Siyasət

  • 2 335

Azərbaycandan dünyaya sülh mesajları TƏHLİL

image

Dünyanın müxtəlif dövətlərınin marağının Azərbaycana artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların üzvüdür. Müasir dünyada Azərbaycan artıq ən qlobal mahiyyət kəsb edən və dünyanın marağında olan mövzuların müzakirə olunduğu bir məkana çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin də diqqətindədir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Şərqi Zəngəzurda və Qarabağda görülən işlər Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinin necə sürətlə aparıldığının göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Bu gün artıq işğaldan azad olunan ərzilərimiz abadlıq-quruculuq meydanına çevrilib. İnfrastruktur layihələrlə yanaşı keçmiş məcburi köçkünlərin əzəli torpaqlara qayıdışı və məskunlaşması qarşıda duran vəzifələrdəndir. Artıq köç karvanları həmin ərazilərə yol alıb, yüzlərlə sakin öz torpağına qədəm basıbayaq açıb.

"BÖYÜK DƏRƏCƏDƏ DƏYİŞİKLİKLƏRİN TƏŞƏBBÜSKARI AZƏRBAYCANDIR"

Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradılıb. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır: "Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik."Beynəlxalq hüququn normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla Azərbaycan bütün dünya dövlətləri ilə mehribanlıq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərir. Hətta qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, regionda xalqların birgəyaşayış formulunun tapılması istiqamətində təşəbbüslərə liderlik edir.
Xatırladaq ki, üç il əvvəl noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Ancaq Ermənistan imzaladığı sənəddəki üzərinə götürdüyü öhdəliklərə əməl etmirdi. Belə ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Lakin Ermənistan təxminən Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Hələ bu azmış kimi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimiz minalanır, müxtəlif təxribatlar törədilirdi.

"BİR GÜNDƏN DƏ AZ SÜRƏN ANTİTERROR ƏMƏLİYYATI BİZƏ İMKAN VERDİ Kİ, SUVERENLİYİMİZİ BƏRPA EDƏK"

Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu bu il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib". Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı" – deyə Prezident çıxışında diqqətə çatdırıb.

"SÜLHLƏ BAĞLI ONU DEYƏ BİLƏRƏM Kİ, DÜŞÜNÜRƏM, BİZ SÜLH GƏTİRMİŞİK"

Tədbirdə Cənab Prezidentə ünvanlanan "Tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi. Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi? Siz bu istiqamətdə hansı addımları atırsınız? …Siz dəfələrlə Ermənistanla sülh müqaviləsinin bağlanmasının vacibliyindən danışmısınız. Ancaq artıq bir neçə ildir ki, bu məqsədə çatmaq mümkün deyil. Hesab edirsinizmi ki, bu sülh müqaviləsinin imzalanmasının ləngiməsində risklər var? Maneə yaratmaq istəyənlər fürsətdən istifadə edərək Ermənistan və Azərbaycanın faktiki razılığa gəlməsinin qarşısını almağa çalışacaqlarmı?" sualına ətraflı cavab verən dövlət başçımız müsahibələrinin birində vurğuladığı fikri diqqətə çəkərək bildirmişdir ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub: "Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik.Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu".
Dövlətimizin başçısı bildirib ki, sülh sazişi imzalamalıyıq. Bu, ədalətli sülh olmalıdır - hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan sülh. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur. "İki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “dağlıq qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur" – deyə Cənab Prezident qeyd edib: "İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrini belə azad etmək istəməməsindən sonra vacibdir. 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu sualı vermirdi. Onun müdafiə naziri 2019-cu ildə də Azərbaycanı işğalla hədələyən “yeni ərazilər uğrunda yeni müharibə olacaq” deyəndə bu, Koçaryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o idi. İndi o, “Qarabağ Azərbaycandır”- deyir".
Azərbaycan sülhsevər siyasətini bir daha mesaj olaraq dünya ictimiyyətinə çatdırmış oldu. Azərbaycan mövqeyi dəyişməzdir və bütün bu fikirlər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, diplomatik siyasətinin reallıqlarıdır.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər