Siyasət

  • 1 184

Qürurla verilən vəd qətiyyətlə gercəkləşdirilir TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq"

“Mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsində bildirib. Bəli, bu gün dövlət başçımızın qürurla dediyi sözləri qətiyyətlə gerçəkləşir. Noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında Prezident İlham Əliyev deyib: «Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik». Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, - deyə Azərbaycan Prezidenti bildirib. Bəli, artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.

BU GÜN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR AZADDIR, QARABAĞ DİRÇƏLİR, ZƏNGƏZUR DİRÇƏLİR, QÜRURLA ÖZ DOĞMA TORPAQLARIMIZI QURURUQ, YARADIRIQ

Bəli, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.

Deyilənləri təsdiqləyən amil 2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırılmasıdır ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayırlması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir.

Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu barədə konkret şəkildə bildirmişdir: «Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir».

Prezident İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi. 2004-cü ildə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü idi. Proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Sonrakı illərdə proqrama əlavələr edildi və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbir həyata keçirildi.

Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub.

Bütün bu uğurların təmin olunmasında heç şübhəsiz, bu təbəqədən olan soydaşlarımızın kompleks həllini nəzərdə tutan və Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramı və ona edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır. Çünki əhalinin rifahının yüksəldilməsini, sosial vəziyyətinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biri də məhz verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və bu sahənin müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir.

DÜNYADA AZƏRBAYCAN QƏDƏR QAÇQINLARA DİQQƏT YETİRİLMİR

Bəli, bu reallıqdır. Bu reallığı bir anlığa beynəlxalq təşkilatların hesabatlarına diqqət yetirməklə aydın görmək olar. Rəsmi məlumata əsasən, hazırda dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Elə buna görədir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı özünün İcraiyyə Komitəsinə üzv seçib. İndi beynəlxalq təşkilatlar tərəfindən dinamik sosial-iqtisadi inkişaf yolunda davamlı uğurların müəllifi olan Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə hesab edilir. Bu isə Ulu Öndər Heydər Əliyevin siyasi, sosial-iqtisadi strategiyasını uğula həyata keçirən Prezident İlham Əliyevin sözügedən istiqamətdə tədbirləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsinin, doğma ocaqlarından didərgin salınan soydaşlarımızın bütün problemlərinin Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilməsinin bariz ifadəsidir.

Verilən sərəncam və fərmanlar, real nəticələr... Və indiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılması deyilənlərin təsdiqidir. Ən əsası isə, 2007-ci ildən etibarən Azərbaycanda çadır düşərgələrinin ləğvi prosesi başladı və bu proses çox uğurla başa çatdı. Qeyd etdiyimiz kimi, qaçqın və məcburi köçkünlər üçün həm paytaxtda, həm paytaxtyanı qəsəbələrdə, həm də rayon və kəndlərdə böyük qəsəbələr salınıb. Kürdəxanıda, Qaradağ rayonunda, Abşeronun Masazır, Mehdiabad, Sabunçunun Ramana qəsəbələrində müasir tipli binalar inşa olunub. İndiyə qədər azad edilən ərazilərimizdə qəsəbələr salınıb. Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb. Yüz əlli evlik Cocuq Mərcanlıda müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb.

Məcburi köçkünlərin sosial şəraiti ildən-ilə yaxşılaşır, üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşılır. Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar bir daha dövlətimizin onlara diqqətinin əyani ifadəsidir.

Prezident İlham Əliyev dəfələrlə "Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir" deyib.Artıq 20 ildir Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial siyasət bu sahədə inqilabi dəyişikliklərə səbəb olub. Xüsusilə, məcburi köçkünlərlə bağlı atdığı növbəti humanist addımında Prezident sosial dövlət prinsiplərinə üstünlük verdiyini və islahatlar prosesinin dönməzliyini göstərmiş oldu.

İNDİYƏDƏK 300 MİNƏ YAXIN QAÇQININ VƏ MƏCBURİ KÖÇKÜNÜN MƏNZİL ŞƏRAİTİ YAXŞILAŞDIRILIB

Göründüyü kimi, indiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına rəvac verib. Əlverişli sosial atmosferin yaradılması, bütün ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi bu gün məcburi köçkünlərin də davamlı, sabit gəlirləri üçün əsas yaradıb. Onların qarşılaşdıqları mənzil probleminin həllinə də dövlət ən yüksək səviyyədə daim böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki, təkcə keçən il 5 min 901 ailə və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Son 19 il ərzində qaçqın və məcbururi köçkünlər üçün ölkənin 30-dan çox şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Bunun da 3,3 milyon kvadrat metr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 15 ildə inşa edilib.

HEYDƏR ƏLİYEV FONDUNUN HƏYATA KEÇİRDİYİ HUMANİST XARAKTERLİ UĞURLU LAYİHƏLƏR

Məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından iştirak edir. "Qobu Park" köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi oldu. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Həmçinin, onu da qeyd etmək lazımdır ki, qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. 2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil, Qaradağ rayonu ərazisindəki «Qobu Park» yaşayış kompleksinin yanında 2-ci yaşayış kompleksində 1300, Dövlət Proqramının icrası üzrə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan rayonunda 146 ailəlik qəsəbə və yaşayış kompleksləridir.

BÜTÜN BU QURUCULUQ İŞLƏRİNİN TƏMƏLİNDƏ AZƏRBAYCAN XALQININ MARAQLARI DAYANIR

Sözsüz ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Azərbaycan Prezidenti çıxışlarında, müraciətlərində də daima bildirir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdi ki, ona etimad göstərilərsə, Heydər Əliyev siyasətinə sadiq qalacaq. Və Azərbaycan xalqı İlham Əliyeva səs verərək Ulu Öndərə olan məhəbbətlərini və inamlarını göstərdi. Artıq Prezident İlham Əliev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!

Bəli, qələbəmizdən 3 il keçməsinə baxmayaraq, dövlət başçımızın dediyi kimi: «Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək».

AZƏRBAYCANIN HEÇ BİR BEYNƏLXALQ MALİYYƏ QURUMUNDAN YARDIM ALMADAN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURU ÖZ İQTİSADİ QÜDRƏTİ HESABINA YENİDƏN QURUR

Hazırda möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir və Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur.

Bir sözlə, bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, tarixi torpaqlarımıza həyat qayıdır. İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Çünki hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", - söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Və bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş kəndlərimiz, şəhərlərimiz yenidən, qurulur, dirçəlir. Bütün işlər ardıcıl və sistemli şəkildə həyata keçirilir.

Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər