PDF Oxu

Siyasət

  • 2 974

Ekspert: Qərb Ermənistan vasitəsilə Qafqazı qarışdırmağa çalışır - MÜSAHİBƏ

image

Tanınmış rusiyalı politoloq, PolitRUS portalının rəhbəri Vitali Arkov “Moskva-Baku” portalına müsahibəsində İrəvanın Moskvaya qarşı müntəzəm qeyri-dost addımlarına və bəyanatlarına baxmayaraq, Kreml tərəfindən Ermənistana qarşı loyal ifadələrin səbəbləri və Qərbin Cənubi Qafqazı özünə uyğunlaşdırmaq cəhdlərinin məqsədi barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Vitali Aleksandroviç, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, bir sıra ölkələr hələ də Qarabağ ətrafında vəziyyəti sabitliyi pozmağa çalışır. Bu isə, Peskovun fikrincə, Azərbaycan tərəfinin rəsmi şəkildə bəyan etməsinə gətirib çıxarıb ki, bu ölkələr çətin ki, vasitəçi roluna iddia edə bilər, çünki onlar birtərəfli mövqe tutublar”. Peskov həmçinin qeyd edib ki, bu qüvvələrin maskaları açılıb və artıq mübarizə birbaşa üz-üzə, açıq şəkildə aparılır". Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Moskvanı bölgədən sıxışdırıb çıxarmaq cəhdlərindən xəbərdardır, lakin onun sözlərinə görə, Rusiya Federasiyası istisna olmaqla, heç kim Zaqafqaziyada sülh və sabitliyin təminatçısı rolunda oynamağa qadir deyil.

- Qərb qüvvələrinin Cənubi Qafqazdakı bugünkü davranışı bir daha nümayiş etdirdi, bir daha sübut etdi: Cənubi Qafqazda ən konstruktiv və effektiv vasitəçi kimi çıxış etməkdə davam edən Rusiyadır. Məhz Rusiyanın sayəsində 2020-ci ildə tarixi üçtərəfli bəyanat imzalandı. Cənubi Qafqazdakı vəziyyətdə Moskva ədalətin və balansın tərəfini tutur. Lakin Fransanın ardınca ABŞ və Aİ-nin digər ölkələri kimi “vicdanlı brokerlərin” maskalarını atdığı bir şəraitdə regionun bir sıra ölkələri Qərbin Zaqafqaziyada öz oyununu oynamaq cəhdləri ilə mübarizə aparırlar.

Doğrudan da, cənab Peskovun bəyanatından danışsaq, xatırlayırıq ki, rəsmi Bakı Avropa strukturlarının vaxtaşırı ona qarşı hücumları səbəbindən kifayət qədər uzun müddət təmkinli davranırdı. Lakin Vaşinqtonun son hücumları səbri daşırdan son damla oldu. Artıq Qarabağ tamamilə öz nəzarətinə qayıdandan sonra Azərbaycan bu hücumlara sərt cavab verə bilər.

Üstəlik, biz Qərb qüvvələrinin Cənubi Qafqazı qarışdırmaq, onu öz standartlarına və məqsədlərinə uyğun formalaşdırmaq üçün davamlı cəhdlərini görürük. Fransa Ermənistana hərbi texnika və silah verir. İlin əvvəlində Avropa İttifaqı özünün “monitorinq” adlı mülki missiyasını yerləşdirdi, Moskva və Bakı birbaşa olaraq bu missiyanın gizli məlumat toplama prosesini həyata keçirdiyini bildirir. Yəni, regionda sülhün bərqərar olması yox, qonşuları bir-birinə sıxışdırmaq, yeni sabitliyi pozmaq cəhdləri var.

Qərb Ermənistanı, Qarabağ ermənilərini müdafiə edən bəyanatlarla çıxış edir, Qarabağın erməni əhalisinin taleyindən ciddi narahat olduqlarını, özü də Ermənistan hakimiyyəti və maraqlı tərəflərin təhdidinə məruz qalaraq, süni şəkildə yaradılmış panikaya uyaraq regionu tərk etdiyini bildirir. Azərbaycan hakimiyyəti isə onlara geri qayıtmağı təklif edir. Amma Ermənistan rəhbərliyi buna imkan vermir.

Bu, dünya ictimaiyyətini aldatmaq layihəsidir: Azərbaycanın guya işğalçı, Ermənistanın isə guya zərərçəkmiş tərəf olduğunu göstərməkdir.

Əslində, obyektiv olaraq nə Paris, nə Vaşinqton, nə də Brüssel Qarabağ ermənilərinin taleyi ilə maraqlanmır. Qərbin Qafqazda öz maraqları var.

- Niyə indi biz Vaşinqton və Brüssel tərəfindən maskaların belə cırılmasını görürük?

- Fransa çoxdan maskasını cırıb. Vaşinqtondan danışsaq, səbəb Ukrayna ətrafındakı vəziyyətdəki uğursuzluqları və Rusiyanın təcrid olunması cəhdidir. Amma ABŞ-da seçkilər yaxınlaşır- Konqres və prezident seçkiləri. Bütün sorğularda demokratlar geriləyirlər. Bildiyiniz kimi, ABŞ-da böyük erməni icması var. Demokratlar isə bu gün guya ermənilərin qayğısına qalmaq istəyirlər. Amma bu, tamamilə yalandır və siyasi oyundur.

Üstəlik, Fələstin-İsrail münaqişəsinin qanlı eskalasiyasının Vaşinqtonun imici üçün necə bitəcəyi məlum deyil. Birləşmiş Ştatlar İsraili dəstəkləyir və indi bir çox ölkələr İsraili təcavüzkar kimi mövqeləndirirlər.

Ona görə də, ABŞ rəhbərliyi Cənubi Qafqazda nəsə edəcəklərinə ümid bəsləyirlər. Ancaq çətin ki, bu, onların istədikləri kimi tam nəticə versin. Bəli, məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Gürcüstanla, sonda istədikləri kimi olmadı. İndi orada Rusiyaya kifayət qədər loyal olan bir hökumət var. ABŞ rəhbərliyi Azərbaycana da təzyiq göstərir. Amma müqayisə üçün deyək ki, Azərbaycan bu gün Cənubi Qafqazın ən suveren və ən zəngin dövlətidir. Ona görə də bu, Qərb üçün dadlı bir loxmadır. Ermənistanla eyni ssenarini Azərbaycanla da təkrarlamaq istərdilər, amma bu, alınmayacaq. Əgər rəsmi Bakı həm Aİ, həm də ABŞ-la bağlı güzgü effektli sərt bəyanatlar verməyə başlayıbsa, bu, o deməkdir ki, hər şey ciddidir və Azərbaycan özünün təzyiq altına alınmasına imkan verməyəcək. Qərbdə isə Azərbaycanın suverenliyinə xələl gətirmək istəyirlər.

Buna görə də, yeganə həqiqi “elastik material” Ermənistandır. Fransa onu özünün yeni müstəmləkəsinə çevirməyə çalışır. Orada başqa avropalılar və amerikalılar da sahiblik edir. Ermənistan hələ də KTMT-də olsa da, hər şey bu strukturdan çıxacağına doğru gedir. Ən azından Ermənistan hakimiyyəti və onların xaricdəki ağaları buna can atırlar.

- Nikol Paşinyanın KTMT-dən potensial çıxışla bağlı getdikcə daha açıq bəyanatlar səsləndirdiyini görürük... Ermənistanın baş naziri ABŞ-la birgə təlimləri çox vacib adlandırıb. Nəyə görə Kreml İrəvandan Moskvaya qarşı qeyri-dost hücumların sayının artmasına baxmayaraq, bununla bağlı şərhlərində hələ də səbirli dildən istifadə edir?

- Qərbin Cənubi Qafqazla bağlı planları ilə bağlı artan “səmimiyyəti” ilə Paşinyanın da “səmimiyyəti” artır. O, Vaşinqton və Brüsseldən, yumşaq desək, əmrlər alır.

Ermənistan hakimiyyətinin Rusiyaya qarşı hücumlarının artmasına baxmayaraq, Kreml hələ də İrəvana ünvanlanan bəyanatların loyal, diplomatik ifadəsini saxlayır: bu yanaşma onunla izah olunur ki, Kreml bunu Ermənistanı müttəfiq dövlət kimi saxlamaq üçün edir; Beləliklə, Rusiya hakimiyyəti mahiyyətcə indiki Ermənistan hakimiyyətinə deyil, xalqa, ölkəyə müraciət edir. Münasibətlərdəki vəziyyətin real mənzərəsini son nəticədə Rusiya Xarici İşlər Nazirliyi səsləndirir.

Hazırda Paşinyanın etibar reytinqi kifayət qədər aşağıdır. Qərbə ideal olaraq Ermənistanda daha sərt, ölkəni Rusiyadan ayrılmağa daha sürətlə aparacaq lider lazımdır. Rusiyaya isə Ermənistanda təbii ki, Qərbin himayədarlıq etdiyi yox, Moskvaya sadiq, ölkəni KTMT-dən çıxarmayacaq, Rusiya Federasiyası ilə yaxşı münasibətdə olan şəxs lazımdır.

- Kreml bu yaxınlarda elan etdi ki, onlar Ermənistanın baş nazirinin MDB və Aİİ-nin dekabr sammitlərində iştirakına ümid edirlər...

- Paşinyan Avrasiya İqtisadi İttifaqına yox, KTMT-yə qarşı iddialar səsləndirdi. Ermənistan Aİİ üzvlüyündən böyük iqtisadi bonuslar alır, Ermənistandan Rusiyaya böyük yük axını gedir, erməni diasporu Rusiyadan Ermənistana böyük vəsaitlər göndərir. Bütün bunlar baş verməsə, Ermənistanda iqtisadi vəziyyət daha da pisləşəcək və o zaman Paşinyanın vəziyyəti yaxşı olmayacaq- əhali küçələrə axışacaq. Əslində, Ermənistan iqtisadi cəhətdən Rusiyadan hədsiz dərəcədə asılıdır. Baş nazir bunu çox gözəl başa düşür və iki kresloda- Rusiya və Qərbdə- oturmağa cəhd etməkdə davam edir. Ona görə də əminəm ki, Ermənistan hökumətinin başçısı son aylarda iştirakdan imtina etməsinə baxmayaraq, bu dəfə görüşlərdə iştirak edəcək. Gələn il Ermənistan Aİİ-yə sədrlik etməlidir. Amma Ermənistanın baş naziri yenidən iştirakdan imtina edərsə, bu, Qərb qüvvələrinin ona hansısa ciddi təhlükəsizlik şəbəkəsi, o cümlədən maliyyə təminatı verdiyini sübut edən siqnal olacaq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər