PDF Oxu

Köşə

  • 703

Jurnalist olmaq...

image

Vaxtilə jurnalist deyəndə ağıla da, göz önünə də ilk gələn qələm idi. Sonralar yazı makinaları, kompüter ixtira olunsa da, bu dəfə də jurnalistin barmaqları qələminə çevrildi. Gördükləri, həyatda müşahidə etdikləri, baş verən hadisələr onu zaman-zaman böyük bir ordunun əsgərinə çevirdi, sadəcə əlində silah deyil, qələmi olan əsgərə... O qələm bəzən silah qədər kəskindir, hədəfə onun qədər dəqiq vurur. Kimlərinsə səhvinə, kimlərinsə yanlışına, kimlərinsə köhnə kənddə yeni dəbinə, haramına, xəyanətinə, pis mövqeyinə, nəfsinə tuşlanır. Vurur hədəfə, dağıdır, parçalayır. Milli dəyərləri yaşatmaq uğrunda mübarizə aparır. Ailə dəyərlərini qorumaq üçün mübarizəyə qalxır. Cəmiyyətin, dövlətçiliyin qorunması üçün mübarizə meydanına çıxır o qələm.

Bəzən qələm ana sığalına çevrilir. Ətrafdakı gözəllikləri tərənnüm edir. Gözəl ənənələri bəzəyir. Uğurları al-əlvan güllərə qərq edir. Yol göstərir, məsləhət verir, tövsiyə edir.

Bəzənsə əsrlərin o başından bu başınadək yola çıxır qələm. Xatırlayır olanları-keçənləri. Həyatda izi, sözü, əməli qalanları anır. Onları o əsrdən bu əsrə qonaq gətirir. Yenidən dünyaya bəxş edir. Onlardan bəhs edir. Yubileyini, doğum gününü, anım tarixini qeyd edir. Yaşadır qələmlər minlərlə insanı: öz dəyərləri, zəhməti, yaddaşlara saldığı izlərlə...

Qələm deyəndə tək kağız üzərinə mürəkkəb salan bir əşya düşünməyin. Qələm həm də canlıdır: müəllimdir-yol göstərir, tərbiyə edir. Həkimdir-müalicə edir, sağlamlığa çağırır. Əsgərdir-döyüşür, düşmənlə mübarizə aparır. Torpaq uğrunda mücadilə edir, şəhid verir, Qələbə qazanır. Sonra da bu qələbəni tarixin bu başından o başına götürür: salnamələşdirir, tarixləşdirir.

Qələm hüquq mühafizəçisidir-hüquqlardan bəhs edir, bilməyənə hüquqlarını izah edir, polisdir-asayişi qoruyur, sərhədçidir-ərazi bütövlüyü uğrunda qələmdən süngərə çevrilir.

Qələm mühəndisdir-tikir, ucaldır, qurur-yaradır. Sonra da kənardan tamaşasına dayanır. Vəsf edir, gözəlliyi gözləri ilə görməyi, qiymət verməyi bacarır...

Qələm ata-anadır, bir evin böyüyü-ağsaqqalı-ağbirçəyidir. Ənənələri qorumağı tövsiyə edir, yol gözləməyə, keçmişdən bu günə yaşananları yaşatmağa çağırır. Böyüyün-kiçiyin yerini göstərir. Doğru davranışı təbliğ edir.

Qələmi əsla cansız bir əşya hesab etməyək. O, canlıdır, həyat doludur... Onu əlinə alan isə həyata tamamilə fərqli baxışla baxanlardır. Qəlbindən, ruhundan axanları qələmin yazmasına hökm verənlərdir. Bir baxışla bəlkə də yüzlərlə insanın görmədiyini görənlər, sezmədiyini sezənlərdir jurnalistlər. Odur ki, çox həssasdırlar. Bu həssaslıq bəzən ömrü yarıda qoyur. Bu peşə bəzən həyatı tam yarıda nöqtələyir.

Çətindir, lakin şərəflidir. Onu yarıda qoyub qaçanlar da olur. Çətinliyinə tab gətirməyənlər də olur. Lakin tab gətirib peşəsi ilə qürur duyanlar çoxdur. Seçilib bu peşədə qalanlar, onun ağırlığını çiyinlərində daşıyanlar çoxdur. Bu, bütün dünyada belədir.

Bax budur, jurnalist olmaq... 21 oktyabr Dünya Jurnalistlər Günüdür. Odur ki, bayramı mübarək, bu peşədə qalanların, çətinliklərə sinə gərənlərin-jurnalist olanların. Qoy qələmimiz iti, sözümüz kəsərli olsun.

Mətanət Məmmədova

Digər xəbərlər