Ermənistan Müdafiə Nazirliyinin saytı xəbər verir ki, Pentaqon hərbçilərin peşəkar və döyüş hazırlığı sahəsində Ermənistana yardım etməyə başlayacaq. Bununla bağlı Ermənistan müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan və ABŞ-ın Avropa Komandanlığı komandanının müavini Stiven Başam arasında Ştutqart görüşündə razılıq əldə olunub.
“Başam ABŞ-ın aşağıdakı sahələrdə əməkdaşlığın yeni sahələrinə başlamağa hazır olduğunu bildirib: silahlı qüvvələrin peşəkarlaşdırılması, hərbi təhsil və döyüş hazırlığı, təlimlər və s.”, - Ermənistan hərbi idarəsinin bəyanatında deyilir.
Həmçinin əməkdaşlıq sahələrinə artıq mövcud proqramlardan əlavə komandanlıq və idarəetmə sisteminin modernləşdirilməsi, sülhməramlılıq və hərbi tibb daxildir.
“Görüş zamanı Ermənistan-Amerika hərbi əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib”, - məlumatda deyilir. Bundan əlavə, generallar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Asryan EUCOM-un qərargahından əlavə ABŞ Ordusunun Hohenfelsdə yerləşən Avropadakı Quru Qoşunlarının Birgə Çoxmillətli Təlim Mərkəzinə və Serjant Akademiyasına da baş çəkib.
Maraqlıdır, ABŞ Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməklə hansı məqsədləri güdür? Onlar bilməyə bilməzlər ki, nisbətən yaxın vaxtlara qədər kənardan dəstək hesabına xeyli silah-sursata malik olan Ermənistan qonşu Azərbaycana qarşı işğalçılıq müharibəsi aparırdı və onun rəsmi sənədlərində qonşularına qarşı ərazi iddiaları qeydə alınır. Belə acınacaqlı təcrübədən sonra Bakı və Ankaranın xarici dövlətlərin Ermənistanı hərbi sahədə dəstəkləmək cəhdlərindən ehtiyatlanması təbiidir. Artıq Fransa, Hindistan və İran bunda diqqət çəkib. İndi də ABŞ. Çətin ki, belə addımlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasını və Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasını daha da yaxınlaşdırsın. Bəs onda niyə bu yola gedirlər?
Bu barədə xarici ekspertlər “Caliber” analitik mərkəzinə öz fikirlərini bildiriblər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.
Türkiyəli politoloq, siyasi elmlər doktoru, professor Heydər Çakmak hesab edir ki, ABŞ-ın Ermənistana hərbi yardımı və onun hərbçilərinin yetişdirilməsi Vaşinqtonun İrəvanın hesabına region ölkələrini nəzarətdə saxlamaq cəhdidir.
“Lakin Ermənistan silahlı qüvvələri nə qədər hazırlıqlı olsalar da, Rusiya, Azərbaycan və Türkiyəyə qarşı heç vaxt uğur qazana bilməyəcəklər. Mənə elə gəlir ki, amerikalıların yuxarıdakı hərəkətlərində məqsəd Ermənistan vasitəsilə region ölkələrini narahat etmək, diqqətini yayındırmaqdır. Düşünürəm ki, Ermənistan rəhbərliyi bunun fərqindədir, lakin onların məqsədi Rusiyanın təsirindən qurtulmaq və Qərb ölkələri ilə yaxınlaşmaqdır. Yeri gəlmişkən, bunu həm erməni xalqı, həm də Qərb dövlətləri istəyir. Bunun üçün isə Türkiyə və Azərbaycanla yaxşı yola getmək lazımdır” - professor Çakmak deyir.
Amerikalı politoloq Endryu Korıbko öz növbəsində bildirib ki, ABŞ-ın məqsədi Ermənistanı Rusiyadan və Moskvanın rəhbərlik etdiyi KTMT-dən “cəzb etmək”dir və bu məqsədlə Vaşinqton indi bu planın hərbi ölçüsünə diqqəti bu yaxınlarda razılaşdırılmış vasitələrlə yönəldir.
“Amerika siyasətçiləri belə qənaətə gəliblər ki, Ermənistanın Qarabağdakı məğlubiyyəti bu münaqişədən sonra Moskvanın geniş, lakin yersiz narazılığından istifadə edərək, Rusiyanın hesabına bu ölkədə öz təsirlərini genişləndirmək imkanı yaradıb.
Bir çox ermənilər öz diasporlarının məğlubiyyətə görə məsuliyyətin Rusiyanın boynunda olması və bu, onların ölkələrinin ondan uzaqlaşmasına haqq qazandırması ilə bağlı təbliğatın təsirinə məruz qalıb, lakin reallıq budur ki, KTMT-nin qarşılıqlı müdafiə öhdəlikləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə şamil edilmir. Lakin bu yanlış təsəvvür erməni cəmiyyətində geniş yayılıb və Amerika tərəfindən Ermənistandakı son hərbi fəaliyyətləri üçün istifadə edilib”,- Korıbko deyir.
O hesab edir ki, Birləşmiş Ştatların burada bir neçə strateji hədəfi var.
“Birincisi, onlar ümumən Ermənistan-Rusiya münasibətlərini pisləşdirmək istəyirlər, ikinci məqsəd isə, xüsusilə, hərbi əməkdaşlıqdan söhbət gedəndə bunu etməkdir. Üçüncü məqsəd əvvəlki ikisinə əsaslanır və yeni razılaşdırılmış ABŞ-Ermənistan əməkdaşlığına aiddir ki, bu da ABŞ-ın bu ölkənin komanda və nəzarət sistemlərinə planlaşdırılmış müdaxiləsi səbəbindən Rusiya-Ermənistan əməkdaşlığına problemlər yarada bilər. Sadəcə olaraq, ABŞ Ermənistan vasitəsilə Rusiyaya qarşı casusluq edə bilər.
Bu, bəzi tənqidçilərin instinktiv olaraq iddia edə biləcəyi kimi, bu sui-qəsd nəzəriyyəsi deyil, bu qorxular Amerikanın bəzi tərəfdaşlarının Rusiya ilə hərbi əməkdaşlıq faktları ilə üzləşdiyi zaman özlərinin təcrübəsinə əsaslanır. Amerika daha əvvəl Moskvadan S-400 hava hücumundan müdafiə sistemləri alan Hindistan və Türkiyə kimi ölkələrin ABŞ-la hərbi əməkdaşlığına dair kəşfiyyat məlumatları əldə etmək üçün gizli şəkildə Rusiyaya açıla biləcəyini bildirmişdi. Məhz bu bəhanə ilə dövlətlər Türkiyəyə qarşı sanksiyalar tətbiq etdilər və onunla bəzi əməkdaşlıq formalarını dayandırdılar”, - politoloq bildirib.
Onun fikrincə, bu konkret narahatlıqların əsaslı olub-olmamasından asılı olmayaraq, fakt ondan ibarətdir ki, onlar amerikalı siyasətçilər tərəfindən açıq şəkildə ifadə edilib və ABŞ-ın Ermənistanla yenicə qurulmuş hərbi əməkdaşlığı ilə bağlı Rusiyanın maraqlarına gəldikdə aktualdır.
“Bunu nəzərə alaraq, ABŞ-ın əldə etmək istədiyi dördüncü strateji məqsəd Ermənistanı özünün regional təsir qalasına çevirməkdir. İrəvanda artıq dünyanın ən böyük ABŞ səfirliklərindən biri yerləşir, ona görə də bu, bu planın növbəti mərhələsidir.
Nəhayət, əgər ABŞ bu geosiyasi layihəni başa çatdırmaq üçün bu ölkəni tədricən özünün regional təsir qalasına çevirmək üçün ümumilikdə Ermənistan-Rusiya münasibətlərini, xüsusən də onların hərbi əməkdaşlığına münasibətdə uğurla pisləşərsə, Gürcüstan üzərində öz təsirini bərpa etməli olacaq. İndiki Gürcüstan hökuməti çox praqmatikdir və ABŞ-ın tələblərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edir ki, bu da son bir ildə ikitərəfli münasibətlərdə müəyyən problemlər yaradıb.
Gürcüstan çoxlarının yeni Soyuq Müharibə adlandırdığı şəraitdə qürurla strateji muxtariyyətini qoruyub saxlasa da, ABŞ regional təsir qalası kimi Ermənistandan maksimum yararlana bilmir, buna görə də ya Tbilisini öz istəyini yerinə yetirməyə məcbur etmək, ya da rejim dəyişikliyinə nail olmaq lazımdır. Yalnız bu halda Birləşmiş Ştatlar Ermənistana məhdudiyyətsiz hərbi girişə və onun İran, Rusiya, Türkiyə və hətta Azərbaycana qarşı təmin edə biləcəyi strateji təsir rıçaqlarına arxayın ola bilər.
Bu dörd ölkə üçün ABŞ-ın Ermənistandakı geosiyasi layihəsinə qarşı durmaq çətin olacaq, lakin onlar arasında daha sıx hərbi-strateji koordinasiya təhlükənin bir hissəsini azaltmağa kömək edə bilər. Birləşmiş Ştatlar Ermənistan üzərində bütün sahələrdə, xüsusən də hərbi sahədə təsirini tədricən genişləndirməkdə davam edərsə, o zaman bir gün bu ölkənin revanşist fantaziyalarına dəstək vermək qərarına gəlsə, regional sabitlik risk altında ola bilər”, - amerikalı analitik yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı