Siyasət

  • 1 786

“Boz zona”dan Qarabağa – BAXIŞ BUCAĞI

image

Separatçıların cinayət əməlləri və verilən cavab

Azərbaycan sülh yaratmaqda israrlıdır. Uzun illər işğalçılığa təhrik edilmiş, özü işğalçı olan, insanlarını da öz siyasətinə qurban verən Ermənistanın müharibədəki acı məğlubiyyətindən sonra nəhayət “yola gələcəyi” gözlənilsə də, bu qondarma dövlət yanlış siyasətindən əl çəkmir, regiondakı müharibə qoxusunu dəf etmək istəmir. Ortada 5 baza prinsiplərinə söykənən sülh müqaviləsi var. Halbuki, heç bir qalib dövlətin məğlub tərəfə bu qədər güzəştə getməsi barədə bir fakt yoxdur. Bu addımı Azərbaycan bölgənin təhlükəsizliyi, sülhün yaranması üçün atır.

Bütün cəhdlərə baxmayaraq Qarabağdakı xunta separatçı əməllərini davam etdirir. Bir neçə gün bundan əvvəl qondarma “prezident seçkiləri”nin keçirilməsi də buna misaldır. Azərbaycan bölgədə 30 ildən çox davam edən münaqişənin sona çatmasına, nəhayət ikinci Qarabağ müharibəsində ağır şəğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atan Ermənistanı sülh masasında əyləşdirməyə çalışır. Amma rəsmi İrəvan hələ də ikibaşlı oyununu oynamaqdadır. Qarabağda vəziyyət ermənilərin xeyrinə inkişaf etməyəndə Azərbaycanla şərti sərhəddə təxribatlar törədir, o da işə yaramayanda növbəti ölkə daxilində diqqət çəkən hadisələr törədilir. Beləliklə, Azərbaycanla sülh danışıqları dalana dirənir. Müharibədən keçən təxminən 3 il ərzində Ermənistanın addımları yalnız təxribat törətmək olub.

Qarabağdakı xuntanın davranışları İrəvandan gələn əmrlər və göstərişlərlə tənzimlənir. 30 il bundan əvvəl də, indi də Ermənistan separatçı əməllərini davam etdirir. Dünya birliyi separatçılığın əlehinə olsa da, Ermənistan havadarlarına arxalanıb hələ də işğalçı siyasətini davam etdirir. Azərbaycan tərəfi Vətən müharibəsindən əvvəl də, postmüharibə dövründə də İrəvana siyasətində dəyişiklik etməyi, regionda sülhün bərqərar olunması üçün konkret işlərlə məşğul olmağı təklif etsə də Ermənistan siyasətində dəyişiklik etmək istəmir. Rəsmi Bakı Qarabağda yaşayan ermənilərə danışıqlar və reinteqrasiya, yüklərin Azərbyacan ərazisindən daşınmalarını təklif etdi, amma xuntanın davranışı - yolların betonlanması, etiraz aksiyaları, separatçı hərəkətlər bütün xoş niyyətlərin üstündən xətt çəkdi. Üstəlik, Qarabağdakı qanunsuz hərbi birləşmələr ərazidə minalanma, səngər qazıntıları, mühəndis işləri aparmağa cəhdlər edir, yeni toqquşmalara hazırlaşırlar. Bütün bunlara rəğmən Azərbaycan öz ərazilərində suveren hüquqlarını bərpa etmək əzmindədir, buna yetəcək gücü və imkanları var.

Müharibə canisi Samvel Babayan adlı “general” qondarma “seçkilər” barədə danışan zaman bildirib ki, Bakı məsələyə çox sərt yanaşıb və onların həyata keçiriləcəyi təqdirdə güc tətbiq ediləcəyini bildirib. Cani general bildirib ki, hadisələr arzuolunmaz inkişafı onu narahat edir, taleyi xarici dairələrin maraqlarından asılı qalan xuntanın başına gələcəklərə görə, iyirmi iki deputat, onların irəli sürdüyü və seçdiyi “prezident” və bu prosesin “xaç ataları” cavab verməli olacaqlar.

Ermənistan rəsmi şəkildə Qarabağın Azərbaycana aid olduğunu müxtəlif tribunalardan hələlik şifahi olaraq deyib, yazılı kağıza imza atacağı da uzaqda deyil. Beynəlxalq təşkilatlar da, iri dövlətlər də, region ölkələri də Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edirlər. Təkcə separatçılar və Ermənistan dolayısı ilə bunu qəbul etmək istəmirlər. Qarabağı “boz zona”ya çevirmək istəyirlər.

Qarabağın sülhməramlıların nəzarətində olan hissəsi “boz zona” adlandırılır. Niyə? Səbəbi bəllidir. Çünki orada qanuni hakimiyyət yoxdur, müxtəlif cinayətkar, transmilli qruplar fəaliyyət göstərir. “1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb. “Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir”, - Prezidentin köməkçisi qeyd edib.

O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli (qorxunc) rəqəmlərini əks etdirən cədvəl də paylaşıb: “Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”. Azərbaycan tərəfi sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının BQXK yük maşınları üçün ən tez və eynivaxtlı açılmasını təmin etmək üçün əlaqələri davam etdirir. Bu barədə Hikmət Hacıyev paylaşımında qeyd edib ki, 12 təqvim günü ötməsinə baxmayaraq Ermənistana tabe olan qanunsuz rejim bu keçidə icazə verməkdən və yolların açılmasından imtina edir. “Biz beynəlxalq tərəfdaşlarımızı öz səylərini ikiqat artırmağa, Ermənistana və onun proksisi, ona tabe olan qanunsuz rejimə bu dağıdıcı siyasətinə son verməsi üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona” status-kvosunun saxlanılması və humanitar məsələlərdən qəsdən silah kimi istifadəsi onların faydasız strategiyasıdır”, - Hikmət Hacıyev qeyd edib.

Dünyada “boz zona”lar azdır, amma zaman-zaman rəqəmlər dəyişə bilər. Çünki bu ərazilər cinayətkarların “işinə” daha çox yarayır. Birinci Qarabağ müharibəsindən sonra hər kəsin “atəşkəs dövrü” kimi qəbul etdiyi vaxtda ermənilər işğal altında olan Azərbaycan ərazilərində, yəni “boz zona”da istədikləri əməlləri törədirdilər. Ora de-fakto Ermənistan nəzarət etsə də, hüquqi cəhətdən onun ərazisi deyildi və cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə beynəlxalq qurumlar belə nəzarət edə bilmirdi. Orada hakimiyyət xuntanın əlində idi, qanuni hakimiyyət yox idi. Əfqanıstandan İrana, oradan isə Avropaya, Rusiyaya daşınan narkotik karvanlarının yolu Qarabağdan keçirdi. Bu tranzitdən separatçılar külli miqdarda gəlir əldə edirdilər.

Bu gün Azərbaycan Qarabağda qnuni hakimiyyətini, suveren hüquqlarını bərpa etməkdədir. Xunta bütövlükdə dalana dirənib, ömrünə sayılı günlər qalıb. Ona görə də dirəniş göstərir, indiyədək asanlıqla qazandıqlarını itirmək istəmirlər. Amma zaman onların zərərinə işləyir. Onları “seçkilər” də xilas edə bilməyəcək. Düyməyə basılıb, separatçılar ya Qarabağı tərk etməli, ya da məhv ediləcəklər, başqa yol yoxdur. Laçınlılarla görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda yaşayan ermənilərə inteqrasiya olunmaq təklifini göndərmiş, hətta amnistiya barədə də fikirlərini çatdırmışdı. Ermənilər bu fürsəti də əldən verdilər.

V.SALAH

Digər xəbərlər