Siyasət

  • 826

Erməni faşist ideologiyası: susmayan terror aktları TƏHLİL

image

Xalqımıza qarşı davam edən mənfur siyasətin nəticəsində XX əsrdə 2 milyona yaxın azərbaycanlı soyqırımı və deportasiyaya məruz qalıb. Xalqımıza qarşı törədilmiş milli qırğın, soyqırımı və deportasiyanın ağır nəticələrini yaşamışıq. 1905-1907, 1918-1920-ci illərdə ermənilərin Bakı, Quba, Naxçıvan, Qarabağ, Şamaxı və başqa bölgələrimizdə törətdikləri qırğınların dəhşətli nəticələri, Qaradağlı və Xocalıda eyni ssenari əsasında həyata keçirilən soyqırımları tariximizin qanlı səhifələrində yer alıb. Hüquq normalarına zidd olan qərarlara əsasən, azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası da Azərbaycan xalqına qarşı törədilən cinayətlər sırasındadır.
Azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı qanlı soyqırım aksiyası nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə insan elindən-obasından didərgin düşüb.1918-ci ildə erməni quldurları tərəfindən azərbaycanlılara qarşı törədilən Comərdli soyqırımı da tariximizdə qanlı səhifə olaraq yer alıb. Comərdli kəndi Qarakilsə rayon mərkəzindən 15 kilometr aralıda – Salvartı dağının ətəyində yerləşirdi. Comərdli Qarakilsənin ən böyük türk kəndlərindən biri idi. 1918-ci ildə daşnak Andranik Ozanyanın quldur dəstəsi Qarakilsəyə qan uddurduğu vaxt onun zülmünə tuş olmuş kəndlərdən biri də məhz Comərdli idi. Əhalinin yarıdan çoxu qətlə yetirilib, bəladan qurtaranlar isə sıldırımlı dağları, qayalıqları aşaraq Naxçıvana pənah aparıblar.
Azərbaycan tarixində belə faciələrlə, soyqırımları ilə bağlı hadisələr yer alıb. Təbii ki, bütün əhali qruplarının, etnosların, irqi, milli, etnik, yaxud dini əlamətlərinə görə tamamilə və qismən məhv edilməsi soyqırım, genosid deməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bütöv bir əsr boyu bu cür soyqırıma məruz qalmışdır. Ermənilərin Azərbaycan torpaqlarında törətdiklər terrorçuluq, işğalçılıq, soyqırımı bunu təsdiqləyir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində xalqımız misli görünməmiş faciələlər yaşamışdır. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini göstərmiş olur. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir.

BİR GECƏDƏ 613 NƏFƏR QƏTLƏ YETİRİLƏN XOCALI SAKİNİ

1992-ci ilin Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Bir günün içində yer üzündən silinən Xocalıda yaşayan sakindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub. Keçən dövr ərzində 13 ölkənin Parlamentində Xocalı soyqırımı rəsmi olaraq tanınıb. 2011-ci ildə Meksika, 2012-ci ildə Pakistan, Kolumbiya, 2013-cü ildə Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya, 2014-cü ildə Sudan və Honduras, 2015-ci ildə Qvatemala, 2017-ci ildə Cibuti və Paraqvay Parlamentlərində Xocalı faciəsi soyqırımı kimi tanınmışdır. Bundan başqa, ABŞ-ın 20-dən artıq ştatında və İslam Əməkdaşlıq Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul olunmuşdur.

ERMƏNİ TERRORİZMİNİN DAHA BİR ÜNVANI

20 sentyabr 1991-ci il. Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladıldı. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Bu o illərdə Xankəndidə törədilmiş ilk və son terror deyildi. Terrorizm həm bütün forma və təzahürlərinə, həm də miqyasına görə ən qəddar, qeyri-insani hadisə olaraq qlobal problemə çevrilib. Bir tərəfdən kütləvi insan qırğınına səbəb olması, digər tərəfdənsə maddi-mənəvi dəyərlərin məhvinə səbəb olur. Sivil dünyada terrorizm nə qədər qəbuledilməz olsa da təssüflər ki, bu hal ilə bərabər yaşayırıq. Terror aktları insan tələfatları ilə nəticələnir və güclü psixoloji gərginliklər yaşanılır. Terrorizm haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Əlbəttə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, dövlət adamları ziyan çəkir. Müasir dünyanın toqquşduğu əsas və təhlükəli problemlərdən olan terrorizm daha çox siyasi, etnik, dini və s. zəmində yaranır. Bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər.

AZƏRBAYCAN TERRORDAN, XÜSUSƏN, SİYASİ TERRORDAN ƏZİYYƏT ÇƏKƏN ÖLKƏLƏRDƏNDİR

Bu terror aktlarının sayı kifayət qədərdir. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, şəhərdə terror, sui-qəsd vəhücum aktları kifayət qədər törədilib. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı iləXankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlanılıb. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıblar. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb olub. Bundan sonra sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərib. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlanıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş edib və onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirilib və çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları olublar. Bu, bir daha ermənilərin terrorçu olduğunu sübut edən dəlillərdir. Belə ki. 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib. 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. 1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.

FAŞİST DÜŞMƏNİN TƏFƏKKÜRÜ VƏ MÖVQEYİ

Bu və ya digər terror aktları bir daha göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçirmişdilər. 8 sentyabr 1984-ci ildə Bakıda 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. Hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək, həbsdən azad edilib məcburi psixi müalicəyə göndərildi. Əlbəttə ki, bu ermənipərəst qüvvələrin himayəçilərinin əməlləri idi. Hər bir terror aktında insan ölümü diqqəti çəkir. Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. 44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Müharibə getməyən ərazilərimizdə Gəncədə, Mingəçevirdə, Bərdədə yaşından asılı olmayaraq uşaq da, gənc də. qoca da bu terrorların acı nəticəsini yaşamış oldu. Neçə-neçə qurbanlarımız oldu. Bu erməni faşist ideolgiyasıdır. Faşist düşmənin təfəkkürü, mövqeyidir ki, bu terrorlardan xalqımız əziyyət çəkir.
Yeri gəlmişkən qeyd edək ki, "Daşnaksütyun"un 1892-ci ildə Tiflisdə keçirilən ilk qurultayında türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qəti qərar verilib. Məhz bu qurultaydan sonra "Türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmri yayılıb. Bir şüara çevrilmiş bu fikir erməni kimliyini, məqsədini ortaya qoyur.
Əlbəttə ki, Azərbaycan dövləti daima terrora qarşı olan dövlətdir və bununla bağlı bir çox konstruktiv tədbirlər həyata keçirib. Buna misal olaraq "Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu"nu və "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə Azərbaycan Respublikasının Qanunu"nu göstərmək olar. Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir ki, müasir dünya, xüsusilə də, Azərbaycan bunun acı nəticələrini hələ də yaşamaqdadır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər