PDF Oxu

Siyasət

  • 958

Lokal antiterror tədbirləri dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu

image

2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal antiterror tədbirlərindən bizi 2 illik zaman ayırır. Bu tarix Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi oldu.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak oldu. Əhmədbəyli–Füzuli–Şuşa yolunda diversiya məqsədilə basdırılmış minaların partlaması, ordumuzun mövqelərinin atəşə tutulması Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdid idi. Bu hadisələrdən sonra ölkəmiz Konstitusiya quruluşunun bərpa edilməsi və terror təhlükəsinin aradan qaldırılması məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı.
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri peşəkarlıqla yerinə yetirdi. Ermənistan silahlı birləşmələrinin mövqeləri zərərsizləşdirildi, qanunsuz silahlı dəstələr tam tərksilah olundu. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək dövlətimizin tam nəzarəti altına alındı. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini bərpa etdi, Qarabağda separatizm birdəfəlik ləğv olundu.
Lokal antiterror əməliyyat nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində konstitusiya quruluşu və suverenliyi tam şəkildə bərpa edildi. 30 ilə yaxın separatçılıq siyasətinə son qoyuldu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu, yalnız hərbi uğur deyil, həm də regionda yeni siyasi reallıqlar yaradan, beynəlxalq hüququn prinsiplərinə əsaslanan ədalətli addım idi.
Bu hadisələrdən sonra ölkəmiz yalnız hərbi-siyasi yox, həm də reinteqrasiya və sülh proseslərində yeni mərhələyə qədəm qoydu. Ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti nəticəsində regionda sabitliyin bərpası, yeni inkişaf imkanlarının formalaşması üçün real zəmin yarandı.
Azərbaycan Ordusu bu əməliyyatı həyata keçirərkən beynəlxalq humanitar hüququn bütün normalarına riayət etdi. Əməliyyat başlamazdan əvvəl mülki şəxslərin qorunması məqsədilə əhalinin mobil SMS xidməti, səsgücləndiricilər və vərəqələr vasitəsilə xəbərdar edilməsi təşkil olundu. Qadınlara, uşaqlara, qocalara, xəstələrə və fiziki məhdudiyyətli şəxslərə tibbi və sosial dəstək göstərildi. İnzibati, təhsil, tibbi və dini obyektlərin təhlükəsizliyi təmin olundu. Bu, Azərbaycanın dünyaya nümayiş etdirdiyi humanizm nümunəsi idi.
Əslində, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Ermənistan silahlı qüvvələri Qarabağı çoxdan tərk etməli idi. Amma üç il ərzində bu öhdəliklər yerinə yetirilmədi. Əksinə, bölgəyə yüzlərlə tank, artilleriya qurğuları, radioelektron mübarizə vasitələri gətirildi. Ermənistanda istehsal olunan minlərlə mina Azərbaycan ərazilərinə daşınaraq basdırıldı. Separatçılar “prezident seçkiləri” keçirir, qondarma “parlament” adından bəyanatlar yayır, regionda qeyri-qanuni hakimiyyət qurmağa çalışırdılar.
Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq etdi, Ermənistanı və onun havadarlarını beynəlxalq öhdəliklərə əməl etməyə çağırdı. Lakin təxribatların ardı-arası kəsilmədi. Sonuncu mina partlayışları və hücumlar bardağı daşıran son damla oldu.
Antiterror tədbirləri nəticəsində erməni silahlı qüvvələri məğlub oldu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da atəşkəs razılaşması əldə edildi. Şərtlərə görə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni dəstələr silahı yerə qoydu və Azərbaycan ərazisini tərk etdi, bütün silah-sursat və texnika təhvil verildi. Proseslər Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirildi.
Cəmi bir gün ərzində separatçı rejim kapitulyasiya etdi. Sentyabrın 28-də qondarma rejimin rəhbəri Samvel Şahramanyan öz “fərmanı” ilə qanunsuz qurumun buraxıldığını elan etdi.
Bu əməliyyat Azərbaycanın ən parlaq Qələbələrindən biri oldu. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımız dalğalandı. Prezident, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də həmin şəhərlərdə Azərbaycan bayrağını şəxsən ucaltdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il 19 sentyabr tarixində imzaladığı sərəncamla bu günü “Dövlət Suverenliyi Günü” elan etdi. Bu tarixi qərar 30 illik işğalın, separatizmin və təxribatların son qoyulmasının, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının əbədi yaddaşda qalması üçündür.
19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı göstərdi ki, Azərbaycan dövlətinin səbrinin də həddi var. Beynəlxalq hüququn tələbləri pozularsa, ölkəmiz öz gücünə ədaləti bərpa etməyi bacarır.
Biz həm də göstərdik ki, humanizm və məsuliyyətli davranış prinsipini qoruyaraq da qətiyyətli qələbə qazanmaq mümkündür. Fəxrlə deyə bilərik ki, bu gün Qarabağda Azərbaycan bayrağının dalğalanması təkcə hərbi uğur deyil, həm də dövlətçilik tariximizin ən böyük siyasi qələbələrindən biridir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər