əldə etdi. Bəli, bu, bir möcüzə idi. Qədim Azərbaycan nağıllarında divin əlindən igidimiz tərəfindən padşahın qızının alınması kimi... Məmləkətə gələn suyun qarşısını kəsən əjdahanın igid oğlan tərəfindən öldürülüb suyun qarşısını açması kimi... Qubadlının-bu gözəlliklər məkanının açarı da 30 ilə yaxın dövrdə bu əzəli, həm də strateji əhəmiyyətli torpağımızda keçilməz barrikadalar yaratmış ermənilərin əlindən alındı. Bu açar inzibati bölgüsünə 1 şəhər, 93 kəndin aid olduğu Qubadlının tamamilə azadlığı demək idi ki, bunu da görə bildik.
Gözəlliklər məkanı yurd yeri
Axır ki, bu gözəl məkanın illərdən bəri susan iki böyük dağ çayı- Həkəri və Bərgüşad yenidən çağladı. Öz mənbəyini Kəlbəcərdən götürən, Araza qovuşana kimi bir çox dağ çaylarına da qoyun açan, illərdir suları həm Kəlbəcərin, həm Qubadlının göz yaşı olan Həkərinin, mənbəyi Ərikli dağlarından başlayan Bərgüşadın suları göz yaşından arındı, şükürlər olsun. Dağ bulaqlarından süzülüb gələn sulardan, Dəli çaydan, Şəki çaydan, Taxtakörpü çayı, Daşlı dərə, Bəxtiyarlı, Ağa çaylarından güc alan Bərgüşadın və Həkərinin Qaralar kəndinin yaxınlığında birləşib Araza qovuşması bir başqa oldu, sevinclə, qürurla... Axı onlar da bu yurdun insanları kimi məskənlərindən dərbədər edilmişdilər. İnsanların taleyinə qaçqınlıq, köçkünlük yazıldığı kimi, çayların da axınının səmti dəyişdirilmişdi. Qubadlılılar indiyədək Vətənin ayrı-ayrı yerlərində yurd həsrətlilərinə çevrildikləri kimi, Qubadlının çayları, bulaqları, meşələri, ağacları, bitkiləri öz yurdlarında qəribçilik ömrü yaşamağa məhkum olunmuşdular. Hələ üstəlik meşələr düşmən əli ilə Vətəndən kənara çıxarıldı, bitkilərin kökü kəsilərək Qubadlıya həsrət qaldı, çaylar öz məhvərindən çıxarıldı.
İqlimi əsasən mülayim isti və quru subtropik olan rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Buradakı 13,2 min hektar meşə sahəsi dağlıq yerləri öz örtüyünə bürümüşdür. Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqlar can dərmanıdır.
Qubadlılılar taxılçılıq, tütünçülük, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olurdular. Böyük Qayıdışla yaxın gələcəkdə doğma ocaqlarına qayıdacaq qubadlılılar torpaqlarına, təsərrüfatlarına da yeni həyat gətirəcəklər. Bu zəngin yurdun torpaqları taxıl zəmilərinə, üzüm, barama, tütün sahələrinə bürünəcək, dağlarının yamaclarından yenidən qoyun-quzunun, mal-qaranın səsi gələcəkdir. Çobanların neyindən süzülən “Qarabağ” şikəstəsi doğma səsə 30 illik təşnə yurdun bu həsrətini vüsala çevirəcəkdir.
Qubadlıda böyük işlənməmiş əqiq yatağı, mərmər karxanası da var idi, indi qalırsa əgər... Qalmasın heç, qoy gözüaclar, bu xalqın hesabına torpaq sahibi olanlar onları da aparmış, talamış, satmış olsunlar. Təki torpağımızdan ac gözlərini çəksinlər. Çünki Azərbaycan xalqı üçün torpaqdan qiymətli heç nə yoxdur.
Bu yurd Əliyar, Şükür, Nəbi yurdudur
Bu yurd 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu döyüşçüləri ilə vurub salan, avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edərək bir gün ərzində ermənilərin 80-dən çox canlı qüvvə və bir neçə texnikasını məhv edən, düşmənin Gorusun Şurnuxu kəndindəki postunu darmadağın edən, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edən Birinci Qarabağ müharibəsi iştirakçısı, milli qəhrəman Əliyar Əliyevin yurdudur.
Bu yurd “Burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşğınlıq içərisində idi, başlarını itirmişdilər. Ermənilər Lələ təpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu səddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad etdilər. 1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı. Düşmən yaxşı döyüş aparsaydı, bu daha zövqlü olardı”,- deyən qəhrəmanlığı ilə erməniləri qorxuya salan İkinci Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman, 23 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şükür Həmidovun yurdudur, XXI əsrin qəhrəmanlarının yurdudur.
Bu yurd vaxtilə çar hökumətinə, zülmkar mülkədarlara qarşı mübarizə aparan, bir də elə qonşuluqdakı erməniləri cızıqlarında saxlayan, Naxçıvan və Zəngəzur mahallarında qaçaqlıq edən Qaçaq Nəbinin yurdudur. 20 il çar hökumətinin məhv etməyə çalışdığı, lakin bacara bilmədiyi, başına topladığı igidlərlə insanların haqqı olanlarını ədalətə çevirən, Azərbaycan xalqının unudulmaz xalq qəhrəmanı Qaçaq Nəbi, Qoçaq Nəbi... Elimizin özü kimi mərd qızı Həcərlə hünər meydanında qoşa adımlayan, düşmənə bu Vətənin XIX əsr vətənpərvərlik nümunəsini sərgiləyən, adına dastanlar, nağıllar, şeirlər yazılan, hər bir azərbaycanlının qəlbində yaşayan Qaçaq Nəbinin yurdudur Qubadlı. Yəqin ermənilər yaxşı xatırlayarlar:
Nəbinin birçəyi oyma-oymadı,
Qırdı saldatları, birin qoymadı.
Bu davada Nəbi tufan eylədi,
Kazakları qırıb fiğan eylədi.
Burda Nəbi yenə bir ad eylədi,
Erməni Ginkuru bidad eylədi.
Gələcəkdi Əliyarın, Şükürün, Nəbinin davamçıları bir gün bu Vətəni, bu yurdu erməni zorakılığından xilas etməyə. Bunu ki siz ermənilər biz azərbaycanlılardan yaxşı bilirdiniz. Gəldilər də, sizə Füzulidə, Cəbrayılda, Hadrutda, Kəlbəcərdə, Qubadlıda və Şuşada elə bir dərs verdilər ki, tarix durduqca xatırlayacaqsınız.
Mətanət Məmmədova